Nazir Əli ABBASOV: «İTU Telecom World-2013» sərgi-konfransı Azərbaycan şirkətlərinin yeni bazarlara çıxış imkanlarının öyrənilməsi baxımından yaxşı fürsətdir

 

Xəbər verdiyimiz kimi, noyabrın 19-da Tailandın paytaxtı Banqkokda işə başlayan Beynəlxalq Telekommunikasiya İttifaqının "İTU Telecom World-2013" sərgi-konfransı başa çatmışdır.

Dünyada telekommunikasiya sahəsində ən böyük sərgi-konfranslardan hesab olunan bu tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinin tərkibinə ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir. Sərginin davam etdiyi günlərdə ölkəmizdə İKT sahəsində qazanılan uğurları, həyata keçirilən layihələri və perspektiv planları əks etdirən 156 kvadratmetr ölçüdə milli pavilyonumuz fəaliyyət göstərmişdir. Pavilyonu ziyarət edənlərə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən "Azerspace", Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), "Elektron hökumət" həlləri, "Dilmanc" layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan "3G" və "4G" xidmətləri, eyni zamanda, ölkədə elmtexnologiyalar sahəsində ən son nailiyyətlər barədə məlumat verilmişdir.

Konfrans çərçivəsində nazirlər səviyyəsində "dəyirmi masa" keçirilmişdir. Bundan başqa, Azərbaycan nümayəndə heyətinin üzvləri "Məlumatlar dalğasında", "Tənzimləmənin konvergensiyası", "Şəbəkənin virtuallaşdırılması" və s. mövzularda bölmə iclaslarında iştirak etmişlər. Tədbir zamanı "Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi", "Rəqəmli dünyada vətəndaşların şəxsi həyatının təhlükəsizliyinin təmin edilməsi", "21-ci əsrdə İKT-nin təhsil sahəsində əhəmiyyəti",  "Bulud mobil şəbəkələr", "Birgə qlobal standartların hazırlanması" və digər mövzular ətrafında müzakirələr təşkil olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin rəhbəri nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture, Tailandın informasiyakommunikasiya texnologiyaları naziri Anudit Nakorntap, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzay Sangin, İranın rabitə naziri Mahmud Vazizi, habelə Dominikan Respublikasının, Uqandanın müvafiq nazirliklərinin rəhbər şəxsləri ilə görüşmüşdür. Görüşlərdə tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları müzakirə olundu, qarşı tərəf dekabrda paytaxtımızda keçiriləcək "BAKUTEL" sərgisinə dəvət olunmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "İTU Telecom World" sərgi-konfransını AzərTAc-a şərh edərkən bildirmişdir ki, müzakirələrdə və görüşlərdə Azərbaycanın regional layihələrinə böyük maraq göstərilmişdir. Bundan başqa, sərgi-konfrans Azərbaycan şirkətlərinin yeni bazarlara, xüsusən də Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrinə çıxış imkanlarının öyrənilməsi üçün yaxşı fürsət olmuşdur.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Banqkok

Azərbaycan.-2013.-  23 noyabr.- S.3.