Prezident İlham Əliyev kişi
şahmatçılar arasında Avropa komanda
çempionatında birinci yeri qazanmış seçmə
komandamızın üzvlərini və mütəxəssisləri
qəbul etmişdir
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul etmişdir.
Prezident İlham ƏLİYEV şahmatçıları təbrik edərək dedi:
- İlk növbədə, sizi əldə edilmiş böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın şahmat komandası Avropa çempionudur. Bu, böyük tarixi qələbədir. Artıq ikinci dəfədir ki, biz Avropanın birinci komandası kimi özümüzü dünyaya təqdim edirik. Bu, onu göstərir ki, bu qələbə təsadüfi deyildir. Artıq bir dəfə Azərbaycan Avropa çempionu olmuşdur, bu, ikinci dəfədir. Hesab edirəm ki, Avropanın şahmat tarixində bu qələbə öz yerini tutacaqdır.
Bu qələbə məni çox sevindirir. Çünki bu, bir daha Azərbaycanda şahmatın inkişafını göstərir. Şahmatın inkişafı ölkəmizin ümumi intellektual potensialını əks etdirir. Çünki idman növləri arasında şahmat intellektual idman növüdür. İdmançılarımızın - şahmatçılarımızın bu qələbəni əldə etmələrinin təməlində Azərbaycan xalqının istedadı dayanır. Biz Avropa ölkələri arasında birinciyik. Bildiyiniz kimi, ən qabaqcıl texnologiyalar, ən mütərəqqi ixtiralar Avropa məkanında mövcud olur. Avropada birinci olmaq, intellektual oyunda birinci olmaq Azərbaycan xalqının intellektual potensialını bir daha göstərir.
Bu qələbə tarixi qələbədir, çox böyük rəmzi məna daşıyır. Bilirəm ki, bu qələbə çox gərgin mübarizədə əldə edilibdir. Qələbənin xüsusiyyəti ondan ibarətdir ki, bu, komanda qələbəsidir. Yəni, tək insanın, idmançının qələbəsi deyildir. Yəni, bu, komanda potensialının, şahmatın səviyyəsinin nə qədər güclü olduğunu göstərir.
Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir. Şadam ki, biz indi 1970-ci illərdə yaranmış ənənəni bərpa etdik. Bildiyiniz kimi, o vaxt ulu öndər Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində hər bir şəhərdə şahmat məktəbi açılırdı. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, ancaq hətta o şəraitdə müstəqil siyasət aparırdı. Azərbaycan Sovet İttifaqında şahmata olan diqqəti ilə daim seçilirdi.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük hissəsi bağlandı, ya özəlləşdirildi, ya da ki, o yerlərdən başqa məqsədlər üçün istifadə olundu. Ancaq ondan sonra biz yenidən bu məktəbləri bərpa etməyə başladıq. Demək olar ki, indi hər bir şəhərdə müasir şahmat evləri, məktəbləri vardır və mən demək olar ki, bütün rayonlarda şahmat məktəblərinin açılışlarında iştirak etmişəm. Görəndə ki, 4-5 yaşında uşaqlar şahmatla məşğul olurlar, əlbəttə, bu, məni çox sevindirir. Çünki Azərbaycan gəncliyinin həm peşəkarlığı, həm bilikləri, həm istedadı bizim ümumxalq işimizdir.
Bu gün şahmatın inkişafı Azərbaycanda demək olar ki, hər bir bölgədə özünü büruzə verir. Şahmat məktəblərində bizim görkəmli şahmatçıların şəkilləri də asılıbdır. Mən balaca uşaqlarla söhbət əsnasında deyirəm ki, yaxşı məşq edin, şahmatı yaxşı öyrənin ki, siz də çempion olasınız, bax bizim görkəmli çempionlar kimi sizin də şəkilləriniz bu məktəblərdə asılsın.
Yəni, sizin qələbənizin xüsusiyyəti və önəmi, o cümlədən ondan ibarətdir ki, əminəm, bu, Azərbaycanda şahmatın inkişafına yeni təkan verəcək, şahmat məktəblərinə uşaqların axınını təmin edəcək və şahmatın Azərbaycanda populyarlaşması üçün yeni səhifə açacaqdır. Ona görə qələbənizin çox böyük əhəmiyyəti vardır. Bu, Azərbaycan dövlətinin nüfuzu üçün çox vacibdir. Çünki Azərbaycan Avropada özünü intellektual mərkəz kimi də təqdim etmişdir.
