Bakıda «Bərabər iştirak üçün birgə qatıl!»

 mövzusunda beynəlxalq seminar keçirilir

 

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramının dəstəyi ilə noyabrın 19-da Bakıda "Bərabər iştirak üçün birgə qatıl!" mövzusunda beynəlxalq seminar işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Beynəlxalq seminara Azərbaycan, Macarıstan, Rumıniya, Moldova, Yunanıstan, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, Latviya, Rusiya və digər ölkələrdən 40-a yaxın gənc qatılmışdır.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov çıxış edərək bildirmişdir ki, seminarın məqsədi gənc miqrantlar, sığınacaq axtaranlar, qaçqın və məcburi köçkün gənclər arasında iştirakçılığı təşviq etmək, gənc liderlərin bilik və bacarıqlarını inkişaf etdirməklə onların innovativ fəaliyyətlərinə təkan verməkdir.

Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramı gənclər arasında əməkdaşlıq və qarşılıqlı anlaşma üçün yeni imkanlar açır. Proqram çərçivəsində gənclər təşkilatları onları düşündürən, narahat edən mövzular üzrə birgə layihələr həyata keçirməklə yeni ünsiyyət platformaları formalaşdırırlar.

Nazir vurğulamışdır ki, Azərbaycan Avropa institutları ilə əlaqələrə böyük önəm verir və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq edir. Biz bu əməkdaşlığın yaratdığı imkanları dəyərləndirərək gənclər arasında əlaqələrin möhkəmləndirilməsinə, tolerantlığın və insan hüquqlarının təşviqinə çalışırıq.

A.Rəhimov seminarın əhəmiyyətindən danışaraq  qeyd etmişdir ki, tədbirdə müzakirə olunacaq məsələlər bu gün dünyanı narahat edən aktual mövzulardır. O demişdir ki, qloballaşan dünyanın yeni çağırışları miqrasiya ilə çox əlaqəlidir. Azərbaycanın üzləşdiyi miqrasiya problemi etnik təmizləmə siyasəti yürüdən Ermənistandan qovulmuş qaçqınlar və torpaqlarımızın 20 faizinin bu ölkə tərəfindən işğalı nəticəsində yaranmış məcburi köçkünlərlə əlaqədar olmuşdur.

Nazir diqqətə çatdırmışdır ki, əmək və təhsil miqrantlarının əksəriyyəti gənclərdir. Bu səbəbdən belə məsələlərin müzakirəsində və həllində gənclərin iştirakının təmin edilməsi vacibdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz  "Gənclər fəaliyyətdə" proqramının əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, dünyada baş verən problemlər gənclərə də təsir göstərir. Avropa İttifaqı gənclərin inkişaf  potensialı və onların problemlərinin həlli istiqamətində bir çox işlər görür. Biz proqram çərçivəsində müxtəlif ölkələri təmsil edən gənclərin birgə layihələrdə iştirakını təmin etməyə, ortaq problemlərin həllinə nail olmağa çalışırıq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev layihənin istər Azərbaycan, istərsə də əcnəbi gənclər üçün böyük əhəmiyyətə malik olduğunu bildirmişdir. O demişdir ki, Gənclər Fondu gənclərin bu cür əməkdaşlığını hər zaman dəstəkləyir.

F.Hacıyev diqqətə çatdırmışdır ki, gənclərin Avropaya inteqrasiyası və avropalı həmkarları ilə əməkdaşlığı təqdirəlayiqdir. Çünki bu əməkdaşlıq nəticəsində bilik və təcrübə əldə edilir və nəticədə ölkələrin bir-birinə marağı artır.

Digər çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclər siyasəti sahəsində qəbul edilən müxtəlif qanunvericilik aktlarının, dövlət proqramlarının əhəmiyyətindən danışmışlar. Azərbaycan dövlətinin gənclərlə sahəsində apardığı siyasət müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlmişdir.

Noyabrın 23-dək davam edəcək seminarda insan hüquqlarının müdafiəsi, bərabər iştirakın təşviqi, ksenofobiya və diskriminasiya hallarına qarşı mübarizə kimi mövzular müzakirə olunacaqdır.

 

Azərbaycan.-2013.- 20 noyabr.- S.5.