Nəqliyyat naziri Sumqayıtda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş cədvələ uyğun olaraq noyabrın 22-də nəqliyyat naziri Ziya Məmmədov Sumqayıtda vətəndaşları qəbul etmişdir. Qəbulda Abşeron və Xızı rayonlarının, həmçinin Sumqayıt şəhərinin sakinləri iştirak etmişlər.

AzərTAc  xəbər verir ki, qəbulda 30-dək sakin iştirak etmişdir. Nazir müraciət edən bütün vətəndaşların arzu  istəklərini dinləyib, onların problemlərinin həlli üçün müvafiq tapşırıqlar vermişdir. Görüşdə vətəndaşların müraciətlərinin əsas hissəsi nəqliyyat infrastrukturunda çalışan mütəxəssislərin sosial problemlərinin həlli, bir hissəsi bu sahədə ixtisası olan mütəxəssislərin işlə təmin olunmaları, digər hissəsi isə Sumqayıt şəhərində yeni marşrutların açılması, şəhərətrafı yollarda müvafiq infrastrukturun yaxşılaşdırılması ilə bağlı olmuşdur. Nazir Ziya Məmmədov hər bir vətəndaşın probleminə həssaslıqla yanaşmağın vacibliyini vurğulamış və müraciətlərin hamısının öz həllini tapması üçün nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.

Nəqliyyat naziri  sakinlərlə  görüşündə bildirmişdir ki, Sumqayıtda, Abşeron və Xızı rayonlarında nəqliyyat infrastrukturu ilə bağlı sakinləri narahat edən  məsələlərə daim diqqət göstəriləcək, bu sahədə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların uğurla icra olunması üçün lazımi tədbirlər görüləcəkdir.

Qəbula gələn sakinlər ölkəmizdə nəqliyyat infrastrukturunun son illər daha da yaxşılaşdırılması, yeni yolların salınması, əhaliyə nəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi  sahəsində əldə olunan müsbət nəticələrə, onlara göstərilən bu qayğı və diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.-  23 noyabr.- S.5.