Türkiyədə «Azərbaycan həftəsi»
adlı silsilə tədbirlər olmuşdur
Noyabrın 18-20-də Türkiyədə "Azərbaycan həftəsi" adlı silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak etmişdir.
SAM-dan AzərTAc-a bildirmişlər ki, tədbirlər çərçivəsində Yalova, Edirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlər keçirilmişdir.
Azərbaycan nümayəndə heyəti Yalova şəhərində vali Esengul Civelek, deputat Təməl Coşkun, Yalova Universitetinin rektoru Niyazi Ereslu, prorektoru Əli Rza Abay, universitetin beynəlxalq əlaqələr departamentinin rəhbəri Kənan Dağçı ilə də görüşlər keçirmişdir.
Yalova Universitetinin və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə nümayəndə heyətimizin üzvləri məruzələrlə çıxış etmişlər.
Nümayəndə heyəti, həmçinin Bursada vali Munir Karaloğlu, Bursa Böyükşəhər bələdiyyə sədri Rəcəb Altepe və Uludağ Universitetinin rektoru Kamil Dilek ilə görüşmüş, Uludağ Universitetində tələbələri və müəllimləri maraqlandıran suallara cavab vermişdir.
Görüşlərdə SAM-ın direktoru Fərhad Məmmədov "Azərbaycanın xarici siyasəti hara gedir?", Milli Məclisin deputatı Musa Qasımlı "Azərbaycan-Türkiyə münasibətləri", Mərkəzin aparıcı elmi işçiləri Cavid Vəliyev "Regional layihələrə Azərbaycanın baxışı", və Zaur Vəliyev "Azərbaycanın iqtisadi siyasəti regional çərçivədə", "Qafqaz" Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə Azərbaycanın mövqeyi", Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı "2015-ci ilə doğru Azərbaycanın mövqeyi" və APA TV-nin direktoru Vüqar Məsimoğlu "Türkiyə-Azərbaycan əlaqələrinə medianın təsiri" mövzularında çıxışlar etmişlər.
Türkiyədə
"Azərbaycan həftəsi"nin yekun tədbiri Ankarada
Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi
ORSAM ilə birgə keçirilən "Dəmirdən ipək
yolu: Bakı-Tbilisi-Qars dəmir yolu" mövzusunda konfrans
olmuşdur.
Azərbaycan.-2013.- 21 noyabr.- S.7.