İşğalçı Ermənistan Azərbaycana
vurduğu
ziyanın əvəzini
ödəməyə məhkumdur
Xanhüseyn KAZIMLI: «Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
Azərbaycanın məruz qaldığı itki
və tələfatlara görə təzminat almaq
hüququnu və həmin təzminatın
ümumi dəyərini təsdiqləyən
sənədlər hazırlanmışdır»
Hər bir müharibə insan tələfatı ilə bərabər, böyük həcmdə
iqtisadi ziyan, ekoloji fəlakət deməkdir. Dünyada böyük itki və tələfatlara məruz qalan ölkələrdən biri
də Azərbaycandır. Burada yalnız
Azərbaycanın 20 faiz
torpağının itkisindən, dinc
insanların qətlə yetirilməsindən, bir
milyondan artıq azərbaycanlının
qaçqın düşməsindən söhbət getmir. Faciənin miqyası və iqtisadi ziyanın nəticələri daha genişdir.
Son hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ziyanın miqdarı 300 milyard ABŞ dollarından artıqdır. Ancaq ermənilər Dağlıq Qarabağdakı sərvətlərimizi talamaqda bu gün də davam edir və hər gün Azərbaycana milyonlarla əlavə ziyan dəyir. Bu faktları beynəlxalq qurumlar qarşısında qoymaq üçün isə beynəlxalq ekspertlərin müsbət rəy verdiyi təsdiqlənmiş sənədlər olmalıdır. Bu istiqamətdə olduqca cəsarətli addımlar atılır, yəqin ki, beynəlxalq məhkəmələr qərar qəbul edərək dəymiş ziyanın ödənilməsi ilə bağlı Ermənistanı çətin duruma salacaqdır. Artıq Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq ölkəmizə vurulan zərər və mənəvi itkilər təsnifatı üzrə hesablanır.
Nazirlər Kabinetinin imzaladığı ¹281s saylı sərəncama əsasən yaradılan işçi qrupu bu məsələ ilə bağlı ciddi işlər görür. Aparılan tədqiqatlar, əldə olunan sənədlər və digər məsələlərlə bağlı məlumat almaq üçün Avropa Qiymətləndiricilər Birlikləri Asossiasiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlıya müraciət etdik. Azərbaycan Prezidentinin göstırişi ilə 2011-ci ildən etibarən 35 nəfər könüllü mütəxəssislərlə bu problemlə məşğul olan X.Kazımlı sözügedən məsələ ilə bağlı yaradılan işçi qrupunun fəaliyyəti barədə məlumat verdi.
- Xanhüseyn müəllim, bu istiqamətdə fəaliyyətə nə zaman başlamısınız və əsas məqsəd nədən ibarətdir?
- Mən uzun müddətdir ki, Avropa Qiymətləndiricilər Birlikləri Asossiasiyası İdarə Heyətinin və Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüyəm. Üzvü olduğum beynəlxalq qurumun bütün toplantılarında iştirak edirəm və hər dəfə çıxış edərək dünyada münaqişələrin sayının artdığını, bu münaqişələrdən yaranan fəlakətlərin acı nəticələri barədə məlumat verirəm. Münaqişələr artdıqca ona mütənasib olaraq bəşəriyyətə dəyən zərərin kəmiyyəti də çoxalır. Çünki insanlar maddi nemətlər istehsalından uzaqlaşıb kimlərinsə silah-sursutlarını alaraq bir-birinə qarşı istifadə etməklə fəlakətlər törədirlər. 29 il öncə dünyanın 7 nöqtəsində münaqişə var idisə, hazırda 63 nöqtədə münaqişələr davam edir. Deməli, münaqişələrin sayı 10 dəfə çoxalmışdır. Bu isə o deməkdir ki, dünya birliyi münaqişələrin qarşısının alınması ilə bağlı sanksiyalar müəyyən etməlidir. Bu da əsasən ən azı, günahkar tərəfindən qarşı tərəfə vurulan itki və tələfatların dəyərinin ödənilməsindən ibarət olmalıdır. Yaxşı olardı ki, bu, beynəlxalq şəkildə hüquqi qiymət alan və təsdiqlənən bir qayda kimi tətbiq edilsin.
