Xəbər Agentliklərinin IV Dünya Konqresi Ər-Riyadda
öz işini davam etdirir
Xəbər Agentliklərinin IV Dünya Konqresi noyabrın 19-da Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində öz işini davam etdirmişdir.
Xəbər verdiyimiz kimi, Səudiyyə Xəbər Agentliyinin təşkilatçılığı ilə keçirilən Dünya Konqresinin işində Səudiyyə Ərəbistanı Krallığının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Fransanın "Frans-Press", Böyük Britaniyanın "Press Assoşieyşn", Avstraliyanın "Assoşieyted Press", "Tomson Röyters", Çinin "Sinxua", Yaponiyanın "Kyodo", Türkiyənin "Anadolu", Rusiyanın İTAR-TASS, Almaniyanın DPA, Misirin MENA, Argentinanın TELAM, Koreya Respublikasının YONHAP, İndoneziyanın ANTARA agentlikləri daxil olmaqla dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, "Sky-Nyus Arabia", "Los-Anceles Tayms", "Guardian", BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, "Google", "Yahoo" internet korporasiyalarının rəhbərləri iştirak edirlər.
Azərbaycanı konqresdə AzərTAc informasiya agentliyi təmsil edir.
"Strategy-Entertainment & Media Price Water House Coopers" şirkətinin tərəfdaşı Nick Corcun rəhbərliyi ilə keçirilən ilk panel iclasında "Dünyada medianın mənzərəsinə baxış" mövzusu müzakirə olunmuşdur. Böyük Britaniyanın "Press Assoşieyşn" agentliyinin baş icraçı direktoru Klayv Marşal qlobal medianın üzləşdiyi problemlərdən danışmış, bu konqresin müasir mətbuatın qarşılaşdığı çətinlikləri müzakirə edib həlli yollarını tapmaq üçün yaxşı platforma olduğunu demişdir.
Bu panel çərçivəsində keçirilən birinci sessiyaya Avstraliyanın "Assoşieyted Press" agentliyinin baş icraçı direktoru Brus Devidson moderatorluq etmişdir. Sessiya "İnformasiya bazarında yeni məhsullar və xidmətlər" mövzusuna həsr olunmuşdur. "Röyters Media" agentliyinin icraçı direktoru Stiven Şvarts, İspaniyanın EFE agentliyinin prezidenti və baş icraçı direktoru Xose Antonio Vera, Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov, ABŞ-ın məşhur "Assoşieyted Press" agentliyinin prezidenti və baş direktoru Qarri Pruit, Fransanın "Frans-Press" agentliyinin prezidenti və icraçı direktoru Emmanuel Hoq sessiyada çıxış edərək mövzu ilə bağlı maraqlı fikirlər bildirmişlər. Onlar xəbər agentliklərinin fəaliyyətlərində müvəffəqiyyət qazanmaq üçün əsas məsələləri diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, indi xəbər hazırlanmasında mətn kifayət deyildir. Fotolara və videoxəbərlərə də ehtiyac vardır. Ancaq videoxəbərlər də ayrı-ayrılıqda kifayət deyildir. Bütün bu məhsullar arasında sinxronlaşma aparılmalıdır. E.Hoq maraqlı fikir söyləyərək demişdir: "Hamı baş verən anda hər hansı bir hadisədən xəbər tutur. Amma nəzərdən qaçırmamalıyıq ki, burada hadisənin necə baş verməsini, tarixçəsini bilmək zəruridir. Bax, elə burada da jurnalist işinin keyfiyyəti üzə çıxır. Başqa mənbələrin sahibləri ilə əməkdaşlıq artıq başlamışdır. İnformasiya strateji məsələdir".
Natiqlər xəbər agentliklərinin qarşısında duran çağırışlardan danışmış, medianın problemlərinin həlli yollarını diqqətə çatdırmışlar.
Həmin gün "Assoşieyted Press" agentliyinin sosial media redaktoru Erik Karvinin moderatorluğu ilə keçirilmiş ikinci sessiyada "Sosial media və digər rəqəmsal informasiya platformaları" mövzusu ətrafında maraqlı müzakirələr aparılmışdır. Müzakirələrdə iştirak edən dünyanın internet üzrə böyük şirkətlərindən "Yahoo"-nun Yaxın Şərq və Afrika üzrə media rəhbəri Məhəmməd Sabe, Böyük Britaniyanın MSN agentliyinin sosial media şöbəsinin rəhbəri Darren Votters, "Google" şirkətinin Yaxın Şərq və Şimali Afrika regionu üzrə qlobal kommunikasiyalar və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri xanım Maha Abuleneyn sosial medianın ənənəvi xəbər agentliklərinin qarşısında yaratdığı çağırışlar və onlara uğurla cavab vermək yolları, xəbərlərin hazırlanmasında qərəzsizlik meyarını əsas tutmaq, fotoların kontentə uyğun seçilib yayılmasında peşəkarlığa üstünlük verilməsinin zəruriliyi barədə fikirlərini bölüşmüşlər.
Maraqlı müzakirələr şəraitində keçən sessiyadan sonra konqres iştirakçıları üçün Ər-Riyad yaxınlığındakı tarixi yerlərə səfər təşkil edilmişdir. Bədəvi ərəb musiqisi, adət-ənənələri, milli ərəb mətbəxi ilə tanış olan qonaqlar oradan xoş təəssüratlarla ayrılmışlar.
Konqres işini davam etdirir.
Şıxəli
ƏLİYEV,
AzərTAc-ın müxbiri
Ər-Riyad
Azərbaycan.-2013.- 21 noyabr.- S.9.