Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Belarus Respublikasının Prezidenti Aleksandr

 Lukaşenkonun Azərbaycana rəsmi səfəri

 

Noyabrın 21-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etmişlər.

 

 

 

Prezident İlham Əliyevin bəyanatı

 

 

 

- Hörmətli Aleksandr Qriqoryeviç!

 

Hörmətli qonaqlar, əziz dostlar!

 

Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Yüksək səviyyəli səfərlər yetərincə intensiv olur. Bu, Belarus ilə Azərbaycan arasında münasibətlərin göstəricisidir. Son illərdə bu münasibətlər çox böyük yol keçmişçox yüksək səviyyəyə çatmışdır. Biz dünən və bu gün ikitərəfli münasibətlərin geniş spektrini müzakirə etmək və gələcəkdə əməkdaşlığı möhkəmlətmək yollarını müəyyənləşdirmək imkanına malik olduq. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və regional təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır.

Bizim əmtəə dövriyyəsini artırmaq üçün çox yaxşı perspektivlər vardır. Əmtəə dövriyyəsinin artmasına baxmayaraq, o, təbii ki, bizim potensialımızı hələ tam əks etdirmir. Biz birgə istehsalatlar yaradılması istiqamətində də fəal aparırıq. Dünən Belarusun Azərbaycandakı səfirliyinin yeni binasının açılışı zamanı Belarus tərəfinin dəstəyi ilə Azərbaycanda istehsal olunmuş texnika nümayiş etdirildi. Bu, bizim müəssisələr arasında istehsal əlaqələrinin necə fəal inkişaf etməsinə əyani sübutdur. Çox sevindirici haldır ki, prezidentlər kimi bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və keyfiyyətlə həyata keçirilir.

Bu gün dediyimiz kimi, bizim münasibətlərin əsasında çox böyük qarşılıqlı etimad dayanır. Biz bir-birimizə inanırıq, etibar edirik. Biz bir-birimizin sözlərinə inanırıq. Ona görə ki, bizim sözlərimizlə əməllərimiz arasında ayrılıq yoxdur, hətta bəzən bizim razılaşmaları imza ilə rəsmiləşdirməyə ehtiyac olmur. Hərçənd, bu gün imzalanmış mühüm sənədlər ölkələrimizin və xalqlarımızın bundan sonra da yaxınlaşmasına, münasibətlərimizin əvvəlki kimi dinamik inkişaf etməsinə şərait yaradacaqdır. Bizim qarşılıqlı etimadımız elə səviyyədədir ki, hər hansı məsələnin həlli üçün sadəcə söz verməyin və ya vəd etməyin kifayət olduğunu güman etməyə haqqımız vardır. Mənim fikrimcə, əlaqələrimizi səciyyələndirən cəhətlər qərarlar qəbul etmək, həmin qərarların yerinə yetirilməsinə nəzarət, habelə çox müsbət qarşılıqlı münasibətlər mexanizmidir. Ciddi məzmun kəsb edən bu münasibətlər çox sahələri əhatə edir. Bu gün biz təhsil sahəsində, humanitar sahədə, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı, istehsalat, hərbi-texniki əməkdaşlıq, energetika sahələrində mühüm məsələləri müzakirə etdik. Görürsünüzmü, təkcə bu istiqamətlərin sadalanması çox şeydən xəbər verir və hər bir istiqamət üzrə yaxşı nəticələr, konkret layihələr, proqramlar vardır.

Biz prezidentlər tərəfindən qəbul edilmiş qərarların icrasını gələcəkdə də daim nəzarətdə saxlamaq niyyətindəyik və bu gün ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək barədə də razılaşdıq. Artıq yaxşı nəticələr əldə edilmiş sahələrdə səylərimizi artırmalı, yeni istiqamətləri fəallaşdırmalıyıq. Məhz investisiya imkanlarını, Belarusda özəlləşdirmədə Azərbaycan müəssisələrinin iştirakını, habelə birgə istehsal edilmiş məhsulların üçüncü ölkələrin bazarlarına birgə çıxarılması məsələlərini ikitərəfli münasibətlərimizin yeni mövzuları kimi müəyyən etdik. Zənnimcə, biz bu yeni istiqamətlərdə də çox müsbət məqamlar tapacağıq. Biz çalışacağıq ki, bu yeni istiqamətlər ikitərəfli münasibətlərin geniş gündəliyinin tərkib hissəsinə çevrilsinlər.

Mən Belarus Prezidentinin Azərbaycana səfərinin nəticələrindən çox məmnunam. Dünən biz birgə işə başladıq, çox geniş fikir mübadiləsi apardıq, həm ikitərəfli, həm də regional münasibətlərlə bağlı çox mövzulara toxunduq. Bizim aramızda yaxşı qarşılıqlı anlaşma vardır. Qarşılıqlı dəstək səviyyəsi çox yüksəkdir. Ən başlıcası, bütün istiqamətlər üzrə münasibətlərimizi bundan sonra da fəal inkişaf etdirmək əzmindəyik.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram, bir daha deyirəm "Xoş gəlmisiniz". Əminəm ki, əlaqələrimiz davam edəcək, ölkələrimizə və xalqlarımıza xeyir verəcəkdir. Təşəkkür edirəm.

 

Azərbaycan.-2013.- 22 noyabr.- S.2.