Diasporla İş
üzrə Dövlət Komitəsi bəzi KİV-lərdə
Ukraynada yaşayan azərbaycanlılara
qarşı milli zəmində təzyiqlərin
olduğuna dair əsassız
məlumatların yayılması ilə bağlı
açıqlama yaymışdır
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) son günlər ölkəmizin bəzi kütləvi informasiya vasitələrində Ukraynada yaşayan azərbaycanlılara qarşı milli zəmində təzyiqlərin olduğuna dair əsassız məlumatların yayılması ilə bağlı açıqlama yaymışdır.
Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, qurum rəsmi olaraq Ukraynada azərbaycanlılara qarşı milli zəmində heç bir təzyiqin, təhdidin, yaxud soydaşlarımızın həyatına təhlükə yaradan digər hərəkətlərin baş vermədiyini diqqətə çatdırmışdır. DİDK Azərbaycanın Ukraynadakı səfirliyi, habelə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız ilə müntəzəm əlaqə saxlayır, azərbaycanlıların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə mütəmadi məlumatlar alır. Son günlər bəzi azərbaycanlıların da adının hallandırıldığı kriminal xarakterli hadisələrin milli, irqi, yaxud dini ayrı-seçkiliklə bağlı olduğuna dair iddiaları təsdiqləyən heç bir fakt, yaxud rəsmi məlumat yoxdur.
Bildirilmişdir ki, azərbaycanlıların təhlükəsizliyinə təhdid xarakteri daşıyan etnik ayrı-seçkilik meyillərinin mövcud olduğuna dair KİV-lərdə əksini tapmış məlumatlar həqiqətə uyğun deyildir. Dövlət Komitəsi bütün KİV nümayəndələrini bu cür yoxlanılmamış məlumatlara olduqca diqqətli və ehtiyatlı yanaşmağa çağırır, bir daha diqqətə çatdırır ki, belə informasiyaların yalnız müvafiq dəqiqləşdirilmələrdən sonra yayılması daha məqsədəuyğun olardı. Bu sahədə Dövlət Komitəsi bütün KİV nümayəndələri ilə əməkdaşlığa hazırdır.
Açıqlamada
xüsusi vurğulanmışdır ki, kriminal xarakterli hadisələrin
soydaşlarımıza qarşı milli zəmində təhdidlərin
"sübutu" kimi ictimaiyyətə təqdim olunması
Ukraynada yaşayan azərbaycanlılar arasında təşviş
və narahatlıq yaradır, eyni zamanda, ölkəmizin milli
maraqlarına qətiyyən uyğun deyildir.
Azərbaycan.-2013.- 22 noyabr.- S. 8.