Günəş ləkə götürməz

 

Hələ bir neçə ay bundan əvvəl akademik Ramiz Mehdiyevin zəngin tarixi faktları ehtiva edən dərin məzmunlu əsərini - "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" oxuyanda, ağlıma belə bir fikir gəldi ki, keçmişimizin üç nəhəng siması - Sara xatun, Uzun Həsən və Şah İsmayıl Xətai haqqında trilogiya yazım və bu məqsədlə XIV- XV əsrlərə aid arxiv sənədlərini topladım. Məşhur türk tarixçisi Faruk Sümərin Sara Xatun, Uzun Həsən, eləcə də Sultan Mehmet Fateh haqqındakı yazılarını (təsəvvür edirsinizmi, Sultan Mehmet Fateh Sara xatuna "ana" deyə müraciət edirmiş), Fərman Kərimzadənin "Çaldıran döyüşü", Əzizə Cəfərzadənin "Bakı 1501-ci il", Əlisa Nicatın "Qızılbaşlar" romanını bir də oxudum, müəyyən qeydlər apardım ki, yazı zamanı bəhrələnə bilim.

Bu silsilədə tarixi mənbə axtarışımı davam etdirərkən, Azərbaycan türkcəsinə uyğunlaşdırılmış və "Qanun" nəşriyyatında çap olunmuş Reha Çamuroğluna məxsus "İsmayıl" romanını görəndə həm sevindim, həm də təəccübləndim. Sevindim ona görə ki, bu kitabda Şah İsmayıl Xətai ilə bağlı heç kimə bəlli olmayan faktlar olacağına ümid etdim, təəccübləndim ona görə ki, müəllif Azərbaycan dövlətçiliyinin əsasını qoyan, Karl Marksın təbiri ilə desək, on dörd ildə on dörd ölkə fəth edən nəhəng bir tarixi səxsiyyəti qanuni titulundan məhrum etmişdir! Reha Çamuroğlu bəlkə də dünyada yeganə insandır ki, Şah İsmayıl Xətainin adını çılınçılpaq - şahsız, Xətaisiz, Səfəvisiz yazıb. Təsəvvür edin ki, kimsə Sultan Mehmet Fatehin adını Sultansız, Fatehsiz, sadəcə Mehmet yazır...

Mən ziyalı mövqeyimi, vətəndaş münasibətimi əks etdirən bu məqaləni həm də "İsmayıl" romanının müəllifinə müraciət kimi yazıram. Əsərinizi oxumağa başladım - səhifələri çevirdikcə, sevincim də, təəccübüm də əriyib yox oldu. Məramınız məni dəhşətə gətirdi - hər cümlənizdə Şah İsmayıl Xətaini qəddar, yırtıcı, üstündən daim qan iyi gələn cani adlandırırsınız. Axı, o, qüdrətli dövlət başçısı, qılıncı şimşək qədər kəskin bir sərkərdə olmaqla yanaşı, həm də Yunis İmrə, Pir Sultan Abdal kimi incə qəlbə malik bir şairdir və fars ruhunun hakim olduğu bir vaxtda doğma Azərbaycan dilində sadə, məzmunlu şeirlər yazıb və Azərbaycan türkcəsini dövlət dili elan edib! Amma siz onu necə təqdim edirsiniz: "...qapı sürətlə açıldı - Aləmşah bəyimin (Şah İsmayıl Xətainin anasının - H.M) qəzəbdən bənövşəyi rəngə çalan üzü göründü. Sürətlə içəri girdi, İsmayıla tərəf getdi və hamının çaşqın baxışları altında onun yaxasından yapışaraq bağırdı:

 

- Bu cinayətləri nə vaxt dayandıracaqsan? Qatil!

 

Heç kim yerindən tərpənmədi. İsmayılın üzü ağappaq olmuşdu, əlləri əsirdi, dişləri bir-birinə dəyirdi:

 

- Anamız əmrimizə qarşı çıxır?!

