Məhkəmə-hüquq sisteminin
müasirləşdirilməsi
insan
hüquqlarının etibarlı təminatına xidmət edir
Antik yunan mütəfəkkiri Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Belə dahi şəxsiyyətlər xalqlarının taleyində əvəzsiz rol oynayaraq tarixdə əbədiyaşarlıqlarını təmin etmişlər.
XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət - ümummilli lider Heydər Əliyev də özünün mükəmməl dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verərək bu meyarları demokratik inkişafın başlıca leytmotivi saymışdır. "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz" deyərək ictimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin başlıca formuluna çevirən Heydər Əliyev dühası yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab edirdi.
İndi mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün hüquqi dövlət ideyasının reallaşdırılması istiqamətində ilk addımlar ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonra atılmışdır. İlk gündən respublika həyatı ilə bağlı ən müxtəlif problemlərə toxunan ümummilli lider hüquq-mühafizə orqanlarındakı nöqsanlar, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə toxunmuş, mövcud problemlərin həlli yollarını göstərmişdir.
Yaxşı xatırlayırıq ki, 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. Həmin ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmiş, onu çevriliş, qiyam cəhdlərindən qoruyaraq dirçəliş və inkişafa doğru yönəltmişdir.
1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbulu olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Ümummilli lider insan hüquq və azadlıqlarının təminatı naminə bəzən riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Bu baxımdan 1993-cü ildən ölüm cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, ölüm cəzasının ləğvi Avropa Şurasının üzv-dövlətlər qarşısında qoyduğu əsas tələblərdən biridir.
Ölüm
cəzası tam ləğv olunmazdan əvvəl cəmiyyətdə
geniş ictimai müzakirəyə
çıxarılmış, Avropa Şurası ilə
geniş məsləhətləşmələr
aparılmışdır. Ulu öndər 1998-ci il fevralın
3-də Milli Məclisə ölüm cəzasının ləğvi
ilə bağlı müraciətində cinayət-hüquq
siyasətini hərtərəfli təhlil edərək ədalət,
azadlıq, humanizm və insanpərvərlik kimi yüksək
idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının
ləğv edilməsi qənaətinə gəldiyini
bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır.
Müzakirələrdən sonra Milli Məclis ölüm cəzasının
ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini
dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir
tarixi qərar qəbul etmişdir.
Fransız
filosofu Deni Didro özünün "Fəlsəfi
düşüncələr"ində yazırdı ki, ən
pis qanun işləməyən qanundan daha yaxşıdır.
Bu mənada, Azərbaycanda qanunların yeni dövrün tələblərinə
uyğun müasirləşdirilməsi prosesi mütərəqqi
dünya təcrübəsi nəzərə alınmaqla həyata
keçirilmiş, 1996-2003-cü illərdə respublikamız
insan hüquq və azadlıqlarının, demokratik təsisatların
təminatı ilə bağlı bir sıra beynəlxalq
konvensiyalara, sazişlərə qoşulmuşdur. 1998-ci ilin 22
fevralında ümummilli lider Heydər Əliyev "İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" Fərman imzalamış, insan hüquqları
sahəsində həyata keçirilən tədbirlərin
istiqaməti və konsepsiyası səhih şəkildə
müəyyən edilmişdir. İnsan hüquqları sahəsində
proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi
ümumdövlət səviyyəsinə
qaldırılmışdır.
Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl prinsiplərindən biridir. Yunan filosofu Platon yazırdı ki, "Ədalətlə idarə olunan cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır". Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli Sərəncamı
ilə yaradılmış Hüquqi İslahat Komissiyası tərəfindən
işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq
islahatları sahəsində atılan ilk mühüm
addımlar olmaqla, müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaratmışdır. 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər
barədə" Fərman əsasında ardıcıl olaraq
gerçəkləşdirilən məhkəmə
islahatlarının başlıca məqsədi kimi qanunun
aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət
idarəçilik mexanizmində nüfuzlu və müstəqil
təsisat kimi təşəkkül tapması, ədalət
mühakiməsinin həyata keçirilməsi zamanı insan
hüquq və azadlıqlarının müdafiəsinin
yüksək səviyyədə təşkili, peşəkar
hakim korpusunun formalaşdırılması və digər
konseptual məsələlər hədəflənmişdir.
Həmin qanuna əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, ölkədə birinci instansiya, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra qanunla nəzərdə tutulan hallarda apelyasiya qaydasında baxılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgün və obyektiv baxılmasına şərait yaradır.
"Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2000-ci il 17 yanvar tarixli Fərman isə hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan tədbirlər görülmüşdür. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir.
Məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırmış, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış "cəza orqanı" təəssüratı aradan qalxmışdır. Təsadüfi deyildir ki, məhkəmələrə müraciətlərin sayı xeyli artmağa başlamış və həmin dövrlə müqayisədə işlərin sayı hazırda 7 dəfəyədək çoxalmışdır. Paralel olaraq prokurorluqda genişmiqyaslı islahatların aparılmasını təmin edən ulu öndər bu orqanın tamamilə müasirləşməsinə nail olmuşdur. Bu zaman keçmiş sovetlər birliyi dövründə qeyri-məhdud səlahiyyətlərə malik olmaqla, hətta Konstitusiya Məhkəməsinə aid bir sıra funksiyaları həyata keçirən prokurorluğun geniş statusunun ölkənin yeni inkişaf konsepsiyası ilə uzlaşmaması da nəzərə alınmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Baş Prokurorluqda aparılan islahatların əsas qayəsi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minmiş "Prokurorluq haqqında" qanunun müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır. Mütərəqqi ruhlu bu qanun prokurorluğun totalitar rejimə xas bəzi funksiyalardan azad olmasına, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasına ciddi hüquqi zəmin formalaşdırmışdır.
İctimai münasibətlər sisteminin
hüquqla tənzimləndiyini, sovet dövründən
qalmış qanunvericiliyin müasir tələblərə
cavab vermədiyini böyük müdrikliklə nəzərə
alan ulu öndər Heydər Əliyev bir sıra yeni məcəllələrin
qəbulunu da xüsusi diqqət mərkəzində
saxlamışdır. Məsələn, 1999-cu il 28 dekabr
tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin
məqsədi üçüncü şəxslərin
hüquqlarına xələl gətirmədən mülki
dövriyyənin azadlığını onun
iştirakçılarının bərabərliyi əsasında
təmin etməkdir. 1999-cu il 30 dekabr tarixli Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi isə
ölkənin cinayət qanununun vəzifələri və
prinsiplərini müəyyən edir. Məcəllə Azərbaycan
Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə
əsaslanır.
11 iyul 2000-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. İnzibati məsuliyyət müəyyən edən və inzibati xətalar törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
2000-ci il 14 iyul tarixli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi isə cinayət qanunvericiliyində nəzərdə tutulmuş əməllərin törədilib-törədilməməsini, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.
Ölkədə qanunçuluğun möhkəmləndlirilməsi məqsədilə yuxarıda sadalanan məcəllələrin hamısı 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmişdir.
Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət mühakimə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.
2009-cu ilin 18 martında keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasına cinayət-prossesual qanunvericilikdə təqsirsizlik prezumsiyasının daha da dəqiqləşdirilməsi ilə bağlı edilən dəyişiklik böyük əhəmiyyət kəsb etməklə məhkəmələrin fəaliyyətində də hüquqi müəyyənliyi daha da gücləndirmişdir.
Bu gün fəxrlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyətin həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yenilənmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.
Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə", "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.
Məhkəmə-Hüquq Şurasının tərkibinin yenilənərək əsasən hakimlərdən, eyni zamanda ölkə Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılması onun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət etmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.
19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərman məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Fərman əsasında həmçinin, Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.
Xatırlatmaq lazımdır ki, həmin fərmana qədər Azərbaycanda yalnız bir Apelyasiya Məhkəməsinin fəaliyyət göstərməsi ilk növbədə, regionlarda yaşayan insanlar üçün ciddi problemlər doğurur, onların qanuni mənafelərinin yüksək səviyyədə təminatına əngəllər yaradırdı. Vətəndaşlar birinci instansiya məhkəmələrinin qərarlarından verdikləri apelyasiya şikayəti ilə əlaqədar uzaq məsafə qət edərək Bakı şəhərinə gəlməyə, əksər hallarda prosesin müəyyən səbəblərdən təxirə salınması ilə bağlı geriyə dönməyə məcbur olurdular. Apelyasiya şikayətlərinin çoxluğu əksər hallarda ədalətli məhkəmə araşdırması apararaq qətnamə çıxarmaq imkanlarını da məhdudlaşdırırdı. Regionlarda apelyasiya məhkəmələrinin fəaliyyətə başlaması bu sahədə ciddi dönüş yaratmış, vətəndaşların apelyasiya məhkəmələrinə müraciət imkanları asanlaşmışdır.
Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Dövlət başçısı İlham Əliyevin hələ 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" Fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat artırılmışdır. Bundan başqa, son illərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur.
Şübhəsiz,
məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil
təsisat kimi təşəkkül tapması bu hakimiyyəti
realizə edən hakimlərin peşəkarlığı,
onların mənəvi keyfiyyətləri ilə bilavasitə
bağlıdır. Bununla əlaqədar vətəndaşların
haqlı narazılığına səbəb olan qanun
pozuntularının aradan qaldırılması, məhkəmə
hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən
saf hakimlərlə komplektləşdirilməsi üzrə
ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin
tərkibi təzələnmişdir. Həmçinin, hakimliyə
namizədlərin ən şəffaf üsullarla seçilməsi
qaydası müəyyən edilmişdir. Çoxsaylı
imtahan və müsahibələrdən, namizədlərin
hakim vəzifələrinə hazırlanmaları
üçün uzunmüddətli kurs və təcrübədən
ibarət olan bu seçim proseduru Hakimlərin Seçki Komitəsi
tərəfindən həyata keçirilir.
Son illər Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd arasından seçilmiş 311 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. Bundan başqa, korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.
