Londonda «Azərbaycan Günü» keçirilmişdir

 

Azərbaycanın tarixinə, iqtisadi uğurlarına,

 mədəniyyətinə dair təqdimatlar maraqla qarşılanmışdır

 

 

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı baş qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan Günü" keçirilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak etmişlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Azərbaycan Günü" ölkəmizə dair video çarxın nümayiş olunması ilə başlanmışdır.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iştirakçıları salamlayaraq, tədbirin məqsədinin Azərbaycanın bu günü, sosial-iqtisadi inkişafı, mədəniyyəti və tarixi barədə məlumat vermək olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, 22 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə dinamik iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa öz peykini çıxarmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Dünyada nüfuzu davamlı olaraq artan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. Davos İqtisadi Forumunun, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, Avroviziya müsabiqəsinin və digər əhəmiyyətli tədbirlərin keçirildiyi məkandır. 2015-cü ildə isə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, sərmayədarların ölkəmizə marağı artmaqda davam edir.

Nazir Şahin Mustafayev Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu, milli və dini tolerantlığı ilə seçildiyini, ölkəmizin siyasi kataklizmlərdən uzaq olduğunu, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmədiyini, onların hüquqlarının etibarlı şəkildə qorunduğunu qeyd etmişdir.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin edildiyini diqqətə çatdıran Şahin Mustafayev son 10 ildə ÜDM-in 3,4 dəfə, dövlət büdcəsinin gəlirlərinin 19 dəfə, xarici ticarət dövriyyəsinin təqribən 9 dəfə artdığını vurğulamışdır. Bildirilmişdir ki, yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5 faizə enmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti davam etdirilir. Xarici dövlət borcu ÜDM-in 8,3 faizini təşkil edir və strateji valyuta ehtiyatları dövlətin xarici borcundan 10 dəfəyədək çoxdur. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri "Standart & Poor's", "Fitch Ratings" və "Moody's" dünya iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirmişdir.

Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran Şahin Mustafayev qeyd etmişdir ki, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şərait yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da təqribən yarısı xarici investisiyalardır.

Azərbaycanda iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Bu haqda danışan nazir demişdir ki, biznes mühitinin davamlı inkişafı məqsədi ilə inzibati prosedurlar sadələşdirilmiş, şəffaf mexanizmlər tətbiq olunmuş, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülmüşdür. Bu gün ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, geniş sahibkar təbəqəsi formalaşmışdır. Nəticədə "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, hesabatda davamlı olaraq öz mövqelərini qorumuşdur. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığını genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.

Ş.Mustafayev daha sonra demişdir: Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir və bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə ölkəmizdə 6 beynəlxalq hava limanı istifadəyə verilmiş, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulmuş, gəmiqayırma zavodu işə salınmışdır. Ölkənin tranzit imkanlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr hazırda da davam etdirilir. Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətli halqasına çevirəcəkdir.

Bütün bunlarla yanaşı, Azərbaycan yüksək ixtisaslı mütəxəssislərə, zəngin mədəniyyətə, musiqiyə, mətbəxə, qonaqpərvərlik ənənələrinə, gözəl təbiətə malikdir.

Nazir Şahin Mustafayev Azərbaycanın əldə etdiyi nailiyyətlərlə kifayətlənmədiyini, ölkəmizin inkişafının davamlılığının təmin edilməsini nəzərdə tutan "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırmışdır. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaqdır. Bu hədəflərə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.

Ş.Mustafayev vurğulamışdır ki, neft-qaz ölkəsi kimi tanınan Azərbaycanda qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verilir. Ölkənin xarici valyuta ehtiyatları 48 milyard manatı keçmiş, bununla da iqtisadiyyatın neft-qaz sektorundan asılılığının qarşısı alınmışdır. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatları nəticəsində qeyri-neft sektorunda 2,7 dəfə real artım əldə edilmişdir. 2003-2012-ci illərdə Azərbaycanda qeyri-neft sektorunda artım dünyada ən yüksək göstəricilərdən biri hesab olunur. Bundan əlavə, son 10 ildə Azərbaycanda yaradılmış 1 milyon 200 mindən artıq yeni iş yerinin 90 faizdən çoxu qeyri-neft sektorunun payına düşür.

Ş.Mustafayev Britaniya və Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafından da bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycanda 500-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir. İnvestisiyaların həcmi 15 milyard ABŞ dollarını ötmüşdür.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkə təqdimatı ilə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev "Azərbaycanda antikorrupsiya siyasətinin inkişafı" mövzusunda çıxış etmişlər. Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf qurum tərəfindən həyata keçirilən layihələrdən, "Holcim-Azərbaycan" ASC-nin baş direktoru Rossen Papazov, "Bakı Gəmiqayırma Zavodu" MMC-in baş meneceri David Loh, "CNIM Azərbaycan" MMC-nin idarə heyətinin üzvü Stefano Kosta, AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn təmsil etdikləri qurumların Azərbaycandakı fəaliyyətindən danışmışlar.                                                   

AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, AYİB qərargahında "Azərbaycan Gün"ünün keçirilməsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd etmişdir.

Nazir Şahin Mustafayev "Azərbaycan Günü"nün keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə, Avropa Azərbaycan Cəmiyyətinə və AYİB-in rəhbərliyinə təşəkkür etmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Sonra tədbir iştirakçıları AYİB-in baş qərargahının foyesində Azərbaycan məhsulları ilə tanış olmuş, onlara kulinariya nümunələri və milli musiqimiz təqdim edilmiş, ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanmışdır.

Tədbir çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti və bankın Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Dekam ilə görüşmüş, bankla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.7.