 

Aləmşah bəyim:

 

- Sən də batasan, əmrlərin də, - dedi - görmürsən, günahsız adamlar öldürülür?

 

İsmayıl bu dəfə daha soyuq bir tərzdə soruşdu:

 

- Aləmşah bəyim bizim Allaha cavab verə bilib-bilməyəcəyimizdən, yoxsa Ağqoyunlu qohumlarımızın ölümündən qorxur?

 

 Bu sual Aləmşah bəyimi daha da hövsələdən çıxartdı:

 

- İki dünyada da əllərin yaxanda olacaq, İsmayıl. Nə qədər süd vermişəmsə, haramın olsun, - dedi və sürətlə çıxıb getdi.

 

Ortalığa uzun bir sükut çökdü. Axırda İsmayıl Əmir Zəkəriyyəyə sarı döndü və dedi:

 

- Yaz, Zəkəriyyə, amma gözəl bir xətlə yaz. Ömrün boyu bir daha belə şey yazmayacaqsan. Yaz! Səfəvi şahı İsmayılın buyruğudur. Vəfat etmiş Ağqoyunlu sultanı Uzun Həsənin qızı Aləmşah bəyim 1501-ci il sentyabr ayının on yeddisində səhər çağı Təbrizdə edam ediləcəkdir.

 

Sonra hüzurundakıları otaqdan qovdu.

 

Dədəbəy sübh tezdən İsmayılın otağına girdi.

 

İsmayıl soruşdu:

 

- Oldumu?

 

Dədəbəy məna ifadə etməyən gözləri ilə bir müddət İsmayılın üzünə baxdı.

 

İsmayıl əsəbiləşdi:

 

- Çıx bayıra, - dedi.

 

Dədəbəy bayıra çıxdı. Nəcm cəsarətini toplayıb içəri girdi. İsmayıl taxtda əyləşmişdi. Eyni sualı ona da verdi:

 

- Oldumu?

 

Nəcm dedi:

 

- Xeyr, olmadı və olana da bənzəmir.

 

- Yəni, mənim buyuruğuma qarşı çıxırlar?

 

- Bəli, İsmayıl, sənin buyuruğuna qarşı çıxırlar.

 

- Nəcm, sənin də başın bədəninə ağırlıq eləyir, yaxşısı budur çıx bayıra, Məhəmməd bəy gəlsin.

 

Məhəmməd bəy içəri girəndə baş əydi və:

 

 - Əmrin yerinə yetirilməyib, - dedi.

 

 - Sən dəmi, Məhəmməd bəy?

 

 - Mən də, şahım.

 

 İsmayıl bağırdı:

 

- Çıx bayıra, çıx, gözüm görməsin səni.

 

Elə bu zaman indiyə qədər harda dincəldiyi məlum olmayan, bəzəkli Baş vəzir qiyafəsini geyinmiş Əmir Zəkəriyyə qapının ağzında peyda oldu. Onun böyük təcrübəsi vardı. Bildirdi ki, qərar qəbul edildikdən sonra onu dəyişdirməyə çalışanlar odla oynayırlar və bu onların oyunu bilmədiklərini göstərir.

 

İsmayıl üç pərişan adamdan sonra hüzuruna gələn Baş vəzirə baxdı:

 

- Nədi, Zəkəriyyə?

 

 - Şahım, hüzurunuza çıxmadan əvvəl araşdırdım, gördüm ki, Səfəvilər arasında kimsə bu əmri yerinə yetirməyəcəkdir. Ağqoyunlular xanədandan olan adamların edamı üçün şəhər camaatından olan kasıb adamlardan cəllad tapır, ona çoxlu pul verib, işlərini gördürürlər. İzn verilərsə... mən adam tapmışam...

 

İsmayıl:

 

- Sağ ol, Zəkəriyyə, - dedi, - cəlladlara de ki, onları qızılla boğacağam...

 

Zəkəriyyə bir kölgə kimi otaqdan çıxıb getdi və iki saat keçdikdən sonra qayıdıb gəldi.