Ümumiyyətlə, ötən illərdə ölkədə 20-dən artıq yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Son illər hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarla yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir. Müasir texnologiya və avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilmiş yeni məhkəmə binalarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılmışdır. Müasir konfrans zallarında hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır. Zalda təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış zirehli şüşə otaqda saxlanılır. Məhkəmədə ilk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı video konfrans telefon sistemi ilə 6 qurumla eyni vaxtda müzakirələr aparmaq mümkündür.
Yeni binaların bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibati və ictimai zonalara bölünürlər ki, hər iki zonanın da girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır.
Dövlət başçısı İlham Əliyev ötən illərdə məhkəmələrin cəmiyyətdə yüksək nüfuzunun təmini baxımından onların qəbul etdikləri qərarların icrası prosesinə nəzarətin gücləndirilməsinə xidmət edən bir sıra mühüm fərmanlar, sərəncamlar da imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın 33-cü bəndinə, habelə bu strategiyanın ədliyyə orqanlarında icrası ilə bağlı Tədbirlər Planının 49-cu bəndinə əsasən, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün bu sahədə qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan müvafiq qanun layihəsi hazırlanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bəzi qanunlara əlavə və dəyişiklər edilmişdir.
"İcra haqqında" yeni qanuna əsasən, icra məmuru icra sənədində göstərilən tələbin könüllü olaraq icra edilməsi üçün borcluya 10 günədək müddət təyin edir. Əvvəlki qanunvericilikdə isə həmin müddət cəmi 5 gün nəzərdə tutulmuşdu. Müddətin uzadılması borcluya icra ilə əlaqədar problemlərinin həllinə imkan yaradır. İcra prosesində yaranan çətinliklərdən biri də icranın məcburi dayandırılması ilə əlaqədar olan hallar idi. Borclu bəzi işlər üzrə məhkəmə qətnaməsi ilə razılaşmadığını və həmin qərardan şikayət verdiyini əsas götürərək icra sənədinin tələblərini yerinə yetirməkdən imtina edirdi. Qanuna edilmiş əlavəyə əsasən, "İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır". Bu normanın qanuna əlavə edilməsi icra prosesində yarana biləcək əsassız şikayətlərin qarşısını alır.
2006-cı ildə Milli Məclisdə qəbul olunmuş "İnzibati İcraat haqqında" qanun da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qanunun məqsədi dövlət orqanları tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
Son illərdə qəbul olunmuş qanunlar sırasında 2009-cu il 30 iyun tarixli İnzibati-Prosessual Məcəllənin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
Məcəllənin 2-ci maddəsinə əsasən (İnzibati mübahisələrin məhkəmə aidiyyəti), qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı ilə yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələrin yaradılması təmin edilmişdir.
Bundan başqa, həmin fərmanla 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi; 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt Yerli İqtisad Məhkəməsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şəki Yerli İqtisad Məhkəməsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan Yerli İqtisad Məhkəməsi əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır
2011-ci il yanvarın 1-dən iqtisadi xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanuna müvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.
2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə" Azərbaycan Respublikasının Qanunu məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın təmini baxımından mühüm əhəmiyyətə malikdir. Qanuna əsasən, məhkəmələrin fəaliyyəti haqqında informasiya dedikdə - məhkəmələr, Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan və ya həmin orqanlara daxil olan məhkəmələrin fəaliyyətinə aid informasiyalar nəzərdə tutulur. Məhkəmələr və hakimlər haqqında, o cümlədən məhkəmələrin, Məhkəmə-Hüquq Şurasının və müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri və fəaliyyət qaydası, məhkəmə icraatının qaydası və bununla bağlı digər məsələləri əhatə edən Azərbaycan Respublikasının qanunvericiliyi, konkret işlər üzrə məhkəmə aktları və məhkəmələrin fəaliyyətini tənzimləyən digər aktlar da məhkəmələrin fəaliyyəti haqqında informasiyaya aiddir.
Qanuna
görə, məhkəmələrin fəaliyyəti
haqqında informasiya dövlət sirrinə və ya qanunla
qorunan digər sirlərə aiddirsə, həmin
informasiyanın əldə edilməsi məhdudlaşdırılır.
Əldə edilməsi məhdudlaşdırılan
informasiyanın siyahısı "İnformasiya əldə
etmək haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunur. Həmin qanuna əsasən,
yuxarıda göstərilən informasiyalar vətəndaşlar
üçün açıq hesab edilir.
Azərbaycan Prezidenti İlham Əliyev ötən 10 ildə vətəndaşların mənafeyinə hesablanmış çoxşaxəli hüquqi, iqtisadi-siyasi islahatların uğurla davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətində müşahidə olunan çatışmazlıqların, süründürməçilik hallarının və bununla əlaqədar əsaslı ictimai narazılıqların tamamilə aradan qaldırılmasına xüsusi diqqət yetirir. Azərbaycanda məhkəmə sistemi daim müasirləşdirilir, möhkəmləndirilir, təkmilləşdirilir və dünya standartları səviyyəsinə uyğunlaşdırılır. Bu isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə hakimiyyəti tərəfindən qorunmasına daha yüksək səviyyədə təminat verilməsi deməkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 21 noyabr.- S.5.