«Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri

 arasında əməkdaşlığın inkişaf etdirilməsi»

 mövzusunda konfrans keçirilmişdir

 

Noyabrın 19-da Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə müxtəlif media qurumlarının rəhbərləri, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov belə görüşlərin artıq ənənəvi xarakter aldığını söyləmişdir.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd media ilə icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsidir. O demişdir ki, Nizami Rayon İcra Hakimiyyəti ilə artıq üçüncü dəfədir ki, belə görüş təşkil olunur. Bu görüşdə ictimai rəyə təsir edən media qurumlarının təmsilçiləri iştirak edirlər.

V.Səfərli Azərbaycan mediasının dinamik inkişaf yolu keçdiyinibu prosesin indidavam etdiyini bildirmişdir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın əhəmiyyətindən danışmış, yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O bildirmişdir ki, bu formatda keçirilən tədbirlər jurnalist-məmur münasibətlərinin inkişafına, informasiyanın daha asan əldə olunmasına böyük töhfələr verir. Ə.Amaşov ölkədə medianın inkişafı, onun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmış, KİVDF-nin yaradılmasını buna nümunə kimi göstərmişdir. Diqqətə çatdırılmışdır ki, yerli icra hakimiyyəti orqanları mətbuatla əməkdaşlıqdan çəkinməməli, onlara ünvanlanan suallara vaxtında cavab verməlidirlər.

Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov son illər rayonda görülmüş geniş abadlıq, quruculuq işlərindən danışmışdır.

Tədbirin sonunda jurnalistlər üçün "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqə elan edilmişdir .

 

 

Azərbaycan.-2013.- 20 noyabr.- S.4.