 

İsmayıl:

 

- Oldumu, Zəkəriyyə? - deyə soruşdu.

 

Baş vəzir çox sakit bir əda ilə dedi:

- Oldu, şahım. Buyuruğunuz iki saat yarım bundan öncə işini bilən üç cəllad tərəfindən yerinə yetirildi..."

 Siz heç bir tarixi mənbədə öz əksini tapmayan bu uydurma qətlin əsas səbəbini İsmayılın taxta çıxdığı ilk gündə anasının ona təzim etməməsində və sünni olmasında görürsünüz: "Anası Səfəvidən daha çox Ağqoyunlu idi, mürşid arvadından daha çox xanım sultandı. Ağqoyunlu əsgərləri ilə qorunurdu, ona hələ də saraylardan hədiyyələr göndərilirdi. Ağqoyunlu sultanı olmağın başqa bir mənası da var idi. Bu məna sünni olmaqdı.

Ərdəbildə anasının ətrafında olanların çoxu sünni idi. Babası Uzun Həsən də sünni idi.

İsmayıl artıq bəzi şeylər öyrənmişdi. Öyrənmişdi ki, tənburun bir telindən ahəngsiz səs gəlirsə, öncə həmin tel, sonra digər tellər, sonra tənburun qundağı, sonra gövdəsi, daha sonra isə gövdəsinin hazırlandığı ağac nəzərdən keçirilməlidir".

Əslində, bu, Reha Çamuroğlunun görmək istədiyi Şah İsmayıl Xətaidir, əsl Şah İsmayıl Xətai isə aydın məramı olan, vətənini, xalqını sevən, dininə sadiq qalan, Həzrəti-Məhəmmədin "Cənnət anaların ayaqlarının altındadır" kəlamına önəm verən, tapınan, sarayında kitabxana yaradan mütərəqqi ictimai xadim və hökmdardır! Müəllif bu ölüm səhnəsini uydurmaqla Sara xatunun, Uzun Həsənin, elə Şah İsmayıl Xətainin də ruhunu təhqir etmiş oldu!

Heyrətamiz şəxsiyyət Şah İsmayıl Xətainin həyat tarixçəsinin parlaq səhifələri, xalqına və dövlətinə, doğma dilinə sonsuz məhəbbəti, misilsiz sərkərdəlik şücaətləri sözün əsl mənasında, hər bir azərbaycanlı üçün qürur və şərəf qaynağıdır. Bu böyük fateh ərazisi 2 milyon 800 min kvadrat kilometr olan əzəmətli və müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu kimi tariximizin ən şanlı səhifələrini yazmışdır. Bu gün Azərbaycan öz həqiqi tarixinə qovuşduğu, cəsur övladlarının adlarını əbədiləşdirdiyi, irslərini gələcək nəsillərə tanıtmağa başladığı bir vaxtda içinə məzhəb ədavəti hopmuş qondarma cızmaqaraçılar ağızlarına gələni yazırlar. Təbii ki, belə bir məqamda özümüzü qorumalıyıq. Amma kimdən? Qardaşdan? Heç bir ölkənin şair və yazıçısı, tarixçisi, hətta dövlət xadimi bizim mənliyimizə toxunacaq söz demək haqqına sahib deyil!

Maraqlıdır, akademik Ramiz Mehdiyev qeyd edir ki, yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də, XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər. Lakin bu "dəlillər" onun böyük irsi qarşısında çox sönükdür.

Bu sözləri eynilə "İsmayıl" romanına da aid etmək olar. Reha Çamuroğlu Şah İsmayıl Xətainin həyatı, hərbi-siyasi fəaliyyəti ilə dünya alimlərinin - J.Oblenin, F.Romanovun, Y.Şokinin, V.Ninorskinin, K.Laskarinin, İ.Petruşevskinin, A.Balkitskinin və başqalarının fikirlərinə zərrə qədər də istinad etməmiş, əksinə, öz zərərli uydurmalarını oxuculara sırımağa çalışmışdır.

