Tehranda «İlham: Bir Prezidentin portreti» kitabının təqdimatı keçirilmişdir

 

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin İranda fars dilində nəşr etdirdiyi "İlham: Bir Prezidentin portreti" kitabının təqdimatı keçirilmişdir.

İranın tanınmış simalarının iştirak etdikləri təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov görkəmli tədqiqatçı Qril H.Vilson tərəflindən ingilis dilində yazılmış qırx bölmədən ibarət kitab barədə ümumi məlumat vermişdir. Qeyd olunmuşdur ki, əsərdə Azərbaycanın qədim tarixindən, XX əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyindən, sovet rejimi dövründəki ictimai-siyasi proseslərdən, təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli inkişafdan bəhs edilir.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin misilsiz nəticələr verdiyini, ölkəmizin dünyada tanıtdırılması istiqamətində sistemli siyasət aparıldığını, dövlətimizin beynəlxalq aləmdəki mövqelərinin əzmlə möhkəmləndiyini vurğulayan səfir bildirmişdir ki, bütün bu nüanslar kitabda öz əksini tapmışdır.

İran Ekologiya Nazirliyinin müşaviri, Dünya Dinlər Araşdırma Mərkəzinin üzvü, səfir Əli Əşrəf Moctəhed Şəbüstəri, Tehrandakı Fars dili Ədəbiyyatı Akademiyasının böyük elmi işçisi Əli Ələsgərzadə Məhrami, Azərbaycan Dövlət Neft Şirkətinin İran nümayəndəliyinin rəhbəri Oqtay Sadıqzadə kitab barədə təəssüratlarını bölüşmüşlər.  Natiqlər qeyd etmişlər ki, kitabda XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri geniş təhlil edilmiş, sovet hakimiyyətinin ölkəmizə gətirdiyi bəlalar barədə ətraflı məlumat verilmişdir. Azərbaycanın XX əsrin əvvəllərində qarşılaşdığı hakimiyyət böhranını əsrin sonlarında təkrar yaşadığını diqqətə çəkən müəllif yazır ki, hər iki halda Ermənistanın işğalçılıq siyasəti Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş təcavüz kimi tarixə düşmüşdür. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xilaskar missiyasını ləyaqətlə daşımış, təcavüzkar Ermənistanı atəşkəsə məcbur etmiş, həyata keçirdiyi uzaqgörən neft strategiyası ilə region ölkələrinin kompleks inkişafı üçün yeni şərait yaratmışdır. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Azərbaycan beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmiş, bütün parametrlər üzrə güclənmiş, xalqın rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Yüksək dizayna və nəfis poliqrafiyaya malik 512 səhifəlik kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərinə, ulu öndər Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarına, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair nadir fotolar yerləşdirilmişdir.

Kitabda əksini tapan faktlar, dəyərli fikir və mülahizələr Azərbaycanın tarixini və müasir dövrünü tədqiq edən farsdilli mütəxəssislər üçün də dəyərli mənbədir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Azərbaycan.-2013.-  21 noyabr.- S.4.