Tarixi zərurətdən yaranan ali partiya

 

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrə biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində mühüm addımlar atmışdır.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyi əldə etsə də, həmin dövrdə hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişdilər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi bütövlükdə Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Nizami ordunun olmaması, xalqın düşmənə qarşı lazımi səviyyədə səfərbər edilməməsi son nəticədə Azərbaycanı cəbhə bölgəsində ciddi uğursuzluqlarla üzləşdirmişdi.

Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası da Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə siyasi səhnəyə çıxdı. 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının (YAP) yarandığı elan olundu. Tarixi zərurətdən yaranan YAP Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul edildi. Bunun da səbəbi o idi ki, partiyanın başında dahi siyasətçi Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi şəxsiyyət dayanırdı.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının ulu öndərə mətbuatda dərc olunan müraciətində deyilirdi: "İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Sız, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respulilikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir".

Belə də oldu. YAP bu işlərin öhdəsindən gəldi. 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev böyük qətiyyət və bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuşdur. Ulu öndər bir qrup ziyalı ilə birgə Bakıdan Gəncəyə yola düşərək baş vermiş silahlı qarşıdurmanın əsl səbəblərini araşdırmış, özünün müdrik və uzaqgörən addımları ilə silahlı qarşıdurmanın miqyasının genişlənməsinin qarşısını almışdır. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Beləliklə də 15 iyun Azərbaycanın böyük faciə və dəhşətlərdən qurtulmasının rəmzi ifadəsinə çevrilmiş, xalqımızın qəlbində özünə möhkəm yer tapmışdır. Ümummilli lider YAP-a söykənərək dövlətçiliyimizin qorunması və inkişafını həyata keçirmişdir.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu dövlətimizin layiqli rəhbəri seçmiş, müdrik liderin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" - deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə başlamışdır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Müstəqillik illərində Azərbaycan dili sözün həqiqi mənasında, müstəqil Azərbaycanın dövlət dilinə çevrildi.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etməkdən və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Ulu öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını xalqına bəxş etmiş Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə özünün layiqi davamçısı kimi təqdim etdiyi İlham Əliyevin son 10 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin fikrin təsdiqləndiyini görürük. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu hər kəsə yaxşı məlumdur. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir.

2013-cü ilin iyunun 7-də YAP-ın V qurultayında çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bəyan etmişdi ki, partiyanın qurultayı Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm  hadisədir. Qurultay, ilk növbədə göstərmişdir ki, sıralarında 600 minə yaxın insanı birləşdirən partiya nəinki Azərbaycanda, eyni zamanda bölgədə çox böyük siyasi qüvvədir. Ötən il 20 illik yubileyini qeyd etmiş partiyanın siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, sıralarına üzv olmaq istəyənlərin sayı, habelə ideyalarının cəlbedici gücü ilbəil artır.

Qurultayda dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, YAP-ın tarixi ölkəmizin müstəqillik tarixi ilə üst-üstə düşür: "Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. 1992-ci ildə bu tarixi hadisə bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan reallıqlarını faktiki olaraq şərtləndirmişdir. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır".

Azərbaycan xalqı ölkəmizin davamlı inkişafı naminə bu ilin 9 oktyabrında keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa dəstək verdi. Seçicilərin mütləq əksəriyyətinin səsini qazanan İlham Əliyev növbəti 5 il müddətinə ölkə başçısı seçildi. Xalq tərəfindən bu siyasi kursa yenidən dəstəyin verilməsi ölkəmizin son on ildə keçdiyi uğurlu inkişaf yoluna əsaslanır. Vətənə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı cənab İlham Əliyev respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirərək sosialyönümlü islahatların davam etdirilməsi üçün prioritetləri açıqlamışdır. Ötən 10 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir.

 

 

 

Amil CAVADOV,

YAP Ağdam rayon təşkilatının sədr müavini, Gənclər Birliyinin sədri

Azərbaycan.-2013.-  21 noyabr.- S.6.