Reha Çamuroğlu Şah İsmayıl Xətaini dini görüşünə görə ittiham edir və az qala, açıq-aşkar iddia edir ki, onun bütün qüsurlu cəhətləri məhz şiəlik siyasətiylə bağlıdır. Ondan, eləcə də Şah İsmayıl Xətaini şiəliyi yaymaqda qınayan, bunu onun yeganə marağı olduğunu və buna görə sünniləri qırdığını deyənlərdən soruşmaq istərdik: Əgər, Sultan Səlim Yavuzun niyyəti Osmanlı imperiyasının sərhədlərini genişləndirmək deyildisə, məqsədi "kafir şiələrə qarşı savaş idisə", o zaman niyə əhalisi onunla eyni məzhəbdən - sünni olan Misirə 1516-cı ildə yürüş edib, məmlüklər dövlətini süquta uğratdı? Məgər, Sultan Səlim Yavuz islamdan ilhaqçılıq siyasətini həyata keçirmək üçün istifadə etmirdimi? Türk tarixçisi V.M.Kocatürk yazır ki, Sultan Səlim hakimiyyəti ələ almamışdan əvvəl yeniçərilərə deyirdi: "Əgər mən sultan olsam, Ərəbistanı çərkəzlərdən, Əcəm elinin şəhərlərini isə qızılbaşlardan mütləq təmizləyəcəyəm". Buradan aydın görünmürmü ki, din və məzhəb fatehlərin əlində həmişə siyasi və hərbi məqsədlərinə çatmaq üçün bir vasitə olmuşdur? Ən məqbul variant bu idi: şiələr çox və güclü olduğu yerdə şiələrin, sünnilər çox və güclü olduğu yerdə sünnilərin tərəfində dayan! Buna görə də, elə bilirəm ki, məzhəbinə görə Şah İsmayıl Xətaini günahlandırmaq, onun boynuna dini məsuliyyət qoymaq cahillikdir!

Bu bədnam romanı oxuyandan sonra akademik Ramiz Mehdiyevin dahilərə məxsus hissiyyatla, uzaqgörənliklə yazdığı fikirlərlə bir daha razılaşdım. O bizi səfərbər edir ki, ayıq olaq: Şah İsmayıl Səfəviyə olan hücum, əslində, məmləkətimizə olan hücumdur. Hörmətli akademik haqlı olaraq bildirir ki, bu sahədə böyük boşluq var və elə bunu bilərək bədxahlarımız öz sərsəm, cəfəng fərziyyələrini bizə sırımağa çalışırlar.

Reha Çamuroğlunun Şah İsmayıl Xətai haqqında yazdığı cəfəng fərziyyələr, şəratmalar, qarayaxmalar, gözdənsalmalar, kinayə və təhqir dolu ibarələr inanıram ki, geniş oxucu kütləsi arasında xoş qarşılanmayıb. Məni narahat edən başqa məsələdir: Romanda Şah İsmayıl Xətaidən istifadə etməklə məzhəb ayrılıqları, sünni-şiə məsələləri süni şəkildə qabardılır. Bax, burda mən deyirəm ki, qan iyi Şah İsmayıl Xətainin üstündən yox, məhz bu yazıdan gəlir... Məgər, Misirdə, İraqda, Suriyada, yəni, müsəlman ölkələrində alovlandıqca alovlanan, sönmək bilməyən, hər gün yüzlərlə din qardaşımızın ölümünə səbəb olan məzhəb çatışmaları bu müəllifi narahat etmir? Əgər desə ki, narahat edir, inanmayacağam. Romanın bir yerində Əmir Zəkəriyyə deyib: "Şeyxim, Azərbaycan əlinizə keçmək üzrədir, Allahın izni ilə Ağqoyunlular artıq bizə əngəl ola bilməyəcəklər. Amma bu ölkə xalqının çoxu sünnidir, belə olduqda isə qılıncımız altında sussalar da, bizə qoşulmazlar və ordumuz böyüməz. Bu barədə həyata keçiriləcək tədbirlər dini tədbirlər olmalıdır".

