Görkəmli alim Azad Mirzəcanzadənin 85 illiyinə həsr
olunmuş Beynəlxalq elmi konfrans
işə başlamışdır
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, pedaqoq və ictimai xadim, akademik Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş "Neft-qaz sahəsində qeyri-Nyuton sistemlər" mövzusunda Beynəlxalq elmi konfrans işə başlamışdır.
AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Başqırdıstan Respublikası Elmlər Akademiyası (BREA) tərəfindən təşkil olunan ikigünlük beynəlxalq konfransda A.Mirzəcanzadənin tələbələri və elm xadimləri iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev tədbiri açaraq bildirmişdir ki, görkəmli elm xadimi, texniki elmlər doktoru, akademik A.Mirzəcanzadənin Azərbaycanda neft sənayesinin inkişafında müstəsna xidmətləri olmuşdur. Unudulmaz alim ölkəmizin müasir inkişaf mərhələsində iqtisadiyyatın inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə alimin həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verərək vurğulamışdır ki, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan A.Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmi səviyyədə araşdırılmışdır.
Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan A.Mirzəcanzadə elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə isə tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
Konfransda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, energetika naziri, professor Natiq Əliyev, ADNA-nın rektoru, akademik Siyavuş Qarayev, BREA-nın prezidenti, akademik Ramil Baxtizin və Rusiya Təbiət Elmləri Akademiyasının birinci vitse-prezidenti, akademik Lida İvanitskaya çıxış etmiş, görkəmli alim haqqında xatirələrini paylaşmışlar.
Çıxışlarda qeyd olunmuşdur ki, neft-qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi sahəsində fundamental elmin və bu sahədə mütəxəssislər hazırlanmasının əsasını qoymuş akademik A.Mirzəcanzadənin elmi rəhbərliyi ilə böyük meyilliklə dərin mailli quyuların qazılmasının, dənizdə və qurudakı yataqlardan mürəkkəb geoloji və geofiziki şəraitdə neft və qaz çıxarılmasının və nəql edilməsinin metodları işlənmişdir. Eyni zamanda sinergetik prinsiplər əsasında neft yataqlarının işlənməsi və boru kəməri nəqlinin sistemli təhlili üzrə elmi işlərin nəticələri Azərbaycanla yanaşı, keçmiş İttifaqın bir sıra böyük neft rayonlarında - Tümen, Tatarıstan, Başqırdıstan və Qazaxıstanda tətbiq edilmişdir. A.Mirzəcanzadənin Azərbaycan və dünya elminə verdiyi mühüm töhfələrdən biri də qeyri-Nyuton sistemlərinin hidrodinamikasının nəzəri əsaslarının işlənməsidir.
Beynəlxalq elmi konfrans işini bölmələr üzrə davam etdirmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 22 noyabr.- S. 8.