Geniş tərkibdə görüş
Belarus Prezidenti
Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri
Noyabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli nümayəndə heyətinin üzvləri!
Sizi Azərbaycanda salamlamağa şadam, xoş gəlmisiniz.
Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz ikitərəfli münasibətlərə aid məsələləri sizinlə hələ dünən müzakirə etməyə başladıq. Bu gün müzakirələri davam etdirdik, indi nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik. Biz ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çox ümid edirik ki, həmin münasibətlər bundan sonra da fəal inkişaf edəcək və dərinləşəcəkdir. Artıq bir neçə dəfə yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərimiz olub. Qarşılıqlı siyasi əlaqələrimiz, siyasi məsləhətləşmələrimiz çox fəaldır. Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənmiş, çox yüksək səviyyəyə çatmışdır. Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırmışdır ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.
Bizim münasibətlərimizin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir. Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tam dəyərli xarakter daşıyır. Əlbəttə, Belarus Prezidentinin Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcəkdir. Bu gün imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək edəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, bir daha xoş gəlmisiniz. Sizə və nümayəndə heyətinin üzvlərinə ən xoş arzularımı bildirirəm.
* * *
Görüşdə çıxış edən Belarus Prezidenti Aleksandr LUKAŞENKO dedi:
- Hörmətli İlham
Heydər oğlu, mən ilk
növbədə, dövlətlərimiz arasında yaranan, bizim səfərlərimizdən
başqa vaxtlarda da özünü göstərən
səmimiyyətə görə Sizə təşəkkürümü
bildirmək istəyirəm. Bu, təbiidir.
Yəqin ki, bu,
ümumiyyətlə, Sizin xalqın milli xarakterinə və bu
xalqın bir hissəsi kimi
Sizə də xas olan
cəhətdir. Bizim nümayəndə
heyətini, məni və ümumiyyətlə, Azərbaycanda
belarusları həmişə səmimiyyətlə qəbul
etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin xalqın, Sizin millətin
nümayəndələrinə münasibət mənasında
Sizin də bizə qarşı heç bir
narazılığınız yoxdur və
ola da bilməz. Buna görə çox sağ olun.
Siz düzgün dediniz ki, bizim iki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranmışdır. 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı altı dəfə artmışdır. Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyildir. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür, bizim bu həcmi artırmağa imkanımız vardır. Bu problemi Sizinlə indicə müzakirə etdik - bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız vardır. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir. Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik.
İlham
Heydər oğlu, bizim mütəxəssislər hökumətlərarası
komissiya çərçivəsində sənaye
kooperasiyası üzrə işçi qrupu yaradılması
barədə fikirləşməyi təklif edirlər. Təkbətək
söhbətimizdə Siz bu barədə çox
danışmısınız.
AzərTAc
Azərbaycan.-2013.- 22 noyabr.- S.1.