Və yaxud başqa bir yerdə oxuyuruq: "Şəhər (Təbriz nəzərdə tutulur - H.M) əhalisinin əksəriyyəti hələ də sünni idi. Təbii ki, bunu açıq söyləmirdilər. Onlar hər səhər şahın şəhərə çıxmağını gözləyən, bir kisə pula görə məzhəbini dəyişənlərə nifrət edirdilər. Üsyankarlıqları bilinməsin deyə, məcburi məscidə gəlir, qaba türkmanların arasında, Qumdan və ya başqa yerdən gəlmiş şiə imamının arxasında oturub namaz qılırlar. Onları ümüdsizləşdirən gündən-günə saylarının azalması idi. Məzhəb dəyişmələri, əsasən, şəhərin orta təbəqəsi, tacir və sənətkarlara xas hal idi. Şəhərin varlıları lap əvvəldən məzhəblərini dəyişmişdilər. Böyük sərvətləri "əyri məzhəblə" qorumaq mümkün deyildi. Hökmdarlar adi adamların məzhəbinə çox böyük əhəmiyyət verməsələr də, varlı adamların nəyə inandıqlarına və nə düşündüklərinə həmişə ciddi yanaşırdılar. Sıravi bir sünni fikirli olduğundan və ya vərdiş etdiyindən sünniliyini təzahür etdirirdisə, bunu əhəmiyyətsiz bir xəta hesab edərdilər, amma eyni şeyi varlı və nüfuzlu bir sünni edərdisə, bu, təhlükəli bir üsyankarlıq kimi qəbul edilərdi.

Təbrizin yoxsul sünni camaatı isə bir-birinə tamamilə zidd şəkildə hərəkət edirdi. Bunlardan birincisi açıq üsyan idi. Şəhərin İsmayıl tərəfindən alındığı ilk gündən bəri bu və ya digər şəkildə belə hərəkətlər olurdu. Ustaclı Məhəmməd bəyin əlilə bunların (üsyançıların - H.M) sayları hər gün sürətlə azalırdı. Buna baxmayaraq, onlar hər gün məscidlərə gedir, məzhəblərini açıqdan-açığa müdafiə edir, şiə imamları ilə mübahisəyə girişir, onları təhqir edir və sonra da "Vay! Vay!", "Ay yazıq" sədaları altında edam olunmağa gedirdilər. Yoxsul camaatın digər hissəsi isə çox haylı-küylü bir şəkildə məzhəblərini dəyişirdilər. Bu şəkildə məzhəb dəyişdirənlər köhnə məzhəbdaşlarından gizli, utana-utana məscidlərə getməklə kifayətlənmirdilər. Utanmadıqlarını, yeni məzhəblərində əvvəlki qədər səmimi olduqlarını göstərmək üçün qırmızı başlıqlar geyir, köhnə məzhəbdaşları barədə xəbərçilik edir, qısa bir müddət ərzində yeni məzhəblərinin ən qızğın tərəfdarlarına çevrilirdilər".

Kifayət qədər tanınmış adlı-sanlı bir tarixi şəxsiyyət haqqında yazılmış bir əsərdə məzhəb ayrılıqlarına, özü də böhtan dolu qərəzli dedi-qoduya bu qədər yer ayırmağa lüzum vardımı? Bismark, Napaleon, Corc Vaşinqton, I Pyotr haqqında yazılmış romanlarda məzhəb məsələsinə heç toxunulurmu? Əlbəttə, yox!

Biz azəbaycanlılar sünni və şiə sözlərini leksikonumuzdan çıxartmışıq. Mən, hətta, lüğət kitabında tire ilə yazılan sünni-şiə sözünü tapa bilmədim, görünür hörmətli alimlərimiz o sözün heç lüğət kitabına düşməsini də lazım bilməyiblər. Amma bir məsələyə də çaşıb qalıram: necə olub ki, sünni-şiə qarşıdurmasına bu qədər rəvac verildiyi, Şah İsmayıl Xətainin təhqir olunduğu bir əsəri Arif Əmrahoğlu və Paşa Əlioğlu kimi ziyalılarımız tərcümə ediblər? Yaxud "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu nə çap etdiyini bilibmi?

