Bakıda «Enerji təhlükəsizliyinə müştərək yanaşma:

 NATO və digər tərəflərin mövqeyi» mövzusunda konfrans keçirilmişdir

 

Noyabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzinin birgə təşkilatçılığı ilə "Enerji təhlükəsizliyinə müştərək yanaşma:

NATO və digər tərəflərin mövqeyi" mövzusunda konfrans keçirilmişdir.

Konfransı açan SAM-ın direktoru Fərhad Məmmədov mövzunun aktuallığından danışmışdır. O demişdir ki,

NATO-nun Çikaqo sammitində enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi əsas strateji hədəflərdən biri seçilmişdir. Azərbaycanda da enerji infrastrukturunun təhlükəsizliyinə xüsusi önəm verilir. Azərbaycanın bu məsələdə zəngin təcrübəsi vardır və bugünkü konfrans həmin təcrübənin mübadiləsi baxımından mühüm əhəmiyyətə malikdir.

NATO-nun Cənubi Qafqaz regionunun əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahu "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycanın Alyans ilə əməkdaşlığının əhəmiyyətindən danışmış, ölkəmizin təşkilat üçün vacib tərəfdaş olduğunu vurğulamışdır.

NATO-nun enerji təhlükəsizlik məsələləri qrupunda enerji təhlükəsizlik şöbəsinin rəhbəri Maykl Röhle "Enerji təhlükəsizliyi üzrə əməkdaşlıq: Cari vəziyyət və perspektivlər" mövzusunda çıxış edərək bildirmişdir ki, enerji təhlükəsizliyi məsələsi müasir mərhələdə NATO siyasətinin prioriteti, Azərbaycan isə bu sahədə Alyansın mühüm tərəfdaşlarından biridir. Diqqətə çatdırılmışdır ki, enerji təhlükəsizliyi yalnız Alyans ölkələrinin enerji tələbatının təminatını deyil, həm də enerji resurslarının təhlükəsiz çatdırılmasını nəzərdə tutur.

Milli Təhlükəsizlik Nazirliyinin enerji infrastrukturunun mühafizəsi şöbəsinin müdiri Cavad Tinayev bildirmişdir ki, nazirlik enerji təhlükəsizliyinin təmin olunması sahəsində bütün strukturlar, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlığa hazırdır. Müxtəlif terror təşkilatlarının enerji infrastrukturuna müdaxilə cəhdləri ilə bağlı olan risklərə diqqəti cəlb edən C.Tinayev bu cür cəhdlərin qarşısının vaxtında alındığını diqqətə çatdırmışdır. O, Azərbaycan ərazilərinin müəyyən hissəsinin işğalı faktının da təhlükə mənbəyi olduğunu, sərhədlərin bir hissəsinin nəzarətsiz qalmasının terror təşkilatlarının fəaliyyəti üçün şərait yaratdığını bildirmişdir.

O demişdir ki, strateji neft-qaz infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində antiterror tədbirlərinin uğurla həyata keçirilməsi ilk növbədə, risklərin qiymətləndirilməsi və idarə olunması üzrə işlərin keyfiyyətindən asılıdır. C.Tinayev əlavə etmişdir ki, Qərb istiqamətində çəkilmiş boru kəmərlərinin bir qismi qoşunların təmas xəttinin yaxınlığında yerləşir və bu da təhlükə mənbələrindən biri kimi qiymətləndirilir.

"NATO ilə Azərbaycanın əməkdaşlığı: Müştərək təhlükəsizlik aspektindən yanaşma" sessiyası ilə davam edən konfransda NATO Enerji Təhlükəsizlik Mərkəzi yanında Strateji Təhlil və Tədqiqat Qrupunun rəhbəri Arunas Molis "Hərbi əməliyyatlar üçün enerji təhlükəsizliyi məsələlərinin həlli" mövzusunda təqdimatla çıxış etmişdir.

"Xəzər qazının Avropaya nəqli: Növbəti mərhələ hansıdır?" mövzusunda sessiya ABŞ-ın Vudro Vilson Mərkəzinin Qlobal Avropa proqramının müşaviri və "Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi, tanınmış ekspert Aleksandros Pitersonun moderatorluğu ilə keçirilmişdir.

A.Piterson Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinin əhəmiyyətindən danışmış, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfənin yüksək qiymətləndirildiyini bildirmişdir.

Konfransda "Xəzər regionunda enerji siyasəti və təhlükəsizlik", "Avropada vacib enerji infrastrukturu: Tədqiqat və problemlər", "Cənub qaz dəhlizinin Cənub-Şərqi Avropaya təsiri" və digər mövzularda məruzələr dinlənilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  22 noyabr.- S. 9.