Moskvada azərbaycanlı rəssamın sərgisi

 

Rusiyanın paytaxtında M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun əsərlərinin sərgisi açılıb. Sərgidə görkəmli sənətkarın 30-dək əsəri nümayiş olunur. Xalq yazıçısı Anarın Moskvada işıq üzü görən "Dədə Qorqud" povestinin tərtibatında rəssamın istifadə edilmiş qrafika əsərləri də sərgiyə gələnlərin marağına səbəb olub.

Mərasimdə Rusiyadakı səfirliyimizin mədəniyyət məsələləri üzrə müşaviri Nigar Axundova, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli, xalq rəssamı Arif Hüseynov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva, sərginin bədii rəhbəri Yuliya Volodina və başqaları çıxış edərək Toğrul Nərimanbəyovun özünəməxsus rəsm üslubuna malik dünya şöhrətli rəssam olduğundan söz açıblar.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri iştirak ediblər.

 

Azərbaycan.-2013.-  22 noyabr.- S. 12.