Əvvəldən sonadək böhtanın, qərəzin, mənəviyyatsızlığın daşıyıcısı olan, Azərbaycan tarixinin ən şərəfli səhifələrini təhrif və təhqir edən bu şər cızma-qarasını öz dilimizdə yenidən tirajlamaq nəyə lazım idi? Yaxud bu, hansı gözəgörünməz fitnəyə, mənfur niyyətə xidmət edir?

Mənə elə gəlir ki, Şah İsmayıl Xətai qüdrətli hökmdar və sərkərdə olmaqla yanaşı, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi, Arif Əmrahoğlunun bu gün katibi olduğu Azərbaycan Yazıçılar Birliyinin ali fəxri üzvüdür. Paşa Əlioğlunun atası - görkəmli şairimiz Əli Kərim məhz Şah İsmayıl Xətainin varlığını və saflığını qoruyub saxladığı dildə öz gözəl şeirlərini yazıb. Şahbaz Xuduoğluna isə Xəlil Yusiflinin bu sözlərini xatırlatmaq istədik: "Şah İsmayıl Xətainin apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzusundan irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə böyük işlər görmüşdür ".

Elə bilirəm ki, bu gün Azərbaycanda bir adamın digərinə "Sən sünnisən, yoxsa şiə?" - sualını verməsi böyük qəbahət sayılır. Çünki biz Həsənbəy Zərdabi, Mirzə Fətəli Axundov kimi mütəfəkkirlərdən, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi sənətkarlardan dərs almışıq - yolumuzu azmarıq!

Tarixi mövzuda əsər yazmaq son dərəcə məsuliyyətli işdir. Burada şəxsi duyğuların arxasınca düşüb getmək olmaz. Reha Çamuroğlu hökmən mənbələrə istinad etməli idi. Başda "Bir millət - iki dövlət" ideyasının müəllifi, "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin memarı ulu öndərimiz Heydər Əliyev olmaqla bütün azəbaycanlıların Şah İsmayıl Xətaiyə olan münasibətini - sevgisini nəzərə almalı idi. Bilirmi ki, Bakıda, yəni, Azərbaycanın paytaxtında Şah İsmayıl Xətainin heykəli məhz ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə ucaldılıb?!

Reha Çamuroğlu azərbaycanlılar üçün son dərəcə əziz olan iki həssas məsələyə toxunub, özü də kobudcasına! Müəllif bilirmi ki, bu gün Azərbaycan mükəmməl tolerantlığa və dinlərarası sağlam münasibətin ən uğurlu modelinə sahib olmaqla yanaşı, eyni zamanda, məzhəblərarası yaxınlığın möhtəşəm birgə fəaliyyətinə malikdir. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə şiə, onun müşaviri Hacı Salman isə sünnidir! Və onlar əsl müsəlman kimi - qarşılıqlı hörmət və səmimiyyət şəraitində işləyirlər - heç vaxt, heç kim onların arasında və hər birinin fəaliyyətində məzhəb ayılığını hiss etməyib. Və Şeyxülislam Allahşükür Paşazadə yaxın dostu, sünni Rəcəb Tayyib Ərdoğana görkəmli dövlət xadimi və müsəlmanlar arasında böyük nüfuz sahibi olduğuna görə məhz "Həzrəti Rəcəb Tayyib Ərdoğan" deyə müraciət edir. Hörmətli Rəcəb Tayyib Ərdoğan da bu günlərdə iştirak etdiyi aşura mərasimində dedi ki, dünyaya gələcək nəvəsinin adını Həzrəti Əlinin şərəfinə Əli qoyacaq.