Hazırda dünyada mövcud olan qlobal iqtisadi maliyyə böhranı məhz bu cür münaqişələrin baş verməsindən qaynaqlanır. Bu böhran uzun müddətdir ki, davam etməkdədir. Düzdür, böhran Azərbaycandan yan keçsə də, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən hərtərəfli ziyanın dəyəri həddən artıq çoxdur. Amma buna baxmayaraq dünyada baş verən qlobal maliyyə və iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan yeni-yeni uğurlar qazanan, vətəndaşlarının rifahı getdikcə daha da yaxşılaşan, siyasətində ədalətli tərəfdaşlıq nümayiş etdirən ölkələrdən birinə çevrilib. Bütün bu uğurlar Azərbaycanın 80 faiz potensialı ilə əldə edilib. Çünki 21 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkünün sosial-iqtisadi problemləri, habelə 1988-ci ildən indiyədək müharibə şəraitində yaşamağın ağırlıqları da bu ölkənin çiyinlərindədir. Təkcə bunu göstərmək kifayətdir ki, 1987-ci ildən 1994-cü ilədək Azərbaycan 373 terrora məruz qalıb. Məhz buna görə də Azərbaycan hökuməti Ermənistan tərəfindən ölkəmizə vurulan hər cür ziyanın ümumi dəyərinin hesablanması və ödənilməsilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir. Bu istiqamətdə müvafiq işlər görülmüş və başa çatmaqdadır.
- Bu məsələ ilə bağlı ciddi faktlar toplanılmalı və aidiyyəti qurumlara təqdim edilməlidir. Eyni zamanda, beynəlxalq ekspertlər tərəfindən həmin faktlara rəy verilməlidir. İşçi qrupu bu istiqamətdə hansı işləri görüb?
- Hazırda indiyə qədər çalışan 35 nəfər könüllü mütəxəssisdən 15 nəfəri rəsmi olaraq Nazirlər Kabinetinin imzaladığı yuxarıda qeyd olunan sərəncama uyğun olaraq fəaliyyət göstərmək hüququ qazanmışdır. Onu da qeyd edim ki, bu işdə bizə Prezident Administrasiyası, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, bir sıra nazirlik və komitələr yaxından kömək edirlər. Məqsəd dəymiş ziyanın beynəlxalq qurumların iştirakı ilə hesablanması və beynəlxalq standartlara uyğun sənədin hazırlanmasıdır. Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlanılması Ermənistan üçün ciddi ismarıcdır. Əgər Ermənistan tərəfi bundan xəbərdardırsa, artıq nəticə çıxarmalıdır. Bu ziyanın məbləği 15-16 il əvvəl 110-120 milyard ABŞ dolları təşkil edirdisə, hazırda bu məbləğ 5 dəfəyə qədər çoxalmışdır. Azərbaycanın 560 kilometr sərhədi nəzarətsizdir. Bu ərazi nəinki Azərbaycanın, hətta BMT-nin də nəzarətindən kənardadır. Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə terrorçu qrupların hazırlanmasının həyəcanını yaşayır. Ölkəmiz dəfələrlə bu məsələyə dair faktları beynəlxalq qurumlara təqdim etmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından narkotik maddələrin dövriyyəsi məqsədi ilə istifadə edir. Hazırda işğal edilmiş ərazilərdən narkotik vasitələrin Avropaya və Asiya ölkələrinə daşınması üçün həm tranzit, həm də istehsal məqsədi ilə istifadə edilir.
Ölkəmizə dəyən ziyanın məbləğini hesablayarkən bütün faktorlar nəzərə alınır. Baxın, əgər müharibə bitərsə, Dağlıq Qarabağın aqrar infrastrukturunu bərpa etmək üçün sosial infrastrukturdan da çox vəsait tələb olunacaq və bunun üçün uzun müddət çalışmaq lazım gələcək. Orada yaşıllıqlar məhv olub, illərdir becərilməyən torpaqda deqredasiya baş verib. Azərbaycan özünün müdafiə qabiliyyətini gücləndirmək, Silahlı Qüvvələrini saxlamaq üçün kifayət qədər böyük vəsait ayırmalı olur ki, bu da ölkəmizə dəyən zərərlər sırasındadır. Biz özümüzü dünyanın heç bir ölkəsindən deyil, yalnız Ermənistanın riyakar qonşuluq siyasətindən müdafiə etməyə məhkumuq. Qarabağda meşə və su ehtiyatlarının, metal və qeyri-metal yataqlarının talanması prosesi bu günədək davam edir ki, nəticədə ölkəmizin büdcəsinə milyardlarla əlavə zərər vurulur. Söhbət sahələrin səmərəli əlaqələndirilməsindən gedir. Kənd təsərrüfatı və sənaye sahələrinin, eləcə də onların daxili bölmələrinin bir-biri ilə düzgün əlaqələndirilməsi ölkə iqtisadiyyatı üçün böyük gəlir gətirə bilərdi.
