Azərbaycan şahmatı Avropanın zirvəsində

 

Prezident İlham ƏLİYEV: "Biz Avropaya, dünyaya göstəririk ki, Azərbaycan intellektual inkişaf baxımından heç kimdən geridə qalmır"

 

 

Ölkəmizin dinamik inkişafı cəmiyyət həyatının bütün sahələrində özünü büruzə verir. Bu baxımdan idman da istisna təşkil etmir. Bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində yeridilən dövlət siyasəti düşünülmüş, məqsədyönlü olduğundan gözlənilən nəticələri verir. Dövlətin idman və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin Olimpiya oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə yeni-yeni qələbələr qazanmasına zəmin yaradır.

Azərbaycanlı gənclərin idmanın müxtəlif növlərində əldə etdikləri möhtəşəm uğurlar artıq adi hal almışdır. Bu yaxınlarda belə böyük qələbələrdən birinə şahmatçılarımız imza atdılar. Cari ayın 8-18-də seçmə komandamız Polşanın paytaxtı Varşavada keçirilmiş kişi şahmatçılar arasında qitə komanda çempionatında birinci yeri tutdu. Bununla şahmatçılarımız həm ölkə, həm də Avropa şahmat tarixinə yeni qızıl səhifə yazdılar. Özübu, Azərbaycan şahmatının qitə miqyasında ilk böyük uğuru deyil. Son altı ildə kişi şahmat komandamız  dörd Avropa çempionatında iştirak etmiş, bu çempionatların dördündə də medal qazanmışdır. Milli komandamız iki dəfə qitə çempionu olmuşdur.  İndiyədək Avropanın heç bir ölkəsi belə bir nəticə göstərə bilməmişdir. Doğrudan da, şahmatçılarımızın növbəti qələbəsi hər cür təqdirə layiqdir.

Şahmatçılarımızın bu tarixi nailiyyətləri heç də təsadüfi deyil. Şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Azərbaycan torpağında qədimdən bəri bu oyuna maraq göstərilmişdir. Xalqın intellektual səviyyəsini nümayiş etdirən, ölkənin dünyada tanınmasında mühüm rol oynayan idman növü kimi  şahmatın inkişafına isə 1970-ci illərdən etibarən dövlət səviyyəsində xüsusi diqqət göstərilirdi. O vaxt respublikaya rəhbərlik edən böyük siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyevin bilavasitə qayğısı ilə ayrı-ayrı şəhər və rayonlarda şahmat məktəbləri və klubları tikilib istifadəyə verildi. Beləliklə, Azərbaycan şahmat məktəbinin təməli qoyuldu. Bu daha çox gələcəyə hesablanmış addım idi. Çox keçmədi ki, şahmat məktəb və klublarına yeniyetmə və gənc istedadlar cəlb edildi, şahmata maraq artdı, bu idman növü get-gedə populyarlaşdı. Azərbaycan şahmatçıları həm keçmiş Sovet İttifaqı, həm də dünya miqyaslı turnirlərdə iştirak edib öz sözlərini deməyə başladılar. Lakin Azərbaycan müstəqil olmadığından şahmatçılarımızın bütün potensialını üzə çıxarmaq mümkün deyildi. Buna baxmayaraq, şahmat inkişaf edir, yeni-yeni şahmatçı nəsilləri yetişirdi.

Milli müstəqilliyin bərpasından sonra vəziyyət tamamilə dəyişdi. Doğrudur, müstəqilliyin ilk illərində hökm sürən mürəkkəb ictimai-siyasi-iqtisadi şərait, dərin böhran bütün sahələrə, o cümlədən idmana təsirsiz qalmadı. Bununla belə, hələ sovet dövründə yetişmiş şahmatçılar sayəsində Azərbaycan dünya miqyaslı turnirlərdə təmsil olunmağa başladı. 1992-ci ildə qızlardan ibarət yığma komandamız ilk dəfə Dünya Şahmat Olimpiadasına (Manila, Filippin) qatılaraq 67 komanda arasında 7-ci yeri tutdu. 1993-cü ildə isə həmin komanda Avropa komanda çempionatında (Debretsen, Macarıstan) bürünc medal qazandı.

