Bakıda Akademik Mahmud Kərimovun 65 illik yubileyinə

 həsr olunmuş «Radiasiya tədqiqatları və onların praktiki

 aspektləri» mövzusunda VIII konfrans

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda görkəmli alim, bacarıqlı elm təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunmuş "Radiasiya tədqiqatları və onların praktiki aspektləri" mövzusunda VIII konfrans keçirilir.

AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA-nın Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Polşa, Rusiya və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev,  Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov görkəmli alim akademik M.Kərimovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışmışlar.

Bildirilmişdir ki, M.Kərimov 1948-ci il oktyabrın 18-də İrəvan şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüş, burada orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunmuş və 1971-ci ildə ali təhsilini başa vurmuşdur. O, 1975-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında oxumuşdur.

Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan M.Kərimov 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis vəzifəsində çalışmış, 1974-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və laboratoriya rəhbəri vəzifələrində işləmiş, 1984-2001-ci illərdə isə həmin sektorun direktoru olmuşdur.

Alim 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən M.Kərimov ömrünün sonunadək bu vəzifədə çalışmışdır.

Akademik M.Kərimovun elmi fəaliyyəti çoxşaxəli olmuş, elektron paramaqnit rezonans, elektrik sahəsi, polimer, foto, radiasiya proseslərdən başlanmış və ötən əsrin 90-cı illərində oksid birləşmələr və onların əsasında heterogen sistemlər, yarımkeçiricilər, neft, poliaromatik birləşmələr sahələrini də əhatə etmişdir.

AMEA-nın Radiasiya Problemləri İnstitutunda M.Kərimovun rəhbərliyi ilə nüvə enerjisinin dinc məqsədlərlə qeyri-energetik istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Nüvə Təhlükəsizlik Departamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir.

Alimin dəstəyi nəticəsində Radiasiya Problemləri İnstitutunda Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 6 milli və çoxlu sayda regional layihələr reallaşdırılmışdır. Həmin layihələr nəticəsində institutda Beynəlxalq Nüvə İnformasiya Sisteminin Azərbaycan bölümü yaradılmış, ölkəmizdə nüvə və radioaktiv materialların monitorinq laboratoriyası təşkil edilmiş, Tədqiqat Nüvə Reaktorunun elmi-iqtisadi əsaslandırılması həyata keçirilmiş, radiasiyalı texnologiyaların imkanları genişləndirilmişdir.

Akademik M.Kərimovun Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rolu olmuşdur.    

Dəyərli elmi əsərlərin müəllifi olan alim dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq simpoziumlarda, konfranslarda məruzələr etmişdir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və digər alimlər də akademik M.Kərimovun elmin inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən bəhs etmiş, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulamışlar.

Sonra nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya və digər mövzular üzrə bölmə iclasları olmuşdur.

Konfrans noyabrın 21-də başa çatacaqdır.

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.4.