Möhkəm ədliyyə sistemi ölkəmizin inkişafında mühüm rol oynayır

 

1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə Azərbaycan xalqı tarixi uğura imza atdı. Lakin müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətə salınması, respublika daxilində separatçı qüvvələrin baş qaldırması, vətəndaş müharibəsinin alovlanması, xaosiqtisadi tənəzzül, digər tərəfdən isə Ermənistanın hərbi təcavüzü o zaman xalqımızı nəinki öz müstəqilliyini itirmək, hətta ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Məhz belə son dərəcə ağır bir şəraitdə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, dahi öndərin möhkəm iradəsi, zəngin idarəçilik təcrübəsi, unikal liderlik bacarığı və ən əsası, xilaskarlıq missiyası sayəsində ölkəmiz dünya tarixində öz istiqlalına yenidən sahib çıxdı.

Ulu öndərin müdrik siyasəti nəticəsində dövlətimiz müasir inkişaf yoluna qədəm qoydu, hərtərəfli quruculuq işlərinə, iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, uğurlu neft strategiyasının  təməli qoyuldu. Bütün bunlarla bərabər, hüquq sistemində də əsaslı islahatlar aparılmağa başlandı. İlk növbədə, 1995-ci ildə dövlətimizin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurmaq və müstəqilliyi daha da möhkəmlətmək üçün bilavasitə Heydər Əliyevin müəllifliyi ilə milli Konstitusiyamız qəbul edildi. Əsas Qanun insan hüquqlarının təmin olunmasını dövlətimizin ali məqsədi kimi bəyan etdi. Ulu öndərin rəhbərliyi ilə Hüquqi İslahat Komissiyası yaradılaraq qısa müddət ərzində mühüm qanun və məcəllələr hazırlandı, demokratik dövlətə xas olan təsisatlar yaradıldı, yeni məhkəmə sistemi formalaşdırıldı. Eyni zamanda, dövlətin cəza siyasətində köklü dəyişikliklər edildi, cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verildi, ölkəmizdə əfv institutu bərpa olundu, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi. Təsadüfi deyil ki, ötən 20 ildə qəbul edilmiş qanunların təxminən 20 faizi məhkəmə-hüquq islahatları ilə bağlıdır  bu sahədə görülən işlər beynəlxalq qurumlar və ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha da qüdrətlənir, möhkəmlənir, ölkədə müasir hüquq və idarəetmə sistemləri formalaşaraq hüquq münasibətləri modernləşdirilir. Təbii ki, hüquqi dövlətin uğurlu inkişafı möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Bu baxımdan fəxrlə qeyd edə bilərik ki, Prezident İlham Əliyev tərəfindən ötən 10 ildə ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan qərarlar təsdiqlənib.

Çoxşaxəli ədliyyə fəaliyyətinin tənzimlənməsi üçün 2006-cı ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanun qəbul olunmuş, "Ədliyyə orqanlarının inkişafı haqqında" fərman imzalanıb. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilib, yeni vəzifələr həvalə edilməklə onun strukturu təkmilləşdirilib.

2009-cu ildə isə dövlət başçısı tərəfindən "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən edib.

Bu gün Ədliyyə Nazirliyi geniş islahatlar aparılmaqla müasir inkişaf yolu keçirbunun da nəticəsində ədliyyə orqanlarının fəaliyyət istiqamətləri genişlənib. Ədliyyə Nazirliyi qanunvericilik sahəsində fəal iştirak edir, hüquqi aktların layihələrini insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməklə hazırlayır, layihələr üzrə rəy verir, normativ-hüquqinormativ xarakterli aktların hüquqi ekspertizasını aparır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu ilə nazirliyə yeni mühüm vəzifələr, o cümlədən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması və onun aparılması həvalə edilib.

Vətəndaşların hüquqi biliklərinin artırılması, qanunların mətni ilə onların birbaşa sərbəst və təmənnasız tanış olması da mühüm məsələlərdən biridir. Bu baxımdan Ədliyyə Nazirliyinin  interaktiv rejimdə fəaliyyət göstərən və milli qanunvericiliyin elektron məlumat bazasını əhatə edən  "e-qanun.az" internet saytı xüsusi əhəmiyyət kəsb edir. Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi məqsədilə nazirlik tərəfindən aztəminatlı əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə regional hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılıb. Regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə ilk dəfə olaraq regional ədliyyə şöbələri yaradılıb, onların fəaliyyətinin səmərəli təşkili ilə bağlı işlər görülüb.

Ölkəmizdə inkişafı əngəlləyən hallarla, o cümlədən korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Ədliyyə orqanlarında da bu sahə daim diqqətdə saxlanılaraq vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə işlər görülür, monitorinq qrupları təşkil olunur. Bu məqsədlə Ədliyyə Nazirliyinin internet saytında "qaynar xətt" bölməsi və ayrıca telefon xidməti yaradılıb.

Qeyd etdiyim kimi, ədliyyə orqanlarının fəaliyyət dairəsi kifayət qədər genişdir. Son illərdə penitensiaricra xidmətlərində islahatlar davam etdirilərək işin səmərəli təşkili üçün mövcud olan problemlərin aradan qaldırılması, kadrların məsuliyyət hissinin artırılması üzrə ciddi tədbirlər həyata keçirilib, bu sahədə müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Məhkəmə ekspertizası mərkəzinin müasir kriminalistik avadanlıqlarla təchiz olunub, tədqiqat laboratoriyaları yeniləşdirilib. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən Ədliyyə Nazirliyi tərəfindən ibtidai istintaqı aparılan cinayət işlərinin dairəsi genişləndirilib, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilib, ədliyyə orqanlarında keyfiyyətli tibbi xidmətin göstərilməsi, məhkumların müayinə və müalicəsi işi yaxşılaşdırılıb.

Bu gün məhkəmələrin infrastrukturunun yeniləşdirilməsinə böyük diqqət yetirilir. Ən başlıcası isə yeni nəsil hakim korpusu formalaşdırılır. Artıq bir neçə ildir ki, ölkəmizdə regional inzibati-iqtisadi məhkəmələr də işə başlayıb, qısa müddət ərzində onlar üçün inzibati binalar ayrılıb, maddi-texniki təchizatla təmin edilib.

Ədliyyə orqanlarında həyata keçirilən kadr siyasəti kifayət qədər ciddi bir sistem təşkil etməklə ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək və eyni zamanda, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən şəxslərdən təmizləmək kimi mühüm məqsədlərə xidmət edir. Bu gün ədliyyə orqanlarına qulluğa qəbul şəffaf prosedurlarla açıq müsabiqə yolu ilə aparılır. Müsbət haldır ki, müsabiqələr əsasında ədliyyə sahəsində fəaliyyətə başlayan şəxslərin böyük əksəriyyəti məhz gənclərdir və hazırda bütövlükdə ədliyyə işçilərinin üçdəbirini gənclər təşkil edir. Bu da ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə öz töhfələrini verir.

Bütün bunlar göstərir ki, ədliyyə sisteminin inkişafı məsələləri, bütövlükdə hüquq islahatları daim diqqət mərkəzindədir. Ən əsası isə odur ki, ədliyyə orqanları qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirirlər.

 

 

 

Fəxrəddin AĞAMİRZƏYEV,

Füzuli Hərbi Məhkəməsinin hakimi

Azərbaycan.-2013.- 20 noyabr.- S.6.