Xəbər Agentliklərinin IV Dünya Konqresi öz işini yekunlaşdırdı

 

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Xəbər Agentliklərinin IV Dünya Konqresi noyabrın 20-də rəsmi hissəsini yekunlaşdırmışdır.

Dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Xəbər Agentliklərinin IV Dünya Konqresinin sonuncu iclasında ərəbdilli televiziyalarda işləyən xəbər redaktorlarının informasiya agentlikləri barədə fikirləri dinlənilmiş, xəbər agentliklərinin qəzetlərin gələcək ehtiyaclarını ödəmək imkanları haqqında fikir mübadiləsi aparılmışdır.

FANA-nın baş katibi doktor Fərid Əyyarın moderatorluğu ilə keçirilən sonuncu panelin üçüncü sessiyasında Səudiyyə Televiziya Yayımı Şirkətinin (SBC) prezidenti Əbdurrəhman bin Əbdüləziz əl-Hazzaa, "BBC World Service"in Yaxın Şərq və Qərbi Asiya ölkələri üzrə departamentinin başçısı Bəhruz Afaq, "Sky News Arabia" kanalının rəhbəri Nart Buran çıxış edərək informasiya agentliklərinin televiziyalar üçün əsas xəbər mənbəyi olaraq qaldığını bildirmiş, xəbərlərin hazırlanmasında obyektivlik, şəffaflıq və konkretlik meyarlarının əsas götürülməsinin vacibliyini vurğulamışlar.

Panel çərçivəsində Böyük Britaniyanın Press Assosieyşn agentliyinin baş icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə keçirilmiş dördüncü sessiya "Yeni fürsətlərdən necə yararlanmalı" mövzusuna həsr edilmişdir. Bu sessiyada çıxış edən natiqlər yeni texnologiyalardan yararlanmaqla xəbər hazırlanması və yayım işinin təkmilləşdirilməsinin, media ilə bağlı yeni kompyuter proqramlarının tətbiqini sürətləndirməyin vacibliyini diqqətə çatdırmışlar.

Sonuncu sessiyaya EANA-nın prezidenti Piter Kropş moderatorluq etmişdir. Bu sessiyada informasiya agentlikləri ilə mətbuat arasında əlaqələrə nəzər salınmış, qəzetlərin dövrün çağırışlarına cavab olaraq kağız nəşrlə yanaşı, internet vasitəsilə elektron yayıma keçməsinin vacibliyi qeyd edilmişdir.

Sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığı Xəbər Agentliyinin baş direktoru Abdullah bin Fəhd əl-Hüseyn Konqresin "Ər-Riyad Bəyannamə"sini təqdim etmiş Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçiriləcəyini elan etmişdir. Bildirilmişdir ki, Bakı Konqresində 2016-2019-cu illər üzrə sədrlik AzərTAc-a keçəcəkdir.

Sessiyada çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov Səudiyyə Ərəbistanı Krallığı Xəbər Agentliyinin baş direktoruna tədbirin yüksək səviyyədə təşkilinə qonaqpərvərliyə görə təşəkkürünü bildirmiş, növbəti konqresin Bakıda keçirilməsi barədə qərarı, Azərbaycanın artan nüfuzuna olan ehtiramın AzərTAc-ın bu nüfuzlu beynəlxalq tədbiri uğurla təşkil edəcəyinə inamın göstəricisi kimi dəyərləndirmişdir. Əmin etmişdir ki, beynəlxalq səviyyəli müxtəlif tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan, Xəbər Agentliklərinin V Dünya Konqresini yüksək səviyyədə keçirəcəkdir. Baş direktor belə mötəbər tədbirlərin medianın qarşılaşdığı problemləri müzakirə edib həll yollarını tapmaqda mühüm rol oynadığını xüsusi vurğulamışdır.

Xəbər Agentliklərinin birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres, dördüncüsü isə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərlərində keçirilmişdir.

 

 

Şıxəli ƏLİYEV,

AzərTAc-ın müxbiri

Ər-Riyad

Azərbaycan.-2013.-  22 noyabr.- S. 11.