Ər-Riyadda Xəbər Agentliklərinin IV Dünya Konqresi işə başlamışdır

 

Noyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Xəbər Agentliklərinin IV Dünya Konqresi öz işinə başlamışdır.

Dünya Konqresinin işində Səudiyyə Ərəbistanı Krallığının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Türkiyənin Anadolu, Rusiyanın İTAR-TASS, Misirin MENA, Argentinanın TELAM, Fransanın Frans-Press, Böyük Britaniyanın Press Assoşieyşn, Avstraliyanın Assoşieyted Press, Tomson Röyters, Koreya Respublikasının YONHAP agentlikləri daxil olmaqla dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərləri iştirak edirlər.

Səudiyyə Xəbər Agentliyinin təşkilatçılığı ilə keçirilən konqresdə  Azərbaycanı AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

 "XXI əsrdə xəbər agentliklərinin yenidən formalaşdırılması" mövzusunda keçirilən konqresi Səudiyyə Ərəbistanı Krallığının informasiya və mədəniyyət naziri Əbdüləziz bin Muhyiddin Xoca açaraq iştirakçıları Kral Abdullah bin Əbdüləziz Al Səudun adından salamlamışdır.

Nazir çıxışında tədbirin mövzusuna və təsadüf etdiyi dövrə diqqəti cəlb edərək hazırda xəbər agentliklərinin qarşısında mühüm vəzifələrin durduğunu, öz varlıqlarını uğurla davam etdirmək üçün yeni çağırışlara vaxtında cavab verməyin vacib olduğunu vurğulamışdır.

Xəbər Agentliklərinin III Dünya Konqresinin prezidenti kimi çıxış edən Argentinanın TELAM xəbər agentliyinin direktoru Alberto Huqo yeni medianın əhəmiyyətini vurğulamış, telekommunikasiya vasitələrinin qarşılaşdığı dəyişikliklər və inkişafla uyğunlaşmağın, bunların media sahəsinə uğurla tətbiqinə çalışmağın zəruriliyinə diqqəti çəkmişdir.

Sonra Səudiyyə Xəbər Agentliyinin baş direktoru Abdullah bin Fəhd əl-Hüseyn üç gün davam edəcək tədbirin gündəliyini təqdim etmişdir. Baş direktor qeyd etmişdir ki, konqres çərçivəsində "İnformasiya bazarında yeni məhsullar və xidmətlər", "Sosial media və digər yeni rəqəmsal media", "Ərəbdilli xəbər yayımçılarının xəbər agentlikləri barədə fikirləri", "Yeni fürsətlərdən necə yararlanmalı" və "Xəbər agentlikləri qəzetlərin gələcək ehtiyaclarını necə təmin edəcək" mövzularında beş panel iclası keçiriləcəkdir. O, konqresin iştirakçılarını konstruktiv dialoqa dəvət etmişdir.

Konqres işini davam etdirir.

 

 

Şıxəli ƏLİYEV,

AzərTAc-ın müxbiri

Ər-Riyad

Azərbaycan.-2013.- 20 noyabr.- S.7.