Bakıda Belarus
Respublikasının səfirliyinin yeni
binasının açılışı olmuşdur
Belarus Prezidenti Aleksandr
Lukaşenkonun Azərbaycana rəsmi səfəri
Mərasimdə Azərbaycan
Prezidenti İlham Əliyev və Belarus
Prezidenti Aleksandr Lukaşenko
iştirak etmişlər
Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yeni binasının açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.
Milli geyimli qız prezidentlərə duz-çörək təqdim etdi.
Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirildi, Belarusun dövlət bayrağı qaldırıldı.
Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenkonun iştirakı ilə 2010-cu ildə təməli qoyulan səfirlik binasının inşası yüksək səviyyədə həyata keçirilmişdir.
Məlumat verildi ki, dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcəkdir. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunmuşdur.
Prezidentlər səfirliyin binasında
yaradılmış şəraitlə tanış oldular.
Sonra
dövlət başçıları səfirliyin həyətində
ağac əkdilər.
Daha sonra Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun MAZ zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış oldular.
Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələr 1993-cü ildə qurulmuşdur. 2006-cı ilin fevralında Belarusun Azərbaycanda, həmin ilin avqustunda isə Azərbaycanın Belarusda səfirlikləri açılmışdır. Hazırda ölkələrimiz arasında yüksək səviyyəli diplomatik münasibətlər mövcuddur. Azərbaycan ilə Belarus bütün sahələrdə uğurlu əməkdaşlıq edir və təsadüfi deyil ki, indiyə qədər ölkələrimiz arasında əməkdaşlığa dair 92 sənəd imzalanmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri isə ikitərəfli münasibətləri daha da möhkəmləndirmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 21 noyabr.- S.2.