Əməkdar incəsənət
xadimi Gülarə Əliyevanın xatirə
gecəsi keçirilmişdir
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibə vermişdir. Nazir bildirmişdir ki, Gülarə Əliyevanın xatirəsinə həsr olunan kitab çapa hazırlanır. Gülarə Əliyeva böyük sənətkar idi və onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. O, zəngin bir musiqi irsi qoyub getmişdir və həmin irs bu gün də yaşamaqdadır. "Dan ulduzu" ansamblı Azərbaycan musiqi mədəniyyətinin böyük səhifəsidir. Nazirlik Gülarə Əliyeva haqqında kitab nəşr edəcəkdir.
Mərasimdə çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov Gülarə Əliyevanın musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışmış, onunla bağlı xatirələrini bölüşmüşdür. Bildirilmişdir ki, Gülarə Əliyeva xoşbəxt sənətkar idi. Biz onun haqqında təkcə böyük sənətkar kimi yox, həm də Azərbaycan musiqi mədəniyyətinin hadisəsi kimi danışmalıyıq. "Dan ulduzu" ansamblı onun üçün kiçik dünya idi və o, bu dünyada özünü xoşbəxt hiss edirdi.
Bəstəkar, xalq artisti Ramiz Mirişli əməkdar incəsənət xadimi Gülarə Əliyevanın fitri istedada malik sənətkar olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycanın gənc musiqiçilərinin yetişməsində "Dan ulduzu" ansamblının böyük rolu olmuşdur.
Diqqətə çatdırılmışdır ki, Gülarə Əliyeva 1933-cü ildə Bakıda anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında işləmişdir. 1966-cı ildə "Dan ulduzu" instrumental ansamblını yaratmışdır. 1966-1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur.
Xatirə
gecəsində "Dan ulduzu" ansamblının
müşayiəti ilə konsert proqramı təqdim
edilmişdir.
Azərbaycan.-2013.- 20 noyabr.- S.5.