Görürsünüzmü, necə qaynayıb-qarışırıq! Amma bu romanda qarşıdurmadan, kin və küdurətdən, nifaqdan bəhs edilir. Məni ancaq bir şey narahat edir. Deyəsən, dünyadakı şər qüvvələr müsəlmanların yavaş-yavaş yaranmaqda olan birliyindən ehtiyat edirlər - qorxurlar! Əlbəttə, onlar heç nə edə bilməyəcəklər! Əllərində keçmişdən qalma yalnız bir silah var - məzhəb ayrılığı, sünnilik və şiəlik! Bu ideologiya zaman-zaman müsəlmanları bir-birindən ayırıb, düşmənçilik və nifaq mənbəyinə çevrilib. Bu ideologiya zaman-zaman müsəlmanların pak və saf mənəviyyatını deformasiyaya uğradıb. Təəssüf ki, düşmən içimizdə olan satqın adamların da yardımı ilə bu silahın tətiyini çəkə bilir. Buna görə də son dərəcə ayıq olmalıyıq. Necə deyərlər, "dəmə" getmək olmaz. Biz kökü eyni olan bir ağacın budaqlarıyıq. Gəlin kökümüzü qoruyaq!

Tarixə nəzər salanda görürük ki, bizim aramızda yalnız bir məsələyə - Çaldıran döyüşünə görə umu-küsü ola bilər. Reha Çamuroğlu unutmamalıdır ki, buna görə hər ikimiz günahkar, hər ikimiz məğlubuq! Görkəmli alimimiz Ziya Bünyadovun redaktəsi ilə çap olunmuş "Azərbaycan tarixi" kitabında qeyd olunduğu kimi, Çaldıran döyüşü, əslində, türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə strateji qələbəsi idi. Şair Şah İsmayıl Xətai isə o döyüşlə bağlı üzüntüsünü belə ifadə etmişdir:

 

 

 

Mən ol şahbazi köhsarəm,

 

      baş əyməm qülleyi-Qafə,

 

Neçə ünqa kimi yavru uçurdum

 

      aşiyanimdə.

 

Fərəqü atəşü-dərdü ələmlər

 

      bağrımı yaxdı,

 

Vəzirimdir ğəmü-qüssə,

 

      oturmuş iki yanımdə!

 

 

Reha Çamuroğlunun "İsmayıl" romanının Azərbaycandakı nəşri ilə bağlı yazdığı ön sözdə oxuyuruq: "İsmayıl" romanı yazıldıqdan on üç il sonra Azərbaycanda çap olunacaq və Azərbaycan türkləri tərəfindən oxunacaq! Artıq ölsəm də, qəm yemərəm!

Soyuq müharibə dövründə Şah İsmayıl Xətai, qismən də olsa, "rəqib" elan olunmuşdur. Mən "rəqib" dedim, amma rəqib yumşaq bir kəlmədir, əslində, onu rəqib nədir, hətta düşmən elan etmişdilər.

 Biz Türkiyə türklərinə sənələr öncə anlatmağa çalışmışdılar ki, Çaldıranda biz türklər, öz-özümüzlə savaşdıq! Həm qalib, həm məğlub olduq! Bu həqiqəti hələ tam mənası ilə anlada bildiyimizi zənn etmirəm. Daha çox yazmaq lazım gələcək.

Digər tərəfdən, Şah İsmayıl Xətai, sadəcə, böyük dövlət adamı deyildir. O, bəlkə də, bundan daha çox bir filosof, bir şairdir. Pirdir. Mürşiddir.

Bu romanda mən onu hərtərəfli, hətta bədbinliyə, ümidsizliyə qapılmış, ətrafındakılardan incimiş bir insan kimi də göstərməyə çalışdım. Roman, eyni zamanda, təxəyyül məhsulu olan hadisələrlə, şərhlərlə doludur. Əlbəttə, müəyyən xətalar da ola bilər. Mühüm olan odur ki, kitabı oxuyan qardaşlarımız təmizniyyətli olduğumuzu görəcəklər".

