İstanbulda Atlantik
Şurasının enerji və iqtisadiyyat toplantısı keçirilir
Atlantik Şurasının (Atlantic Council) İstanbuldakı Grand Tarabya hotelində keçirilən enerji və iqtisadiyyat toplantısında qlobal və regional enerji təhlükəsizliyi, enerji marşrutlarının diversifikasiyası, enerji və sabitlik məsələləri əsas müzakirə mövzusudur.
Toplantının açılışında çıxış edən Türkiyə Prezidenti Abdullah Gül demişdir ki, başda Azərbaycan təbii qazı olmaqla, Orta Asiya və Yaxın Şərq ölkələrinin karbohidrogen ehtiyatları uzun müddət Türkiyə üzərindən dünya bazarlarına çıxarılacaqdır. Son illər Xəzər və Mərkəzi Asiya regionunun Avropanın enerji təhlükəsizliyində rolunun artdığına da diqqət çəkən Türkiyə Prezidenti təəssüflə vurğulamışdır ki, etnik və dini zəmində davam edən münaqişələr enerji bazarına və enerji daşıyıcılarının qiymətlərinə mənfi təsir göstərir. Bu isə, insanların rifahının pisləşməsinə səbəb olur.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycanla həyata keçirilən birgə enerji layihələri, İraqla imzalanacaq enerji sazişləri və enerji dəhlizlərinin sayının daha da artırılmasının əhəmiyyətindən bəhs etmişdir. Onun sözlərinə görə, son 10 ildə enerji tələbatının iki dəfə artması və qarşıdakı illərdə də bu rəqəmin artacağı səbəbindən Türkiyə 118 milyard dollar sərmayə ayırmaq niyyətindədir. Hesablamalara görə, bütün dünyada hökumətlər 2035-ci ilədək enerji sektoruna 17.9 trilyon dollar sərmayə qoymağa məcbur olacaqlar.
ABŞ-ın enerji naziri Ernest Moniz Xəzər və Yaxın Şərqin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Türkiyənin mühüm rolunu vurğulamışdır. O, ölkəsinin Cənub qaz dəhlizi, TANAP layihəsini də dəstəklədiyini bildirmişdir.
İstanbul
toplantısında Atlantik Şurasının üzvləri -
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri
üzrə keçmiş müşaviri Brent Skaukroft, Bİrləşmiş
Ştatların keçmiş dövlət katibi Madlen Olbrayt,
ABŞ-ın Azərbaycan və Türkiyədəki
keçmiş səfiri Ross Vilson və digər
tanınmış siyasətçi və enerji ekspertləri məruzə
edəcəklər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2013.- 22 noyabr.- S. 6.