Türkiyə və Azərbaycan arasında hüquq sahəsində

 münasibətlər uğurla inkişaf edir

 

Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinə əsaslanan münasibətlər müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. Bu əlaqələr çərçivəsində iki ölkənin ədliyyə, məhkəmə, prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri, vəkilliyin nümayəndələri müntəzəm qarşılıqlı səfərlər edir, birgə tədbirlər həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 20-də Azərbaycanda səfərdə olan Türkiyə Vəkillər Birliyinin nümayəndə heyəti ilə nazirlikdə görüş keçirilmişdir.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin, o cümlədən zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin dinamik inkişafdan danışan nazir müavini Azər Cəfərov dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında mühüm rolunu, respublikamızda keçirilmiş  növbəti prezident seçkilərində xalqın böyük dəstəyi ilə inamlı qələbə qazanaraq yenidən dövlət başçısı seçilmiş Azərbaycan Prezidenti İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyə Respublikasına etdiyini xüsusi vurğulamışdır. Nazir müavini dövlətimizin başçısının rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarından, habelə iki ölkənin ədliyyə nazirlikləri və akademiyaları arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən söhbət açmış, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirak etdiyini, qardaş ölkənin müsbət təcrübəsindən bəhrələndiyini bildirmişdir.

Respublikamızda vəkilliyin tarixi, bu sahəni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsində, ədalət mühakiməsinin həyata keçirilməsində və insan hüquqlarının qorunmasında vəkillərin rolu barədə məlumatlar nümayəndə heyəti tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycana səfərindən məmnun qalan Türkiyənin nümayəndə heyəti yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, ölkəmizin hərtərəfli dinamik inkişafını təqdir etmişdir. Qonaqlar Türkiyə Vəkillər Birliyinin fəaliyyəti, qurumun ölkənin qanun yaradıcılığında iştirakı barədə məlumat vermişlər. Həmçinin vəkillik orqanları arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən vəkillərin tədrisi, mülki məsələlərin həllinə kömək, məhkəmə qərarlarının tanınması, vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində birgə səylərin artırılmasının, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışlar.

Türkiyəli vəkillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinin, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak etmək, bu məqsədlə beynəlxalq tədbirlər keçirmək niyyətində olduqlarını bildirmişlər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə yaradılmış ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.4.