Azərbaycan-Türkiyə
qardaşlığı əbədi və sarsılmazdır
Mənəvi tellərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin qloballaşan dünyada birlik nümayiş etdirmələri olduqca vacibdir. Bu, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmək, milli maraqları müdafiə etmək baxımından çox ciddi siyasi elementdir. Türk dövlətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edən və bu prinsiplərə sadiq qalan Azərbaycan ortaq dəyərlərin bəxş etdiyi imkanların türk xalqlarının ümumi mənafeyinə səfərbər olunmasına, münasibətlərin etibarlı təməllər üzərində inkişaf etdirilməsinə böyük töhfələr verir.
Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycanın və Orta Asiyanın türkdilli ölkələrinin dövlət müstəqilliyini əldə etməsi bütün türk dünyasına böyük təsir göstərdi. İlk növbədə, türk dövlətlərinin və xalqlarının tarixi əlaqələrinin bərpa edilməsi və ən əsası, dünyanın türk qövmü arasında həmrəyliyin güclənməsi üçün geniş zəmin yarandı. Təsadüfi deyil ki, müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının xarici siyasətinin başlıca istiqamətlərindən birini türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi təşkil etdi. İndinin özündə də bu istiqamət Azərbaycan hakimiyyətinin həyata keçirdiyi xarici siyasətin aparıcı xətlərindən biri olaraq qalmaqdadır. Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi, bütövlükdə türk toplumunun dünyanın siyasi səhnəsində mövqeyinin gücləndirilməsi Azərbaycanın reallaşmasına çalışdığı məsələlərdir. Ən yaxın tariximizdə baş vermiş əlamətdar hadisələr - Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildə Bakıdan Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşaya birbaşa təyyarə reysinin təşkil olunması, 2007-ci ildə Bakıda Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları rəhbərlərinin I Forumunun keçirilməsi, o cümlədən həmin il Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı ilk dəfə olaraq Türkiyədən kənarda, yəni Bakıda keçirilməsi, Naxçıvanda Türkdilli Ölkələrin Əməkaşlıq Şurasının yaradılması və digər bu kimi məsələlər ölkəmizin türk dünyasının birliyinə nə qədər həssas yanaşmasının bariz nümunələridir.
Bu gün planetimizin siyasi mənzərəsində təbəddülatlardan irəli gələrək baş verən dəyişikliklər, kataklizmlər bəşər sivilizasiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Təbii ki, qloballaşan dünyanın müasir reallıqları bütün türk xalqlarının qarşısında mühüm və taleyüklü vəzifələr qoyur. Türk dünyasının bu mürəkkəb və ziddiyyətli mərhələdən müvəffəqiyyətlə çıxması eyni tarixi köklərə malik olan xalqlarımız arasında birliyin və həmrəyliyin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Bu sahədə bütün türk dövlətlərinin, xüsusilə də Azərbaycan və Türkiyənin üzərinə böyük məsuliyyət düşür. Çünki qloballaşan dünyamız həm mütərəqqi cəhətləri, həm də ayrı-ayrı mənfi tərəfləri ilə yanaşı, beynəlxalq səviyyədə bəzi siyasi dairələr tərəfindən Azərbaycan və Türkiyəyə qarşı daim davam etdirilən ikili standartlarla müşayiət olunur. Belə olan şəraitdə Azərbaycan və Türkiyənin istənilən məsələdə bir-birinə dayaq olması olduqca vacibdir. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir, strateji önəm daşıyır və dünyada analoqu yoxdur. Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib. Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsinə görə bağlayıb. Ötən ilin əvvəllərində Fransa Senatında qəbul edilən qanun Türkiyədə nə qədər qəzəblə qarşılandısa, Azərbaycanda da eyni vəziyyətlə üzləşdi. Bu ondan irəli gəlir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bizim qanımız da eynidir, canımız da. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" sözlərinin Türkiyənin siyasi dairələrində əsas götürülməsi isə bizim üçün olduqca qürurvericidir.