Məlumdur ki, SSRİ hakimiyyəti dövründə Azərbaycan ərazilərində tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işləri səthi aparıldığından, Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində xeyli sayda tarix və mədəniyyət abidələri dövlət qeydiyyatından kənarda qalmışdır. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və işğal dövrü ermənilər tərəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Lakin Ermənistanın özü tərəfindən aparılan bu siyahıyaalma zamanı məlum olur ki, onlar işğal altında saxladıqları ərazilərdə islam dini üzrə abidələri qeydiyyata almayıblar. Ekspertlər bundan belə bir nəticəyə gəlirlər ki, işğal ərazilərinə dini abidələri də Ermənistan tərəfindən müəyyən olunan tarixi abidələrin üzərinə əlavə etsək, işğal altındakı ərazilərdə olan tarixi abidələrimizin sayı 5000 ədəddən də artıqdır. Bu faktı Ermənistan tərəfindən əks etdirilən mənbələr də bir daha sübut edir. Bütün bunların dəyərinin hesablanması Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq və həm də müvafiq sertifikatı olan beynəlxalq ekspertlərin iştirakı ilə aparılmaqdadır.
Onu da qeyd edim ki, təkcə 2013-cü ilin mart ayının 18-də Naxçıvan Muxtar Respublikasından itki və tələfatla bağlı işçi qrupuna 5976 təsdiqlənmiş sənəd daxil olmuşdur. Hesablamalar davam edir. Beynəlxalq ekspertlərdən rəy alınarsa, Azərbaycanın bununla bağlı hazırladığı sənədlər hüquqi qiymət ala bilər. Ona görə də ciddi iş görülməli və Ermənistandan təzminat tələb edilməlidir.
- Əgər işçi qrupunun topladığı sənədlər beynəlxalq ekspertlər tərəfindən müsbət rəy alarsa və Ermənistana qarşı sanksiya tətbiq edilərsə, işğalçı ölkə təzminatı hansı formada ödəyə bilər?
- Birinci
növbədə, bütün dəyən
ziyan dəqiqliyi ilə
hesablanmalıdır. Sonra Ermənistan tərəfindən
həmin təzminatın təsnifatı ilə ödənilməsi
tələb edilməlidir. Təzminatın da ayrı-ayrı növləri (kompensasiya, reabilitasiya, satisfakasiya, restitusiya) var. İşğalçı
ölkə vurduğu
ziyanın dəyərini
birbaşa ödəməyə
də bilər. Ziyanın əvəzinə
başqa məhsullar verə bilər. Müqavilə ilə möhlət
istəyə bilər.
Ancaq bir məsələ də var ki,
bu vaxt nə
qədər uzanmalıdır?
Biz bilirik ki,
ildən-ilə dəyən
ziyanın məbləği
artır. Ona görə
də dəyən ziyan üzrə beynəlxalq ekspertlərlə
birlikdə hər hansı əmsal müəyyən ediləcəkdir.
Nə qədər Ermənistan münaqişəni
davam etdirəcəksə,
həmin əmsal ümumi yekuna əlavə ediləcəkdir.
Biz yenidən müharibə olmasını istəmirik. Ancaq dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizim də səbrimiz tükənə bilər. Azərbaycanın Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Azərbaycan işgüzar əməkdaşlığa "hə", münaqişəyə, müharibəyə və terrora "yox" deyir. Biz ekspertlərlə apardığımız danışıqlarda və simpozumlarda da bu məsələ ətrafında fikir mübadiləsi aparırıq. Gec-tez Ermənistan Azərbaycana vurduğu ziyanın əvəzini ödəməyə məhkumdur.
Müsahibəni
apardı:
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 20 noyabr.- S.3.