Milli Məclis 2014-cü ilin dövlət büdcəsini təsdiqlədi
Milli
Məclisin dünən keçirilən iclasında 2014-cü
ilin dövlət büdcəsi zərfinə daxil olan - "Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsi
haqqında", "Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun
2014-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında
2014-cü il üçün yaşayış minimumu
haqqında", "Azərbaycan Respublikasında 2014-cü il
üçün ehtiyac meyarının həddi
haqqında" qanun layihələri təsdiqləndi.
İclasda deputatlar "Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında" və "Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında" qanun layihələrinə də müsbət münasibət bildirdilər.
Çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi layihəsi parlamentin komitələrində və plenar iclasında geniş müzakirə olunub. Nazir gələn ilin büdcəsinin balanslaşdırılmış büdcə olduğunu və ölkənin inkişafına xidmət edəcəyini vurğulayıb: "Milli Məclisin iclasında bu məsələ ilə bağlı deputatlar çıxış edərək təkliflər irəli sürüblər. Yüksək vergi potensialına malik olacaq qeyri-neft sahələrinin inkişaf etdirilməsi, vergi borclarının azaldılması, vergidən yayınma hallarının qarşısının alınması, əhalinin maddi rifah halının yüksəldilməsi, ölkənin müdafiə potensialının gücləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələr üçün əlavə vəsaitlərin ayrılması ilə əlaqədar bir çox təkliflər səsləndirilib".
S.Şərifov onu da bildirib ki, müzakirələr zamanı dövlət büdcəsi layihəsinə aidiyyəti olmayan, lakin ölkənin sosial-iqtisadi inkiaşfı üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı fikirlər səsləndirilib. Gələn ilin dövlət büdcəsi layihəsi ilə bağlı təkliflərə 10 gün müddətinə baxılması üçün hökumətə göndərilməsi zamanı bütün təkliflər nəzərdən keçirilib. Nazirin sözlərinə görə, Milli Məclisin maddi-texniki təminatı məsələsinə hökumətdə baxılıb: "Hesab edirik ki, bununla əlaqədar əlavə vəsaitin ayrılması mümkündür. Bu artım dövlət büdcəsinin xərclərinin artırılması hesabına deyil, dövlət büdcəsi xərclərindən müəyyən struktur dəyişikliklərinin edilməsi yolu ilə, yəni, ümumi dövlət xidmətləri maddəsinə 752 min manatın verilməsi yolu ilə öz həllini tapıb".
Siyasi partiyalara ayrılan vəsaitin artırılması məsələsinə də toxunan maliyyə naziri Samir Şərifov deyib: "Müzakirələr zamanı fikirlər səsləndirilmişdi ki, qanunda nəzərdə tutulan bölgüyə uyğun olaraq büdcədən ayrılan vəsaitin 10 faizi hər il qalır, yəni, işlənmir. Buna görə də qanuna müvafiq dəyişikliklər edilməklə ilin sonuna kimi 10 faiz qənaət edilmiş bölüşdürülməyən vəsait gələn ilin büdcəsinə daxil edilə bilər. Bunun nəticəsində də hər il bu qənaətdən əlavə gəlir kimi istifadə edə bilərlər. Lakin siyasi partiyalarla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir".
Maliyyə nazirinin çıxışından sonra büdcə zərfinə daxil olan bütün sənədlər təsdiqləndi.
Sonra iclasda "Heydər Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında" və "Vüqar Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında" qərar qəbul edildi (qərar qəzetdə dərc olunub). Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Hesablama Palatasının yaranma tarixi və fəaliyyəti haqqında məlumat verdi. Qurumun yeni sədri ilə bağlı məlumat verərək qeyd etdi ki, Vüqar Gülməmmədov bu günə qədər Hesablama Palatası Aparatının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. 2007-ci ildən Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyən V.Gülməmmədov Palatanın yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Prezidentinin 2011-ci il 31 oktyabr tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Bu məlumatdan sonra hər iki sənəd deputatlar tərəfindən təsdiqləndi.
İclasda "İctimai iştirakçılıq haqqında" qanun layihəsi də üçüncü oxunuşda qəbul edildi. "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya"ya düzəlişlərin təsdiq edilməsi haqqında" qanun layihəsi də təsdiqləndi.
Müzakirələr zamanı çıxış edən deputat Siyavuş Novruzov bildirdi ki, Araz çayı Ermənistan tərəfindən kimyəvi materiallarla çirkləndirilir: "Kür çayı ilə bağlı da bunu deyə bilərik. Artıq bu konvensiyadan istifadə edə bilərik. Hamı şahiddir ki, ermənilər tərəfindən çaya axıdılan partlayıcı maddələr Azərbaycanda bir balaca uşağın ölümünə səbəb oldu. Ermənistan bu konvensiyanın üzvüdür və ona əməl etməlidir. Sərhəd rayonlarında suvarma üçün Ermənistandan gələn suyun qarşısı alınır. Buna da diqqət etmək lazımdır". Spiker Oqtay Əsədov bildirdi ki, Ermənistan bu konvensiyaya 2013-cü ildə üzv olub. Ona görə də bu məsələni indi qaldırmaq olar.
Milli Məclis həmçinin "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də təsdiqlədi.
İclasda "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihələrinə edilən dəyişikliklər barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişikliklər hüquqi şəxslərlə bağlı dövlət qeydiyyatı, qeydiyyatın müddəti və cərimələrlə bağlıdır. Müzakirələrdə çıxış edən deputatlar Zahid Oruc, Fuad Muradov, Qüdrət Həsənquliyev bildirdilər ki, bu dəyişikliklərdən sonra qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınması asanlaşa bilər. Hər üç sənəd səsə qoyularaq qəbul edildi.
İclasda həmçinin "Patent haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri təsdiqləndi.
Deputatlar
"Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi
adlandırılması haqqında" və "Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişikliklər edilməsi barədə
qanun layihələrini müsbət qiymətləndirdilər.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 23 noyabr.- S.2.