ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan

 prezidentlərinin görüşü ilə bağlı press-reliz yaymışlar

 

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı press-reliz yaymışlar.  Press-relizdə deyilir:

"ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyası, Fransa, Amerika Birləşmiş Ştatları) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələlərinin müzakirəsini davam etdirmək üçün öz ölkələrinin xarici işlər nazirlərinin müşayiəti ilə Vyanaya gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı salamlamışlar.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak etmişdir. Bu, 2012-ci ilin yanvarında Soçidə keçirilmiş sammitdən sonra prezidentlərin ilk görüşü idi.

Prezidentlər təkbətək görüşdə, bunun ardınca isə həmsədrlər və nazirlərlə işgüzar məsləhətləşmələrin gedişində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çoxsaylı məsələləri müzakirə etmişlər.

Prezidentlər münaqişənin dinc yolla tənzimlənməsinə nail olmağa yönəlmiş növbəti danışıqlara təkan verməyə razılaşmış və öz xarici işlər nazirlərinə tapşırmışlar ki, əvvəllər görülmüş işlər əsasında sülh prosesinin intensivləşdirilməsi məqsədi ilə həmsədrlərlə birlikdə işi davam etdirsinlər. Onlar qarşıdakı aylarda yenidən görüşmək barədə razılığa gəlmişlər.

Həmsədrlər növbəti addım kimi ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 5-6-da Kiyevdə keçiriləcək iclası çərçivəsində nazirlərlə işgüzar görüşlər təşkil edəcəklər. Həmsədrlər cari ilin sonuna qədər regiona səfər etməyi planlaşdırırlar".

 

Azərbaycan.-2013.- 20 noyabr.- S.1.