Akademik Ramiz Mehdiyevin «Azərbaycanı dəyişmiş

on il (2003-2013)» kitabının müzakirəsi keçirilmişdir

 

Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin respublikamızın son illərdəki inkişafından bəhs edən "Azərbaycanı dəyişmiş on il (2003-2013)" kitabının müzakirəsi keçirilmişdir.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin yeni kitabının çox böyük əhəmiyyətə malik olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə əldə olunan uğurlar dərindən və hərtərəfli təhlil olunur, Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, respublikamızın innovativ modernləşmə mərhələsinə keçidindən, uğurlu və davamlı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində elmi cəhətdən əsaslandırılmış strategiyadan söhbət açılır.

Akademik Ramiz Mehdiyevin kitabının son 10 ildə Azərbaycanda yürüdülən siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan irəliləyişlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri, ölkənin elmi tərəqqiyə söykənən inkişaf tempi, forumlar platformasının mahiyyəti barədə dəyərli mənbə olduğunu qeyd edən rektor, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalqın müdrik seçiminin ölkəmizin hər bir sahədə inkişafına yeni müsbət impuls verdiyini vurğulamış və dövlət başçısı İlham Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycanın daha böyük uğurlar qazanacağına əminliyini ifadə etmişdir.

Əsərin müzakirəsində akademiyanın I tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, Siyasi Araşdırmalar İnstitutunun müdiri, professor Elman Nəsirov, DİA-nın kafedra müdiri, professor Nigar Ələkbərova, dosent Elçin Əhmədov və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin daim cəmiyyəti düşündürən, aktuallığı ilə seçilən problemlərə və mövzulara müraciət etdiyini diqqətə çatdırmışlar. Çıxışlarda kitabın ölkənin son 10 ildə keçdiyi inkişaf mərhələlərinin öyrənilməsində, hərtərəfli tədqiqində xüsusi əhəmiyyət kəsb etdiyi, respublikanın idarə olunmasında, böyük iqtisadi inkişafdabu inkişafın sosialyönümlülüyündə Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edilmişdir.

Alimlər ciddi mənbələrə və zəngin faktlara əsaslanan əsərin, eyni zamanda, elmi ictimaiyyət, mütəxəssislər üçün çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamət olduğunu bildirmişlər.

Tədbirdə kitabın Dövlət İdarəçilik Akademiyasında daha dərindən öyrənilməsi və son 10 ildə ölkənin inkişaf mərhələlərini tədqiq etmək istiqamətində elmi yanaşmanın əsaslandırılması, əldə edilən nəticələrin tədrisinin vacib olduğu diqqətə çatdırılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  23 noyabr.- S.3.