Prezident İlham Əliyevin hələ illər öncə qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur. Elə buna görə də Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının əsas müzakirə mövzusu olmasıdır. Bu fikir Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə etdiyi rəsmi səfər zamanı keçirdiyi görüşlərdə də öz əksini tapdı. Diqqətçəkən əsas məsələ isə ondan ibarətdir ki, cənab İlham Əliyev Prezident seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə etdi. Bu, artıq xoş ənənəyə çevrilməklə yanaşı, Türkiyə ilə strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir.
Ötən 10 ildə həm Azərbaycan, həm də Türkiyə çox böyük inkişaf yolu keçmişdir. Təbii ki, bu inkişaf həm də iki ölkənin münasibətlərində özünü göstərir. Ötən 10 ildə məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə energetika sahəsində əməkdaşlıq dərinləşmiş, o cümlədən bu iki türk dövləti Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dəmir tellərlə bir-birinə daha sıx bağlanmışdır. Bunlardan başqa, ideya təşəbbüsü yenə də Azərbaycana məxsus olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti isə bu birliyin daha möhtəşəm görüntüsünü yaradır. TANAP layihəsi isə Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə keçirdiyi müstəqil siyasət və Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır. Bu mənada Prezident İlham Əliyevin səfər zamanı Türkiyənin ən yüksək ordeni olan "Dövlət nişanı" ilə təltif olunması qardaş ölkənin Azərbaycan dövlətinin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə təşəbbüslərinə və Prezident İlham Əliyevin siyasi iradəsinə verdiyi önəmin və qiymətin göstəricisidir.
Bu səfər zamanı Prezident İlham Əliyev türkiyəli həmkarını "Heydər Əliyev" ordeni ilə təltif etdi. Bu da səbəbsiz deyil. Çünki Prezident Abdullah Gül fəaliyyəti müddətində Azərbaycanla əlaqələrin inkişafı üçün çalışıb, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrə yaxından dəstək verib.
Bütövlükdə bu təltiflərin hər biri eyni millətin iki dövləti olan Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə və dostluq əlaqələrinin gücləndirilməsinə verilən qiymətin ifadəsidir. Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev və Prezident Abdullah Gül Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif mərhələlərində birgə çalışıblar. Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında bərabər iştirak ediblər, Qarsda Bakı-Tbilisi-Qars dəmiryolunun təməlini bir yerdə qoyublar. Belə birgə tədbirlər isə hələ çox olacaq. Çünki bu fəaliyyət hər iki ölkənin və türk dünyasının gələcəyinə yönəlib. Təltifetmə mərasimindəki nitqində bütün bunlar barədə fikirlərini bölüşən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu gün tək ölkələrimiz üçün deyil, bölgə və dünya üçün önəmli bir amilə çevrilən Türkiyə-Azərbaycan əlaqələri bizi daha da sıx birləşdirir və bölgədə gedən proseslərə müsbət təsir göstərir: "Son on il ərzində mən çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim yüksək səviyyədə olsun. Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün, bölgə, dünya üçün önəmli bir amilə çevrilmişdir. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi layihələr, enerji layihələri bizi daha da sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir. Əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir".
Bu gün Azərbaycan və Türkiyənin daha da qüdrətli olmaq istiqamətində potensialları çox böyükdür. Üstəlik, hər iki ölkənin yaxınlığı bu imkanları daha da artırır. Bu mənada Prezident İlham Əliyevin səfər zamanı qeyd etdiyi kimi, XXI əsr türk dünyası əsri olacaqdır. İndi Azərbaycanla Türkiyəni təkcə ortaq mənəvi və milli dəyərlər birləşdirmir. Bizi həm də ortaq layihələr, hədəflər və eyni siyasi maraqlar birləşdirir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 20 noyabr.- S.6.