Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri
Şurasının
iclası çərçivəsində
bir sıra görüşlər keçirmişdir
Moskvada (Rusiya) MDB Müdafiə Nazirləri Şurasının 65-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iclas çərçivəsində Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ukraynanın müdafiə nazirləri ilə ikitərəfli görüşləri olmuşdur.
Rusiyanın müdafiə naziri Sergey Şayqu ilə görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov "Qəbələ" RLS-in Azərbaycana verilməsi ilə bağlı cari məsələlərin, demək olar ki, həll olunduğunu söyləmişdir. Müdafiə naziri vurğulamışdır ki, iki ölkə arasında mövcud olan tarixi münasibətlər davam və inkişaf edir.
Sergey Şayqu Azərbaycanın müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə Z.Həsənovu təbrik etmişdir. Görüşdə həmçinin iki ölkənin müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanmışdır.
MDB Müdafiə Nazirləri Şurasının 65-ci iclasında Şuranın işçi orqanlarının 2013-cü ildə fəaliyyətinin yekunları, geoməkan informasiyası ilə operativ mübadilə, silahlı qüvvələrdə dövlət tanıma sistemləri vasitələrinin tətbiqi, aviasiya texnikasının nasazlığı haqqında informasiya mübadiləsi, MDB ölkələri nazirliklərində radiasiya vəziyyətinə, kimyəvi və bioloji vəziyyətə birləşmiş nəzarət sistemi, antiterror fəaliyyəti sahəsində kadrların hazırlanması və digər məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, müdafiə nazirləri MDB ölkələri ali hərbi təlim məktəbləri kursantlarının olimpiadasının keçirilməsi, beynəlxalq təhlükəsizlik üzrə MDB təlim mərkəzinin yaradılması məsələlərini də nəzərdən keçirmişlər. İclasda 2014-cü ildə MDB ölkələrinin birləşmiş hava hücumundan müdafiə sistemlərinin birgə tədbirlərinin keçirilməsi barədə razılıq əldə edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 22 noyabr.- S. 4.