Bizim idmanın bütün növləri üzrə yaxşı nəticələrimiz vardır və fiziki güc tələb edən idman növlərində Azərbaycan böyük qələbələrə imza atmışdır. Keçən Olimpiya oyunlarında idmançılarımız dünyada 30-cu və Avropada 15-ci yerə layiq görülmüşlər. Universiadada da, İslam Həmrəyliyi Oyunlarında idmançılarımız daim yüksək pillədədir. Ancaq intellektual oyunda - şahmatda Avropada birinci olmaq bu, doğrudan da, tarixi nailiyyətdir. Bu, çox sevindirici haldır və Azərbaycan dövlətinin intellektual potensialını göstərir.
Onu da qeyd etməliyəm ki, komandamızın üzvlərinin hamısı gənclərdir. O gənclər ki, bax bu salonda ulu öndər Heydər Əliyev ilə görüşərək şəkil çəkdirmişdilər, ondan xeyir-dua və tövsiyə almışdılar.
Komandamızın üzvləri müstəqillik dövründə formalaşıblar, müstəqillik dövründə böyüyüblər və bir daha bu qələbə müstəqilliyimizin üstünlüklərini göstərir. Sovet dövründə təsəvvür etmək çətin idi ki, Azərbaycan komandası hətta sovet məkanında birinciliyə imza atsın. Ancaq bu gün Avropa qitəsində Azərbaycan birincidir. Bu, böyük tarixi qələbədir və bir daha demək istəyirəm ki, məni çox sevindirir, Azərbaycan xalqını sevindirir. Bu qələbə bizim qürur mənbəyimizdir. Biz Avropaya, dünyaya göstəririk ki, Azərbaycan intellektual inkişaf baxımından heç kimdən geridə qalmır. Göstəririk ki, bizim uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır, düzgün atılmış addımlar dayanır. Sizin qələbəniz əlbəttə, əminəm ki, gələcəkdə şahmatın inkişafına yeni təkan verəcəkdir, qeyd etdiyim kimi, şahmat bölmələrinə, məktəblərə axını təmin edəcəkdir.
Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir, dünya miqyasında özünə layiq yer tuta bilmişdir, bütün proseslərdə fəal iştirak edir. Daxili siyasətlə bağlı Azərbaycanda aparılan islahatlar bu gün dünyada öyrənilir. Son on il ərzində Azərbaycan iqtisadi sahədə dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişdir. Xarici siyasətlə bağlı deməliyəm ki, bu gün Azərbaycan dünyanın bir nömrəli orqanı olan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan idman sahəsində böyük uğurlara nail olubdur. Sizin qələbəniz son illər ərzində əldə edilən bütün bu uğurları tamamlayır. Yəni, ona çox bariz bir əsaslandırma əlavə edir. Bax, budur bizim uğurlarımızın səbəbi. Bizim uğurlarımızın səbəbi Azərbaycan xalqının istedadıdır, yüksək intellektual potensialıdır və gənclərimizin peşəkarlığı və vətənpərvərliyidir.
Bu gün Azərbaycan şahmat aləmində ən yüksək yerlərdədir. Təsadüfi deyildir ki, Dünya Şahmat Olimpiadası da Azərbaycanda keçiriləcəkdir. Bu qərarın qəbul edilməsində təkcə bizim təşkilatçılıq qabiliyyətimiz dayanmır, o cümlədən şahmatçıların uğurları və qələbələri burada öz rolunu oynamışdır. Mən əminəm ki, digər mötəbər yarışlar kimi, Dünya Şahmat Olimpiadasını da biz yüksək səviyyədə keçirəcəyik.
Azərbaycan indi müxtəlif tədbirlərə ev sahibliyi edir, siyasi, iqtisadi forumlar keçirilir. Birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Ondan iki il sonra İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası keçiriləcəkdir. Yəni, bütün bu hadisələr bir daha ölkəmizin dinamik inkişafını göstərir və beynəlxalq siyasi, iqtisadi, humanitar, idman elitasının Azərbaycana olan münasibətini əks etdirir.
Sizi bu gözəl qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə yeni qələbələr, yeni uğurlar arzulayıram.
