ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistan prezidentlərinin

 Vyanadakı görüşü ilə bağlı bəyanat yaymışdır

 

Noyabrın 19-da ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın Vyana görüşü ilə bağlı bəyanat yaymışdır.

AzərTAc ATƏT-in rəsmi internet saytına istinadla xəbər verir ki, Leonid Kojara Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlamışdır.

O, inandığını bildirmişdir ki, Azərbaycanın və Ermənistanın yüksək səviyyədə dialoqu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə müsbət stimul verəcəkdir.

L.Kojara demişdir: "Biz inanırıq ki, bu cür danışıqlar sülh və sabitlik, eləcə də regional əməkdaşlıq üçün yeni imkanların açılmasına təminatdır. Ukrayna ATƏT-in sədri olaraq, Azərbaycanın və Ermənistanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə  nizamlanmasına yönəlmiş müntəzəm dialoqun qurulması istiqamətində səylərinə kömək etməyə hazırdır".

 

Azərbaycan.-2013.- 20 noyabr.- S.1.