Daşkənddəki sharh.uz internet resursu Bakıdakı

 Qız qalası abidəsi haqqında material yaymışdır

 

Daşkənddəki sharh.uz internet resursu öz müxbiri Şarofiddin Tulaqanovun Bakıdakı Qız qalası abidəsi haqqında geniş materialını vermişdir. Məqalədə deyilir ki, Bakının rəmzi sayılan Qız qalası əsrlərdir tarixçilərin və bu qədim şəhərə gələn turistlərin diqqətini cəlb edir.

Abşeron yarımadasının ən möhtəşəm və sirli memarlıq abidəsi olan bu qalanın tikilmə tarixi də mübahisəlidir. Belə ki, bəzi tarixçilər qalanın 6-cı, bəziləri isə 12-ci əsrdə tikildiyini ehtimal edirlər.

Müəllif oxuculara Qız qalası ilə bağlı yayılan əfsanələr haqqında da məlumat verir. Qeyd olunur ki, hündürlüyü 29,5, eni 16,5 metr olan bu qədim qala bir neçə dəfə təmir edilmişdir. Artıq iki ilə yaxındır ki, qala əsaslı təmir olunur.

Məqalədə deyilir ki, Qız qalası haqqında şeirlər, poemalar yazılmışdır. Vaxtilə tanınmış Azərbaycan yazıçısı Cəfər Cabbarlı "Qız qalası" poemasını yazmış, eyni adlı film çəkilmiş, 1940-cı ildə "Qız qalası" adlı balet səhnəyə qoyulmuşdur. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərir. 2000-ci ildə UNESCO-nun dünya irsi siyahısına salınmışdır.

Qeyd edək ki, məqalə Özbəkistanın kütləvi informasiya vasitələrində Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsinin "Azərbaycan tarixi" nominasiyası üzrə təqdim olunmuşdur. Müsabiqəni Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi keçirir.

 

 

Qulu KƏNGƏRLI,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

Azərbaycan.-2013.- 20 noyabr.- S.7.