Sankt-Peterburqda MDB
Hökumət Başçıları
Şurasının növbəti
iclası keçirilmişdir
Sankt-Peterburqda (Rusiya) MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. İclasın gündəliyinə MDB çərçivəsində inteqrasiya sahəsində qarşılıqlı fəaliyyətə dair 30-dan çox məsələ daxil edilmişdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hökumət başçıları Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə hazırlığa dair əsas tədbirlər planını təsdiq etmişlər.
Hökumət
başçıları həmçinin MDB məkanında
mallarının istehsalçısının müəyyən
edilməsi qaydaları haqqında saziş imzalamış,
2020-ci ilədək turizm sahəsində əməkdaşlığın
inkişafı strategiyasını, bərpa olunan enerji növlərindən
istifadə olunması sahəsində əməkdaşlıq
konsepsiyasını təsdiq etmişlər.
Bundan
əlavə, iclasda informasiya təhlükəsizliyinin təmin
olunması sahəsində əməkdaşlıq haqqında
saziş imzalanmış, vahid dövlət radiolokasiya
tanıma sisteminin inkişaf konsepsiyası və digər sənədlər
təsdiq edilmişdir.
İclas
iştirakçıları MDB Səhiyyə Sahəsində
Əməkdaşlıq Şurasının fəaliyyəti,
Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində daimi fəaliyyət
göstərən MDB sərgi mərkəzinin
yaradılması, dövlətlərarası radionaviqasiya
proqramının həyata keçirilməsi, "Mir"
Dövlətlərarası teleradio şirkətinin istehsal
bazasının müasir rəqəmli və multimedia
texnologiyalarına keçirilməsinə dair planın yerinə
yetirilməsi haqqında məlumat dinləmişlər.
MDB
Hökumət Başçıları Şurasının
növbəti iclası gələn il mayın 30-da Kiyevdə
(Ukrayna) keçiriləcəkdir.
Fəridə
ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 22 noyabr.- S. 4.