***
Komandanın üzvü Şəhriyar MƏMMƏDYAROV əldə olunan qələbələrin ölkədə şahmatın inkişafına göstərilən qayğının təzahürü olduğunu bildirərək dedi:
- Cənab Prezident, milli komandanın bütün şahmatçıları adından Sizə təşəkkür edirik, "Çox sağ olun" deyirik ki, dəyərli vaxtınızı ayırıb bizi qəbul etmisiniz. Əslində bu, sadəcə bir görüş deyildir. Sizin hər bir böyük qələbədən sonra bizimlə görüşünüz bizi daha yüksək qələbələrə, daha da yaxşı nəticələr göstərməyə, həvəslə məşğul olmağa ruhlandırır. Çünki 2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramın nəticəsində Azərbaycanın bütün bölgələrində, rayonlarında, hər bir yerində şahmata çox böyük fikir verilir. Ona görə də bütün bu nəticələr, Avropa çempionatında uğurlarımız Sizin şahmata diqqət və qayğınızın nəticəsidir. Son 6 ildə biz 4 Avropa çempionatında iştirak etmişik. Bu çempionatların dördündə də medal qazanmışıq. Heç bir Avropa ölkəsi belə nəticə göstərə bilməyib. İnanmıram ki, kimsə, hansısa ölkə bunu təkrarlaya bilsin. Azərbaycan milli komandası iki dəfə Avropa çempionu olub. Qarşımızda duran əsas məqsəd əlbəttə ki, 2015-ci il Dünya kubokunda, 2016-cı il Şahmat Olimpiadasında qələbə qazanmaqdır. Bütün şahmatçılar adından söz veririk və çalışacağıq ki, bundan sonra da Azərbaycanı layiqincə təmsil edək. Azərbaycanın adı həmişə bizim üçün birinci olub. Biz şahmatçılar çalışırıq ki, getdiyimiz yarışlarda Azərbaycanın birinci olduğunu sübut edək. Zənnimcə, bu, bizdə pis alınmır. Gələcəkdə də çalışacağıq ki, daha yaxşı olsun.
Çox sağ olun.
***
Prezident
İlham ƏLİYEV:
- Sağ
olun, siz Azərbaycanın bayrağını, Azərbaycanın
şöhrətini yüksəklərə
qaldırmısınız. Bir daha demək istəyirəm
ki, bu qələbənin xüsusi yeri vardır. Çünki mən dəfələrlə demişəm,
Olimpiya oyunları elə bir yarışdır ki, burada ölkələr
öz imkanlarını ortaya qoyurlar. Bəlkə
də dünya miqyasında yeganə bir yarışdır, ya
müsabiqədir ki, orada ölkələrin idman reytinqi
açıq-aydın özünü göstərir. Çünki başqa sahələrdə mütəxəssislər
üçün hansı ölkənin hansı ölkədən
daha irəlidə olmasının təhlilini aparmaq imkanı
vardır. Misal üçün, iqtisadi sahədə
hansı ölkənin daha da irəlidə olmasını
müəyyənləşdirmək üçün müxtəlif
meyarlar vardır. Adi vətəndaş
üçün bunlar bir çox hallarda o qədər də
aydın deyildir. Yaxud da ölkələrin
siyasi çəkisi nə ilə ölçülür?
Əlbəttə ki, müəyyən parametrlər
vardır. Ancaq idmanda, xüsusilə,
Olimpiya oyunlarında bu, açıq-aydın göstərilir.
Hansı ölkə birinci yerdədir, ikinci yerdədir,
üçüncü yerdədir. Ona
görə, Olimpiya oyunlarında
idmançılarımızın dünya miqyasında 30-cu
yerə çatması və Avropada 15-ci yerə layiq
görülməsi ölkəmizin idman potensialını
göstərir.
Bu çempionat isə Avropa ölkələrinin
intellektual potensialını göstərir. Bu, intellektual
yarış idi. Bu, zəka, ağıl
yarışı idi. Bu qələbə
onu deməyə əsas verir ki, Avropanın ən
ağıllı insanları Azərbaycanda yaşayırlar.
Bax, budur bu qələbənin əsas mahiyyəti.
Bu gün Azərbaycan bu qələbə ilə
bir daha özünü intellektual mərkəz, Avropanın
intellektual mərkəzi kimi göstərir. Ona görə bu qələbənin doğrudan da,
çox böyük mənası vardır. Bu, bir daha onu göstərir ki, bizim xalqımız nə
qədər istedadlıdır, ağıllıdır.
