Xatirələrin işığında

 

Cəmi 58 il ömür sürmüş əməkdar incəsənət xadimi, görkəmli musiqiçi Gülarə Əliyevanın bu payız 80 yaşı tamamlandı. Musiqi mədəniyyətimizin inkişafında özünəməxsus xidmətləri olan Gülarə Əliyevanı yaxından tanıyanlar onun necə böyük ürəkli, həssas və qayğıkeş, həm də son dərəcə  istedadlı şəxsiyyət olduğunu yaxşı bilirlər. Xoşbəxtlikdən mənim bir bəstəkar kimi yaradıcılığımda onun da bir musiqiçi kimi pozulmayan izləri var!

Gülarə xanım mənim üçün çox əziz, bacı qədər doğma, səmimi, incə qəlbli, gözəl insan idi. Tez-tez görüşərdik. Yaradıcılıq əlaqələrimiz var idi. Vəfatından keçən bu illər ərzində onu heç unutmadım. Həyat doğrudan da qəribədir! Elə olur ki, zamanın axarında, ünsiyyətdə olduğun insanların bəziləri sənə çox doğmalaşır, onlarla adi söhbət belə sənə qəlb rahatlığı, səmimilik və gözəl əhval-ruhiyyə bəxş edir.

Gülarə xanım olduqca mehriban, qayğıkeş, doğma insan idi. Həm mənəviyyatca çox zəngin olasan, həm də istedadlı və bütün bunların müqabilində sadəliyini saxlaya biləsən. Bu, hər kəsə nəsib olan xüsusiyyət deyil! Ailədən, nəsildən gəlmə kodlar həmişə özünü göstərir. Gülarə Əliyeva təkcə həmkarları, musiqiçilərlə deyil, hamı ilə münasibət qurmağı, insanları eşitməyi, onlarla həmdərd olmağı bacarırdı. Belə insanlara həyatda az-az rast gəlinir.

Əsl insan olmaqla bərabər, Gülarə xanım həm də gözəl sənətkar idi. Azərbaycan musiqili konsert sənətinin inkişafında, "Dan ulduzu" ansamblının yaranmasında, bu ansamblın uğurlu, unudulmaz konsertlərinin keçirilməsində Gülarə Əliyevanın rolu, əməyi danılmazdır.

"Dan ulduzu" ansamblının konsertləri böyük uğurla, maraqlı proqramlarla dinləyiciləri sevindirər və onlara gözəl əhval-ruhiyyə bəxş edərdi. "Dan ulduzu" konsert çıxışlarında Gülarə xanımın fortepiano partiyasını olduqca ifadəli, gözəl ifa etməsi ansamblın çıxışlarını daha da uğurluparlaq edərdi. Gülarə xanımın həm ansambla rəhbərliyi, həm də fortepiano partiyasının gözəl ifaçılığı musiqili həyatımızda olduqca böyük əhəmiyyət kəsb etdi. Bu, musiqili həyatımıza yenilik gətirən və dinləyicilərə unudulmaz xatirələr bəxş edən konsertlər idi.

Mənim yaradıcı həyatımda unudulmaz xatirələr var. Şair Əli Kərimin "Pillələr" əsərinin tamaşasına musiqi yazmaq mənə həvalə olundu. "Pillələr" tamaşasına yazacağım musiqi "Dan ulduzu" ansamblı və məhz Gülarə xanımın rəhbərliyi ilə səslənməli idi. Gülarə xanıma zəng etdim. O, məni evinə dəvət etdi, dedi ki, notları gətir, əsəri çal. Mən ona əsəri çaldıqdan sonra bildirdi ki, orkestr partiyalarını gətir, biz bu əsəri böyük məmnuniyyətlə ifa edəcəyik. Demək olar ki, bütün məşqlər, musiqinin ifası yüksək səviyyədə, böyük ürəklə ifa olundu. Sənətşünaslar da təsdiqlədilər ki, tamaşanın uğurlu alınmasında musiqinin də əhəmiyyəti danılmazdır.

Sonra Gülarə xanımla mənim mahnılarım haqda, onların ifası ilə bağlı danışdıq. Mən böyük həvəslə bir sıra mahnıları işlədim və Gülarə xanımın rəhbərliyi ilə bu mahnılar ifa olundu.

Əli Kərimin sözlərinə bəstələdiyim "Sevirəm" mahnısı Elmira Rəhimovanın ifasında "Dan ulduzu"nun müşayiəti ilə səslənəndə məni ilk təbrik edən Gülarə xanımın özü oldu.

Gülarə Əziz qızı Əliyeva 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, eləcə də Ə.Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında çalışıb. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi.

Eyni adlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir, ansambl üçün neçə xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988-ci illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. Onun yaratdığı "Dan ulduzu" ansamblına indi onun adı verilmişdir. O, bu ansambla həyatı qədər bağlı idi. Gülarə xanım həm "Dan ulduzu"nun bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi. Ansamblın repertuarına ancaq professional bəstəkarların mahnıları daxil ola bilərdi. Bu, bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi.

Onu da deyim ki, "Dan ulduzu"nun adını xalq şairi Nəbi Xəzri təklif edib. İlk çıxışından "Dan ulduzu" insanlar tərəfindən sevildi. Gülarə Əliyeva müntəzəm məşqlərin və yaradıcı heyətin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb çox musiqi kollektivlərini, qrup və ansamblları arxada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirlərinin, konsertlərin, xarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya-Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıxdığı dövlətlər, şəhərlər oldu. Xaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa Hadıyev və başqa ifaçılar "Dan ulduzu"nun solistləri idi. 1975-ci ildə isə Zeynəb Xanlarova "Dan ulduzu"yla bir silsilə proqramla dövlət konsertlərində çıxış etdi. Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət edildilər.

Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyxa Mirismayılova və başqa ifaçılar "Dan ulduzu"yla məşhurlaşdılar, sevildilər. Gülarə xanım bölgələrdə oxuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının üzə çıxarılmasında köməyini əsirgəməzdi. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu Laçından Bakıya dəvət edib onlarla bir neçə mahnı yazdırmışdı. Gülarə xanımın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblı tezliklə Azərbaycan Televiziyası və Radiosunun ştatına keçdi. Bu, kollektivə olan tamaşaçı marağının, istəyinin, tələbinin nəticəsi, sənətin qələbəsi idi.

1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə balkona çıxır və onun uçması nəticəsində həlak olur. Beləcə, həyatdan tez köçür.

Ümumiyyətlə, hər kəsin ürəyində dünyasını dəyişmiş əzizləri yaşayır və insan qəlbini işıqlı kədər və şükür hissləri bürüyür. Çünki belə insanlarla ünsiyyət sənə unudulmayan dəqiqələr, günlər, aylar, illər bəxş edir.

Gülarə xanımın təmiz qəlbi, səmimiliyi, musiqili ürəyi, musiqiyə vurğunluğu və yaratdığı "Dan ulduzu" ansamblı həmişəyaşardır. Gülarə xanım  ailənin dəyərli övladı idi.

Həmişə böyük məhəbbət və ehtiramla xatırladığım Gülarə Əliyeva əziz dost, gözəl insan və unudulmaz sənətkar idi. İndilent yazılarını dinlədikcə "Dan ulduzu" instrumental ansamblının özünəməxsus gözəl ifası mənə böyük zövq bəxş edir.

 

 

 

Sevda İBRAHİMOVA,

bəstəkar, xalq artisti

Azərbaycan.-2013.- 21 noyabr.- S.10.