Bakıda Ümumdünya Fəlsəfə Gününə həsr

 olunmuş beynəlxalq konfrans olmuşdur

 

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda "İnformasiya texnologiyaları və fəlsəfə" mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir.

UNESCO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Fransa, İtaliya, Braziliya və Mərakeşdən gəlmiş alim və mütəxəssislər də iştirak etmişlər.

Konfrans AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə dəstəyi ilə təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor İlham Məmmədzadə rəhbərlik etdiyi elm ocağı haqqında məlumat vermiş, görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açmışdır.

Bildirilmişdir ki, fəlsəfə günü UNESCO tərəfindən 11 il əvvəl təsis edilmişdir. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfranslar təşkil edilir. Ölkəmizdə 2013-cü ilin "İKT ili" elan olunması ilə əlaqədar builki konfrans "İnformasiya texnologiyaları və fəlsəfə" mövzusuna həsr olunmuşdur.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli institut əməkdaşlarını Ümumdünya Fəlsəfə Günü münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.

 Fəlsəfə elminin öyrənilməsinin əhəmiyyətindən danışan akademik fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan bəhs etmiş, digər elmlərin dərindən mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğulamışdır.

Müstəqillik qazandıqdan sonra ölkəmizdə fəlsəfə elminin inkişafı naminə görülən işləri yüksək qiymətləndirən İ.Həbibbəyli qədim ənənələri olan Azərbaycan fəlsəfə məktəbinin bundan sonra da uğurla inkişaf edəcəyini söyləmişdir.

Bütün sahələrdə olduğu kimi, fəlsəfə elminin də qarşısında azərbaycançılıq məfkurəsinin durduğunu vurğulayan AMEA-nın vitse-prezidenti demişdir ki, bu məfkurənin banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Bu məfkurə özündə çox böyük və bəşəri dəyərləri birləşdirir. Son illər bu ideyaları özündə yaşadan və təbliğ edən bir sıra məqalə və kitablar işıq üzü görmüşdür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çap olunmuş kitabları da məhz bu məfkurədən qaynaqlanır. Bu əsərlərin müasir fəlsəfə elminin yeni istiqamətlərinin müəyyənləşməsində də mühüm rolu vardır.

AMEA-da gedən müsbət islahatlardan söz açan natiq diqqətə çatdırmışdır ki, görüləcək işlər sırasında Azərbaycan alimlərinin peşə bayramı gününün təsis olunması, 2015-ci ilin ölkəmizdə "Elm ili" elan olunması və digər mühüm məsələlər yer almışdır.

Tədbir iştirakçılarını salamlayan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva demişdir ki, Ümumdünya Fəlsəfə Günü hər il dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərlə qeyd olunur. UNSECO-nun bütün proqramlarında fəlsəfə mövzusu ana xətt kimi keçir.

Azərbaycanla UNESCO arasında əlaqələrdən söz açan G.Əfəndiyeva demişdir ki, bu əməkdaşlıq 20 ildən artıq bir dövrü əhatə edir. Ötən müddətdə Azərbaycan UNESCO-nun müxtəlif komitələrinə üzv olmuş, təşkilat tərəfindən həyata keçirilən mühüm proqram və layihələrdə iştirak etmiş, layiqli tərəfdaş olduğunu sübut etmişdir. Bu işlərin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri vardır.

Konfransda "Müasir dövrün iqtisadi problemləri", "İnformasiya və fəlsəfə", "Ümumbəşəri böhrandan çıxış yolları haqqında: fəlsəfənin verə biləcəyi töhfə", "İKT-nin inkişafı və qloballaşma şəraitində tarixi yaddaş problemləri" və digər mövzularda məruzələr dinlənilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  22 noyabr.- S. 8.