Daxili ictimai-siyasi sabitlik bərqərar edildikdən və ölkə sabit inkişaf yoluna qədəm qoyduqdan sonra şahmatın inkişafında yeni mərhələ başladı. 1990-cı illərin əvvəllərində bərbad vəziyyətə düşmüş şahmat infrastrukturunun bərpası istiqamətində ardıcıl səylər göstərildi, yeni şahmat məktəbləri açıldı. Şahmatçılarımız beynəlxalq turnirlərdə ardıcıl olaraq iştirak edir, diqqətəlayiq uğurlara imza atırdılar. Şahmatın inkişafını təmin etmək üçün qanunvericilik bazası da yaradıldı. Dövlət başçısının 5 may 2009-cu il tarixli sərəncamı ilə "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" təsdiq edildi. Əsas məqsədi şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsindən,  şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsindən, beynəlxalq  səviyyəli şahmatçıların,  məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin etməklə ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılmasından ibarət olan bu sənədin müddəalarına uyğun olaraq, ölkənin müxtəlif bölgələrində şahmatın inkişafı naminə konkret tədbirlərə start verildi.

Şahmatçılarımızın beynəlxalq turnirlərdə göstərdikləri nəticələr, Azərbaycanın şahmat ölkəsi kimi getdikcə özünü təsdiq etməsi dünya idman ictimaiyyətinin də diqqətini cəlb etdi. Ölkəmiz beynəlxalq şahmat yarışlarına ev sahibliyi etməyə başladı. 2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatı, bir il sonra Naxçıvanda dünya çempionatı keçirildi. 2005-ci ildə Şəkidə, iki il sonra isə Bakıda dünyanın tanınmış qadın şahmatçılarının iştirakı ilə beynəlxalq turnirlər təşkil olundu. Bu təşkilati uğurları nəzərə alaraq Beynəlxalq Şahmat Federasiyası 2008-ci ildə Qran-Pri turnirləri silsiləsinin ilk mərhələsinin keçirilməsini Bakıya həvalə etdi. Bundan başqa, Azərbaycan 2015-ci ildə şahmat üzrə Dünya kubokunu, 2016-cı ildə isə Dünya Şahmat Olimpiadasını qəbul edəcək. Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana etimadının artmasını ölkəmizin ayrı-ayrı idman növləri üzrə beynəlxalq turnirləri yüksək səviyyədə təşkil etmək bacarığı ilə yanaşı, idmançılarımızın, o cümlədən şahmatçılarımızın qazandıqları qələbələr şərtləndirir.

Bütün bunlarla bərabər, qeyd etmək lazımdır ki, idmanın çoxsaylı növləri arasında şahmatın xüsusi yeri var. Prezident İlham Əliyev kişi şahmatçılar arasında qitə komanda çempionatının yeni qalibləri ilə görüşərkən vurğuladığı kimi, şahmat idmanın intellektual növüdüronun inkişafı ölkənin ümumi intellektual potensialını nümayiş etdirir: "Şahmatçılarımızın bu qələbəni əldə etmələrinin təməlində Azərbaycan xalqının istedadı dayanır. Biz Avropa ölkələri arasında birinciyik. Bildiyiniz kimi, ən qabaqcıl texnologiyalar, ən mütərəqqi ixtiralar Avropa məkanında mövcud olur. Avropada birinci olmaq, intellektual oyunda birinci olmaq Azərbaycan xalqının intellektual potensialını bir daha göstərir...  Biz Avropaya, dünyaya göstəririk ki, Azərbaycan intellektual inkişaf baxımından heç kimdən geridə qalmır".

Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycan şahmat aləmində ən yüksək yerlərdədir. Şahmatçılarımızın son Avropa zəfəri idman sahəsində bir-birinin ardınca qazanılan nailiyyətləri tamamlayır.

Digər tərəfdən, son illər Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir, siyasi, iqtisadi forumlar təşkil edir, o cümlədn idman turnirləri keçirir. Bütün bunlar bir daha Azərbaycanın dinamik inkişaf yolunda olduğunu göstərir və beynəlxalq siyasi, iqtisadi, humanitar, idman elitasının ölkəmizə münasibətini əks etdirir.

Təbii ki, şahmatçılarımızın əldə etdikləri növbəti tarixi qələbə ölkədə şahmatın inkişafına təkan verəcək, şahmata marağı daha da artıracaq, şahmat mərkəzlərinə axını gücləndirəcək. Bu, eyni zamanda şahmatçılarımızı yeni uğurlar qazanmağa ruhlandıracaq. Onları isə qarşıda mötəbər turnirlər gözləyir. Şübhə etməmək olar ki, qələbə qazanmağa bir növ alışmış şahmatçılarımız bu turnirlərdə də yüksək səviyyədə çıxış edəcəklər.

 

 Allahverdi MEHDİYEV,

Azərbaycan.-2013.-  22 noyabr.- S. 8.