Avropa qitəsində birinciliyi əldə etmək tarixi
qələbədir. Ona görə sizi bir daha ürəkdən
təbrik edirəm. Bu qələbə
tarixdə qalacaqdır. Azərbaycan iki dəfə
Avropa çempionu olmuşdur. Biz
bütün Avropa çempionatlarında medal
qazanmışıq. Yəni, bu qələbənin
böyük əsası vardır. Sizi bir
daha təbrik edirəm, Sizə gələcək uğurlar
arzulayıram. Federasiyanın bütün
işçilərini də, Gənclər və İdman
Nazirliyini də təbrik edirəm. Bu,
ümumi səylərinizin məhsuludur.
***
Sonra Azərbaycan
Şahmat Federasiyasının vitse-prezidenti Faiq HƏSƏNOV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident! Mən ilk növbədə,
şahmat ictimaiyyəti, şahmatçılar adından yenidən
Prezident seçilməyiniz münasibətilə Sizi təbrik
edirəm. Arzu edirəm ki, Siz həmişə
xalqımızın lideri olasınız. Çünki
bizim bütün qələbələrimiz Sizin
adınızla bağlıdır.
Siz çox gözəl dediniz ki, 1970-ci illərin sonunda
ulu öndərimiz tərəfindən Azərbaycan şahmat məktəbinin
bünövrəsi qoyulmuşdur. O vaxtlar yuxuda da görə bilməzdik
ki, bir neçə il keçəcək,
yəni, 20-30 ildən sonra Azərbaycan Avropanın ən
güclü şahmat ölkəsi kimi tanınacaqdır. Əlbəttə, o vaxt çox böyük işlər
görülmüşdür, şahmat məktəbləri
açılmışdır. O vaxt əsas məqsəd
uşaqları cəlb etmək idi. Bu məqsəd
sosial xarakter daşıyırdı. O vaxt bizim
rayonlarımızda heç bir nəfər də
şahmatçı yox idi. Bilirsiniz ki, Azərbaycanın
nəinki milli komandası, hətta gənclərin
komandasının üzvləri yox idi. Lakin
sonralar get-gedə, nəhayət, müstəqillik
dövründə vəziyyət tamam dəyişdi. Ulu öndərimiz 1998-ci ildə bu uşaqları, -
o vaxt hələ uşaq idilər, 10 yaşları var idi, - qəbul
etdi və onlara dəstək, kömək, maddi yardım
göstərdi. Bilirsiniz ki, o çətin
illərdə bu, böyük uzaqgörənlik idi. Ulu öndər bilirdi ki, bu uşaqların gələcəyi
vardır və o illərdə maddi yardım çox
böyük məna daşıyırdı. Çünki şahmatçının
inkişafı üçün mütləq məşqçi,
turnirlərdə iştirak etmək lazım idi. Ulu öndər bilirdi ki, doğrudan da, istedadlı
uşaqlar gələcəkdə ölkəmizi dünyada belə
tanıdacaqlar, ona görə onlara dəstək olurdu,
onların əlindən tuturdu. Mən
çox təəssüf edirəm ki, ulu öndərimiz indi
yoxdur, qələbənin şahidi olub görərdi ki, onun
yetirmələri dünyada necə tanınmış şahmatçılardır.
Şahmat məktəblərinin Sizin tərəfinizdən yenidən qurulması Azərbaycanda şahmatın inkişafına yeni təkan verdi. Sizin hər hansı bir şahmat məktəbində olmağınızdan, uşaqlarla görüşməyinizdən sonra oraya çox axın olur, çox uşaq gəlir. Misal üçün, Naxçıvanda şahmat məktəbinin açılışında iştirakınızdan sonra burada şahmata yazılanların sayı sürətlə artıb. Deyirlər ki, Sizin açılışda iştirakınız uşaqlarda şahmata böyük maraq yaradıb. İndi Naxçıvan Muxtar Respublikası şahmatın sürətlə inkişaf etdiyi bir yerdir. Mən bir daha Sizə minnətdarlığımı bildirirəm ki, nəinki şahmatçılara, bütün idmançılara yüksək diqqət göstərirsiniz. Siz onları həm maddi, həm də mənəvi cəhətdən həvəsləndirirsiniz. İlin sonunda onlara mükafat verirsiniz. Bu, Sizin şahmata, idmana olan münasibətinizin göstəricisidir. Mən hər dəfə vurğulayıram, vaxt gələcək idmançılarımız deyəcəklər ki, biz qızıl əsrdə yaşamışıq. Cənab Prezident! Sizin dövrünüzdə doğrudan da, idmançılar qızıl əsrdə yaşayırlar. Bir daha Sizə minnətdaram.
Prezident İlham ƏLİYEV:
- Çox sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 21 noyabr.- S.1.