«Ərazi mübahisələri qloballaşan dünyamız üçün nələr vəd edir?!»

 

Loyola Çikaqo Universitetinin tələbəsi Fərhad Nəcəfovun ABŞ-ın "İnternational Policy Digest" jurnalında yazısı dərc olunub

 

 

Bu günlərdə Loyola Çikaqo Universitetinin Qanunun Aliliyi üzrə magistr proqramının tələbəsi, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin baş koordinatoru Fərhad Nəcəfovun ABŞ-da nəşr olunan "İnternational Policy Digest" (Beynəlxalq Siyasət Jurnalı) jurnalında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı yazısı dərc olunub.

Müəllif məqaləsində Ermənistan prezidenti Serj Sarkisyanın AŞ PA-dakı son çıxışına və ABŞ-dakı erməni lobbisinin bu ölkənin bəzi mətbu orqanlarında antiazərbaycan xarakterli yazılarına cavab verib.

Məqalədə deyilir ki, Ermənistan prezidenti Serj Sarkisyan bu ilin oktyabr ayının 2-də AŞ PA-da etdiyi çıxışında "Dağlıq Qarabağın Avropanın bir parçası olduğunu" söyləyib. Fərhad Nəcəfov məqaləsində qeyd edib ki, bu tip bəyanatlar uzunömürlülükdən məhrumdur. Əgər bu fikir sadə ermənistanlı tərəfindən səsləndirilsəydi, haradasa bu qənaəti sadəlövh və qəbahətsiz düşüncə olaraq qiymətləndirmək olardı. "Məsələ orasındadır ki, bu fikrin siyasi səhihliyə məsuliyyət daşıyan dövlət başçısı tərəfindən səsləndirilməsi insanı təəccübləndirməyə bilmir. Bir tərəfdən Ermənistan dövləti qondarma "Dağlıq Qarabağ Respublikasının" de-yure müstəqilliyini tanımır, digər tərəfdən isə həmin dövlətin başçısı tanımadığı "dövlət"in adından çıxış edir"- deyə müəllif vurğulayıb. Yazıda həmçinin qeyd olunub ki, Ermənistan əhalisi prezident Serj Sarkisyandan ciddi narazıdır. Çünki ölkə rəhbərliyi vətəndaşlarını Dağlıq Qarabağın ərazisində hərbi xidmət keçməyə göndərir.

Müəllif eyni zamanda qeyd edib ki, Azərbaycan tərəfi heç vaxt Dağlıq Qarabağın erməni əsilli əhalisinin hüquqlarını məhdudlaşdıracağı barədə bəyanatla çıxış etməmişdir. Üstəlik, bu prinsipə hörmət bəsləyərək Dağlıq Qarabağın erməni əsilli əhalisini öz vətəndaşları hesab etməklə onların digər Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malik olduqlarını dəfələrlə səsləndirmişdir. Bununla bağlı, hər birimiz Azərbaycan Prezidentinin çoxsaylı bəyanatlarının şahidiyik.

Məqalədə həmçinin vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT TŞ-nin, AŞ PA-nın, Avropa Parlamentinin qətnaməsi ilə vahid qənaət formalaşmışdır. Sadalanan heç bir sənəddə Dağlıq Qarabağın və onun ətrafındakı ərazilərin Ermənistana və ya digər bir təsisata aidiyyəti haqqında müddəa mövcud deyil.

 

Azərbaycan.-2013.-  22 noyabr.- S. 9.