Məhkəmə-hüquq islahatlarında
yeni mərhələ
Azərbaycanda ədliyyə işçiləri 13-cü ildir ki, peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə bu bayram ədliyyə sisteminə bəxş edilmişdir. 22 noyabr ədliyyə orqanlarının yaradılmasının 95 ili tamam olur və Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Ədliyyə işçilərinin peşə bayramından danışarkən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ədliyyə Nazirliyinin fəaliyyətini yada salaraq həmin dövrdə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə qanunçuluğun bərqərar olunması üzrə əhəmiyyətli qərarların qəbul edilməsini, Bakı Dairə Məhkəməsinin, prokurorluğun fəaliyyətinin bərpasını, nazirliyin təşəbbüsü ilə Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamənin təsdiq edilməsini qeyd etməliyik.
22 noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsi təsis edilib. 1918-ci il mayın 28-də AXC elan edildiyi gün Ədliyyə Nazirliyi yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilib, binalar qaydaya salınıb, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdi. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlandı. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
Ulu öndərin ədliyyə sisteminə qayğısı müstəqillik illərində də davam etmiş, köklü məhkəmə-hüquq islahatları çərçivəsində nazirliyin hüquqi dövlətdə layiq olduğu yeri tutması üçün mühüm addımlar atılmış, səlahiyyətləri xeyli genişlənmişdir. Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür. Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə rəhbərliyinin tapşırıqlarının, nazirliyə həvalə edilmiş yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılmışdır. Peşə bayramı ərəfəsində isə ənənəvi olaraq görülən işlərə və qarşıda duran vəzifələrə bir daha nəzər salınır.
Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ-hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır; qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələri üzrə rəylər verir, hüquqi maarifləndirmə işi aparır; hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır; notariat fəaliyyətinə rəhbərlik edir; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir; dövlətlərarası övladlığa götürmə məsələlərini və sənədlərin leqallaşdırılmasını həyata keçirir; məhkəmə qərarlarının icrasının təmin olunmasını təşkil edir; məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir; qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydiyyatının aparılmasını həyata keçirir. Azərbaycanda aparılan bütün növ məhkəmə (qeyri-tibb) ekspertizaları Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzi tərəfindən həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə Azərbaycanın ədliyyə sistemi daha da inkişaf etmişdir. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olduğunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" Fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir.
Son illərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur.
Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir.
Ümumilikdə son 5 ildə ölkədə 20-dən artıq yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.
Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Yeni qanunvericiliyə uyğun olaraq əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir.
Son illər Prezident İlham Əliyevin xüsusi qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu məsələlər dövlət başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. Bir sıra məhkəmələr üçün ən müasir standartlara cavab verən yeni binaların tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Hazırda məhkəmə binalarının iş şəraiti müasir tələblərə cavab verməklə vətəndaşlarla hakimlər arasında münasibətlərin tamamilə şəffaf, qanunamüvafiq qurulmasına xidmət edir.
Ölkəmizin hərtərəfli inkişafı və Avropaya inteqrasiyası məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsini şərtləndirmişdir. Dövlət başçısının tapşırıqlarının icrası üzrə son illər bu sahədə kompleks tədbirlər həyata keçirilmişdir. Qısa müddət ərzində görülmüş tədbirlər, o cümlədən yeni regional apelyasiya məhkəmələrinin fəaliyyətə başlaması, hakimlərin iş yükünün xeyli azaldılması, yüksək hakimliyə namizədlərin seçilərək hakim təyin edilməsi ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmiş, ictimaiyyətdə məhkəmələrə inamı yüksəltmişdir. Həmçinin məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində 2009-cu ildə ölkəmizdə ilk dəfə olaraq İnzibati-Prosessual Məcəllə qəbul edilmiş, inzibati mübahisələrə dair işlər üzrə məhkəmələrin formalaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərdən çox asılıdır. Bununla əlaqədar məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Elmir ALIŞZADƏ,
Gəncə
Apelyasiya Məhkəməsi aparatının rəhbəri
Azərbaycan.-2013.- 21 noyabr.- S.8.