Birinci Bakı Beynəlxalq turizm filmləri festivalı açılmışdır

 

Noyabrın 20-də Nizami Kino Mərkəzində Birinci Bakı Beynəlxalq turizm filmləri festivalının təntənəli açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Azərbaycanın turizm potensialını əks etdirən fotosərgi ilə tanış olmuşlar.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən, ölkəmizdə turizm sahəsində qazanılan uğurlardan, bu il Azərbaycanın Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçildiyindən danışmışdır. Vurğulamışdır ki, belə yüksək inkişaf məhz Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi qayğısı və böyük diqqəti sayəsində reallaşmışdır.

Azərbaycanın böyük turizm potensialının dünyada təbliğinin əhəmiyyətindən danışan nazir festivalın keçirilməsini yüksək qiymətləndirmişdir.

Bildirilmişdir ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına da diqqəti cəlb etməyi qarşısına məqsəd qoymuşdur.

Diqqətə çatdırılmışdır ki, ilk addım olduğuna baxmayaraq festivala dünyanın 45 ölkəsindən qonaqlar gəlmişlər.

Festivalın Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimatı ilə açıldığını deyən nazir bu iki ölkə arasında mədəniyyət əlaqələrinin genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusilə vurğulamışdır.

Nazir Ə.Qarayev bu festivalın iki ildən bir ənənəvi olaraq Azərbaycanda keçiriləcəyinə ümidvar olduğunu demişdir.

Sonra "Qafqaza qayıdış" sənədli filminin yaradıcı heyəti səhnəyə çıxmışdır.

Bildirilmişdir ki, məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir. Filmin ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno FrileyCavid İmamverdiyevdir.

Ekran əsərində 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqları şərh edilir, onun izi ilə J.Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. Filmdə məşhur aktyorun vasitəsi ilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi aydın olur. A.Düma kimi J.Depardye də səyahət zamanı maraqlı insanlarla rastlaşır, bir-birindən gözəl yerləri kəşf edir.

Sonra film nümayiş etdirilmişdir.

Birinci Bakı Beynəlxalq turizm filmləri festivalının müsabiqəsi 7 nominasiyadan ibarətdir. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim etmişdir. 31 ölkədən 74 rejissorun 78 filmi müsabiqəyə buraxılmışdır. Müsabiqənin proqramında 14 azərbaycanlı rejissorun da filmləri yer almışdır.

Münsiflər heyəti hər kateqoriyada 3 film seçəcəkdir. Birinci yerə qızıl mükafat, ikinci yerə gümüş mükafat, üçüncü yerə bürünc mükafat - təqdim ediləcəkdir.

Festivalın ən yaxşı filminə isə "Qran-pri" - diplom, mükafat və 4000 avro pul təqdim olunacaqdır.

Bakı Beynəlxalq turizm filmləri festivalının rəsmi sponsoru "Qarant Holdinq", sponsoru "Nar Mobile", rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku" hoteli, informasiya dəstəkləri İctimai Televiziya, "APA Holdinq" və day.az saytıdır. Festivalın təşkilatı işlərini "Azanfilm" studiyası həyata keçirir.

Filmlər noyabrın 21-dən 23-dək hər gün səhər saat 11:00-dan etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaqdır. Giriş sərbəstdir.

Festivalın qonaqları üçün noyabrın 21-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna, noyabrın 23-də Qobustan Tarix-Mədəniyyət və Landşaft Qoruğuna və palçıq vulkanlarına ekskursiyalar təşkil olunacaqdır.

Festivalın bağlanış və mükafatlandırma mərasimi noyabrın 23-də nəzərdə tutulmuşdur.

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.7.