Yeni Azərbaycan Partiyası
müstəqilliyimizin qorunması və
dövlətçiliyimizin möhkəmlənməsində
mühüm rol oynamışdır
Yeni
Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında
partiyanın yaradılmasının 21-ci ildönümü
münasibətilə tədbir keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə tədbir
iştirakçıları ümummilli lider Heydər Əliyevin
təşkilatın inzibati binasındakı büstü
önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva demişdir ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın yaranmasında və inkişafında mühüm rol oynamışdır.
YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın şərəfli mübarizə tarixindən, ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısında misilsiz xidmətlərindən danışmışdır.
Mübariz Qurbanlı bildirmişdir ki, bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
M.Qurbanlı diqqətə çatdırmışdır ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası sıralarında 600 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan YAP-ın xidmətlərindən ətraflı bəhs etmişdir. O demişdir ki, YAP-ın hakim partiya olduğu illərdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır, onun beynəlxalq aləmdə yeri və nüfuzu getdikcə artır.
Veteran YAP-çı Edelman Məmmədov bildirmişdir ki, YAP Azərbaycan tarixinin kəşməkəşli günlərində xalqımızın ağır sınaqlara məruz qaldığı bir dövrdə - 1992-ci il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP ötən 21 ildə çətin və şərəfli yol keçmiş, Azərbaycanı bir çox bəlalardan xilas edib dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində mühüm rol oynamışdır.
YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Asim Qədirov Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. O demişdir: "YAP yeganə milli siyasi qüvvədir ki, burada gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait vardır".
Sonda
YAP-ın sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr,
rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir
qrup partiya üzvünə fəxri fərmanlar təqdim
olunmuşdur.
Azərbaycan.-2013.- 21 noyabr.- S.7.