Azərbaycan ilə İndoneziya
arasında siyasi əlaqələr
yüksək səviyyədədir
Noyabrın 19-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə X.Xələfov ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd etmişdir. O, Azərbaycanın İndoneziya ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini və bu xüsusda parlamentlərarası əməkdaşlığın vacib rola malik olduğunu diqqətə çatdırmışdır.
İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edən nazir müavini beynəlxalq qurumlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
X.Xələfov Azərbaycan ilə İndoneziya arasında enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığı qeyd edərək ölkələrimizin kənd təsərrüfatı, mədəniyyət, elm, təhsil və digər sahələrdə də əlaqələri inkişaf etdirmələri üçün əlverişli imkanların olduğunu bildirmiş və qarşılıqlı səylər vasitəsilə bu imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırmışdır.
Ferrari Roemavi dostluq qrupunun fəaliyyəti haqqında məlumat vermişdir. O, İndoneziyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində daim Azərbaycanın haqlı mövqeyini, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır. F.Roemavi beynəlxalq qurumlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
F.Roemavi Azərbaycanın İndoneziyanın xarici ticarət əlaqələrində dördüncü ən böyük tərəfdaşı olduğunu, müxtəlif istiqamətlər üzrə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu bildirmişdir.
Görüşdə
qarşılıqlı səfərlərin intensivləşdirilməsi,
müqavilə-hüquq bazasının inkişaf etdirilməsi,
ikitərəfli və çoxtərəfli əsasda siyasi
dialoq mexanizminin gücləndirilməsi barədə fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.-2013.- 20 noyabr.- S.7.