Bakıda UNESCO-nun qeyri-maddi mədəni irsin
qorunması
üzrə Hökumətlərarası
Komitəsinin səkkizinci sessiyası keçiriləcəkdir
Dekabrın 2-dən 7-dək Bakıda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, noyabrın 19-da bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbir keçirilmişdir. Nazir Əbülfəs Qarayev bildirmişdir ki, sessiyada bir sıra ölkələrdə mövcud ənənələr, tarixi abidələrin qorunması, qeyri-maddi mədəni irs nümunələri və onlara UNESCO tərəfindən göstəriləcək maddi yardımlar və digər məsələlər müzakirə olunacaqdır.
Nazir Bakıda bu cür mötəbər tədbirlərin təşkil edilməsinin ölkəmizin dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu söyləmişdir. Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusilə vurğulayan Ə.Qarayev bu əməkdaşlığın əsasında Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin dayandığını qeyd etmişdir. Diqqətə çatdırmışdır ki, ölkəmizdə qeyri-maddi mədəni irsin qorunması sahəsinə xüsusi diqqət və qayğı göstərilir.
Qeyri-maddi mədəni irsin mədəniyyətlərarası dialoqun inkişafında təsirli bir alət olduğunu bildirən nazir Azərbaycanın dünyanın mötəbər təşkilatlarından biri olan UNESCO ilə əlaqələrinin yüksək səviyyədə olmasından və ölkəmizin qurumdakı fəallığından məmnunluğunu dilə gətirmişdir.
Bildirilmişdir ki, sessiya çərçivəsində qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi qeyd olunacaqdır. Tədbirdə Konvensiyanın milli səviyyədə icrası ilə bağlı bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.
Sessiyada
110-a yaxın ölkədən 650-dən çox xarici qonaq
iştirak edəcəkdir.
Azərbaycan.-2013.- 20 noyabr.- S.5.