Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail Rayon İcra

 Hakimiyyəti binasının əsaslı yenidənqurma işlərindən sonrakı

 vəziyyəti ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakının Səbail Rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Dövlət başçısının tapşırığı ilə son illər paytaxtın sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər, icra edilən müasir infrastruktur layihələri ilə yanaşı, müxtəlif icra strukturlarında çalışan əməkdaşların şəraitinin daha da yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Müasir memarlıq üslubu ilə seçilən Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı şəkildə yenidən qurulması paytaxtın görkəminə xüsusi yaraşıq verir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Binanın girişində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş fotostendlər quraşdırılmışdır. Bildirilmişdir ki, bina əsaslı şəkildə yenidən qurulmuş, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılmışdır. Sovet dövründə rayon partiya və icraiyyə komitələrinin fəaliyyət göstərdiyi binada əsaslı təmir və yenidənqurma işləri nəticəsində əlavə mərtəbə inşa olunmuş, fasad yenilənmişdir. Təmir zamanı bina, ilk növbədə, dəmir-beton konstruksiyalarla möhkəmləndirilmiş, yenidənqurma işlərində keyfiyyətli yerli inşaat materiallarından da istifadə olunmuşdur. Yüksək tələblərə cavab verən işıqlandırma, havalandırma sistemlərinin quraşdırıldığı bina ən müasir avadanlıqla təchiz olunmuşdur.  Binadakı otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulmuş və lazımi texniki vasitələrlə təmin edilmişdir. İnzibati binanın kommunikasiya və rabitə xətləri də yeniləri ilə əvəz olunmuşdur. İş otaqlarının, iclaskonfrans zallarının təmirində dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan keyfiyyətli materiallardan istifadə olunmuşdur. Birinci mərtəbədəki  200 yerlik iclas zalında rayonrespublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılmışdır.

Binaya bitişik 6 mərtəbəli yeni korpusda inşaat işlərinin davam etdirildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, yeni korpusun 2-ci mərtəbəsində ən müasir tələblərə cavab verən yüksək texniki imkanlara malik konfrans zalı yaradılmışdır. Burada vətəndaşlarla onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sakinlər binaya gəlmədən rayon icra hakimiyyətinin nümayəndələri və məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılmışdır. Sistem rayon təsərrüfatının idarə olunmasında artıq ən yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanmışdır. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqqında operativ məlumatlar əldə edilir.

Dövlət başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olmuşdur. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilmişdir.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 23 noyabr.- S.1.