Nə qədər acı olsa da, deyim ki, mən bu romanda təmiz niyyət adına heç nə görmədim. Reha Çamuroğlu etiraf edir ki, Türkiyədə də Şah İsmayıl Xətaini düşmən elan edən çoxlu sayda əsər var. Təəssüf ki, müəllif onların təsirindən qurtarmamışdır!

Reha Çamuroğlunu daha yaxından tanımaq üçün internetə girdim (http:www.youtube.comwatch?v=l_IK3EftlFY), "CNN türk" kanalına baxdım. Aparıcı tamaşaçılara İsgəndər Pala ilə bu müəllifi təqdim etdi. Yenə məzhəb ayrılığından dəm vururdu, sünni olmağından fəxrlə söz açırdı, Şah İsmayıl Xətaini təhqir edirdi. Bir məqamı xatırladım: deyirdi ki, Amasiyada dincəlirmiş. Orada 500 il bundan qabaq Şahzadə Bəyazid camisinin (məscidinin) həyətində əkilmiş iki çinardan birini ildırım vurub, gövdəsinə beton dirək dayayıblar. O çinar çox küskün, kədərli və boynubükük görünür. O biri çinar isə çox əzəmətlidir. Müəllif o ildırım vuran çinarı heç dəxli olmadan ələviliyə bənzətdi. Aparıcı da, İskəndər Pala da bu bənzətmədən çox məmnun qaldılar və bir-birinə baxaraq, mənalı tərzdə gülümsədilər.

Reha Çamuroğlunun bu nifaq toxumu cücərməyəcək! Müsəlmanlar bir də sünni-şiə oynuna gəlməyəcək! O ki qaldı Şah İsmayıl Xətaiyə, bilin və agah olun, o, Azərbaycan səmasında daim parlayan, ləkə götürməyən bir günəşdir! Bu qeyri-adi şəxsiyyət Azərbaycan dilini indiki Azərbaycan, İran, İraq, Əfqanıstan, Qərbi Pakistan, Cənubi Türkmənistan və Şərqi Anadoluda dövlət dili elan etmişdi. Sarayda, orduda və məhkəmədə hamı Azərbaycan dilində danışırdı. Bu, düz iki yüz il davam etdi! Aradan əsrlər keçməsinə baxmayaraq, o ərazilərdə Azərbaycan dili hələ də başa düşülür. V.Minorskinin fikrinə görə, Şah İsmayılın həm poeziyada, həm dövlət işlərində Azərbaycan dilinə üstünlük verməsi onunla izah olunur ki, o özündən sonra gələcək ardıcıllarının bu dildə danışmalarını istəyirdi.

Şah İsmayıl Xətainin xələfi - ulu öndərmiz Heydər Əliyev də Azərbaycan dilinin qayğısına bu cür qalırdı. O deyirdi: "Dilimiz çox zəngindir, çox ahəngdardır. Dilimizin söz ehtiyatı da çox böyükdür. Qrammatika sahəsində həddindən artıq nailiyyətlərimiz var". Zənnimcə, dövlətçiliyin yüksək zirvəsində ulu öndər Heydər Əliyev öz sələfi Şah İsmayıl Xətai ilə birləşir. Hər iki lider milli dillə milli mənliyi bir vəhdət halında görürdü. Böyük dövlət xadimi, dahi azərbaycanlı müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyev insan üçün milli dəyərin əhəmiyyətini belə açıqlayırdı: "Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə də mən istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə də milli mənliyimizi gərək itirməyək".

Reha Çamuroğluya xitabən demək istərdim: mən ulu öndərimizin tövsiyələrinə sadiq qalıb, milli mənliyimizi qorumağa çalışdım. Fikirlərimi isə Rəcəb Tayyib Ərdoğanın bir kəlamı ilə tamamlayıram: "Sünnilərin də, şiələrin də bir qiblələri var!"

Birləşmək üçün ölüm anını gözləməmək ümidi ilə...

 

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

Azərbaycan.-2013.- 20 noyabr.- S.4.