Şərq musiqisinin möcüzəsi

 

Özbəkistanın paytaxtı Daşkənddə ölkəmizi təmsil edən səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində BMT-nin layihəsi əsasında "Dünya xalqlarının mədəniyyəti və tarixi" devizi altında tədbir keçirilib. Bu tədbirdə əsas məqsəd Azərbaycanın tarixini, mədəniyyət və adət-ənənələrini təbliğ etməkdir.

Əvvəlcə, Azərbaycan və Özbəkistan xalqları arasında olan dostluğun tarixindən, ədəbi əlaqələrindən məlumat verilərək əməkdaşlığın yeni mərhələsindən söz açılıb. Sonra Azərbaycanın mədəni irsi, turizm haqqında qısa film nümayiş olunub. Ölkəmizin mədəniyyəti haqqında məruzələr edilib, çıxışlar olub. Müsəlman Şərqində ilk operanın, teatrın, baletin Azərbaycanda yarandığı bir daha diqqətə çatdırılıb.

Daşkənddəki internat məktəbləri uşaqlarının ifasında müxtəlif rəqslər, Azərbaycan və Şərq musiqiləri təqdim olunub. Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı və "Azərbaycanım" musiqi qrupunun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İstər mətbuatda dərc edilən yazılarda, istərsə də ayrı-ayrı tamaşaçıların təəssüratında bir fikir tez-tez vurğulanıb: "Şərq, xüsusilə də onun tərkib hissəsi olan Azərbaycan musiqisi həqiqətən də möcüzəlidir".

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.11.