Avropanın parlament
paytaxtı Strasburqda dahi
söz ustası
Nizami Gəncəvinin 870 illik yubileyi
qeyd edilmişdir
Heydər Əliyev Fondunun dəstəyi ilə dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi Parisdən sonra Avropanın parlament paytaxtı sayılan Strasburqda qeyd olunur.
AzərTAc xəbər verir ki, mərkəzi hissəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Strasburq şəhərinin sakinləri noyabrın 19-da maraqlı sərgi ilə tanış olmaq imkanı əldə etmişlər. Rin sarayında təşkil edilən sərgidə Nizami dövrünə aid arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və "Xəmsə"yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş olunur. Burada, eyni zamanda, XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, mütəfəkkir şairin məqbərəsinin maketi, Bakı, Sankt-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənmişdir.
Həmin
gün Strasburqun Musiqi və Konqres Sarayında Azərbaycan xalq
çalğı alətləri orkestrinin konsert proqramı təqdim
olunmuşdur.
Azərbaycan.-2013.- 20 noyabr.- S.5.