Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin
təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli fərmanına uyğun olaraq, qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılsın.
2. Bu fərmanın 1-ci hissəsində nəzərdə tutulan "Fərdi elektron pəncərə" qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.
3. "Fərdi elektron pəncərə" elektron
məlumat sistemi:
3.1. sistemdə qeydiyyatdan
keçmiş hər
bir qeyri-hökumət
təşkilatının yalnız
özünün daxil
ola bildiyi və elektron xidmətlərdən istifadə
etdiyi "fərdi elektron kabinet"inin yaradılması;
3.2. qeyri-hökumət təşkilatlarının
fəaliyyəti ilə
bağlı məlumatların,
müraciətlərin, arayış
və hesabatların elektron formada qəbulu və cavablandırılması;
3.3. qrantların ayrılması və verilməsi ilə bağlı qanunla müəyyən edilmiş
sənədlərin elektron
qeydə alınması;
3.4. sistemə verilən
tapşırıqlar əsasında
sənədlərin avtomatik
ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması;
3.5. məlumatların, sənədlərin sistemləşdirilmiş
şəkildə saxlanılması
və digər funksiyalara malik xüsusi proqram təminatı ilə təchiz edilməlidir.
4. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi:
4.1. bu fərmanın
1-ci hissəsində nəzərdə
tutulan "Fərdi elektron pəncərə"
elektron məlumat sisteminin yaradılmasını
və fəaliyyətini
təmin etsin;
4.2. sistemdən istifadə
qaydaları barədə
inzibati reqlamenti müəyyən etsin;
4.3. sistemə daxil
ediləcək məlumatların
və məlumatları
təqdim etməli olan qurumların siyahısını təsdiq
etsin.
5. Aidiyyəti dövlət orqanları Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi tərəfindən
müəyyən edilən
məlumatların mütəmadi
Sistemə daxil edilməsi üçün
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
ilə birlikdə zəruri tədbirlər görsünlər.
6. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
bu fərmanın icrasına nəzarəti həyata keçirsin.
7. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
7.1. bu fərmanda
nəzərdə tutulmuş
işlərin həyata
keçirilməsi ilə
bağlı tələb
olunan vəsaitin ayrılmasını təmin
etsin;
7.2. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr
2013-cü il
Azərbaycan.-2013.- 22 noyabr.- S.3.