Aleksandros PİTERSON: Azərbaycan
iqtisadiyyatının
dinamik inkişafı həqiqətən də
heyranedicidir
Bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi məsələsində də regionun lideri olan Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Azərbaycan bu məsələdə həm də əsas aktordur. Rəsmi Bakı bunu dəfələrlə sübut etmişdir. Bu sözləri ABŞ-ın Vudro Vilson Mərkəzinin Qlobal Avropa proqramının müşaviri və "Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi, tanınmış ekspert Aleksandros Piterson AzərTAc-a məxsusi müsahibəsində söyləmişdir.
A.Piterson demişdir ki, Azərbaycanın həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu bütün dünyada yüksək qiymətləndirilir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə qlobal layihələr həyata keçirilir. Bu, çox sevindiricidir. Mən xüsusilə Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsinə ehtiyac duyduğu bir vaxtda "Cənub" qaz dəhlizi layihəsinin əhəmiyyətini qeyd etmək istərdim. Müxtəlif regionların və ölkələrin iqtisadiyyatını birləşdirməklə yanaşı, Avropa ölkələri, həm də bütün Trans-Atlantik birlik üçün önəmli olan bu layihə bölgənin siyasi sabitliyinə də töhfəsini verəcəkdir.
O vurğulamışdır ki, Azərbaycanın enerji sahəsində Avropa istehlakçıları ilə əməkdaşlığı Avropa enerji bazarı üçün təbii qaz təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Trans-Adriatik
boru kəməri layihəsinin (TAP) "Cənub" qaz dəhlizinin
Avropaya təbii qaz nəqli marşrutu kimi seçilməsi ilə
bağlı qərarın əhəmiyyətindən
danışan A.Piterson demişdir ki, bu, çox düzgün
bir seçimdir. Bu layihə həm kommersiya baxımından sərfəlidir, həm
də gələcəkdə Mərkəzi və Cənubi
Avropanın təbii qaz təchizatının
təmini baxımından mühüm rol oynayacaqdır.
Ekspert demişdir ki, son illərdə dinamik inkişaf edən Azərbaycan Avropa İttifaqı, NATO, xüsusilə ABŞ üçün vacib tərəfdaş kimi böyük əhəmiyyətə malik bir ölkədir. Mən deyərdim ki, Avropa ölkələri, ABŞ üçün Cənubi Qafqazda və Xəzər regionunda Azərbaycandan daha yaxşı bir müttəfiq ola bilməz. ABŞ - Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam edir. Azərbaycan ABŞ-ın regionda çox vacib bir tərəfdaşıdır. Azərbaycanın xüsusilə etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, Cənubi Qafqazın lider dövləti kimi vacib rolu dünyanın aparıcı dövlətlərinin, eləcə də ABŞ-ın diqqətini cəlb edir. ABŞ-Azərbaycan əlaqələri təkcə Azərbaycan üçün deyil, Birləşmiş Ştatların özü üçün çox vacibdir. Rəsmi Vaşinqtonun Azərbaycan kimi bir müttəfiqə böyük ehtiyacı vardır.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın noyabrın 19-da Vyana görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə müsbət təsir edəcəyini deyən ekspert ABŞ-ın problemin həlli istiqamətində fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulamışdır. O demişdir ki, münaqişənin tezliklə və ədalətli həlli üçün beynəlxalq ictimaiyyət, xüsusilə də Birləşmiş Ştatlar Ermənistana təzyiq göstərməlidir.
Aleksandros
Piterson demişdir: "Mən bir neçə dəfə Azərbaycana səfərə gəlmişəm.
İlk səfərlərimlə indiki səfərlərimi müqayisə edəndə
hər dəfə ölkədə nə qədər sürətli
inkişafın getməsinin şahidi oluram. Hər dəfə Bakının gözəlliyini
görəndə məndə olduqca xoş təəssüratlar yaranır. Azərbaycan
iqtisadiyyatının dinamik inkişafı
həqiqətən də heyranedicidir. Makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı təqdirəlayiqdir".
Azərbaycan.-2013.- 22 noyabr.- S. 4.