Berlində Milli Dirçəliş Gününə həsr edilmiş elmi seminar keçirilmişdir

 

Noyabrın 18-də Berlində Azərbaycan təqvimində tarixi yer almış 17 noyabr - Milli  Dirçəliş Gününə həsr edilmiş "Əlimərdan bəy Topçubaşov - publisist, siyasətçi, diplomat" mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminar Humbold Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası və Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşmişdir.

Elmi seminarı universitetin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Aux giriş nitqi ilə açaraq tədbir iştirakçılarını təşkilatçılar adından salamlamış və Milli Dirçəliş Günü haqqında məlumat vermişdir.

Seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli ictimai xadim - publisist, siyasətçi və diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmişdir. Tədbirdə Əlimərdan bəy Topçubaşovun həyat və yaradıcılığından geniş söhbət açılmışdır.

Professor Eva-Maria Aux demişdir ki, Əlimərdan bəy Topçubaşov Azərbaycanın klassik ziyalılarını təcəssüm etdirən şəxsiyyətlərdən biridir. O, 1918-ci ilə qədər Rusiya imperiyasında fəaliyyət göstərən "Müsəlmanlar Təşkilatı"nın yaradıcılarından və 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biridir. Eyni zamanda, Topçubaşov həmin dövrdəki "Kaspi" qəzetinin təsisçilərindən biri olmuş, Azərbaycan diplomatiyasını təmsil edərək Rusiya Dumasının üzvü seçilmişdir. İrsinin böyük hissəsi Fransada saxlanılan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti Azərbaycanın diaspor tarixi nöqteyi-nəzərindən maraqlı bir mövzu olması da professor Eva-Maria Aux tərəfindən vurğulanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından başlayaraq bu günə qədər Azərbaycan xalqı şərəfli mübarizə yolu keçərək artıq 23 ildir ki, müstəqilliyini bərpa etmişöz tarixi şəxslərini fərəhlə yad edir. Professor Aux müasir Azərbaycan Respublikasının bu ənənələr üzərində gedən inkişafından və əldə etdiyi nailiyyətlərdən söhbət açmışdır.

Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Elmi seminarda alman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Berlin Humbold Universitetinin professor və tələbə heyəti, Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak etmişlər.

 

 

Vüqar SEYİDOV,

AzərTAcn xüsusi müxbiri

Berlin

Azərbaycan.-2013.- 20 noyabr.- S.6.